Yeni
gəmilərin tikintisi və donanmaların yenilənməsi
Prezident İlham Əliyevin xüsusi nəzarətindədir
Martın
1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
və birinci xanım Mehriban Əliyeva Bakı gəmiqayırma
zavodunda “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin
suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin
istismara verilməsi mərasimlərində iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva əvvəlcə “Akademik Zərifə
Əliyeva” gəmi-bərəsinin suya salınması mərasimində
iştirak etdilər.
Məlumat
verildi ki, “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsi
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı
Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma
zavodunda inşa olunub.
Prezident
İlham Əliyev “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin
suya salınmasını bildirən düyməni basdı.
Birinci
xanım Mehriban Əliyeva gəminin suya salınmasını
bildirən rəmzi lenti kəsdi.
Qeyd
edək ki, yeni gəmilərin tikintisi və donanmaların
yenilənməsi Prezident İlham Əliyevin xüsusi nəzarətindədir
və bu istiqamətdə atılan addımlar Gəmiçiliyin
Strateji İnkişaf Planına uyğun həyata
keçirilir. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC yaradılan vaxtdan bu günədək keçən 7 il ərzində
18 yeni gəmi istismara verilib. Son bir ilin pandemiya şəraitində
keçdiyini nəzərə alsaq, dövlətimizin
başçısının davamlı inkişafa yönələn
iqtisadi strategiyasının miqyası daha aydın nəzərə
çarpar.
X X X
Sonra
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
“Ro-Pax” tipli “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi
mərasimində iştirak etdilər.
Dövlətimizin
başçısına və birinci xanıma “Azərbaycan” gəmi-bərəsi
barədə məlumat verildi. Bildirildi ki, nadirliyi ilə
seçilən bu layihə çərçivəsində
ilk dəfə Xəzərdə yeni “Ro-Pax” tipli gəmi-bərələr
istismara veriləcək.
Prezident
İlham Əliyev gəmi-bərənin istismara verilməsini
bildirən düyməni basdı.
Diqqətə
çatdırıldı ki, istismara verilən gəmi-bərə
sərnişin, avtomobil və dəmir yolu vaqonları
daşıyacaq. Bildirildi ki, 2013-cü ildən bəri donanmanın
yenilənməsi istiqamətində aparılan işlər nəticəsində
18 yeni gəmi alınaraq istismara verilib.
Xatırladaq
ki, bu gəmilərin hazırlanması əsasən Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyinin fəaliyyətindən
əldə etdiyi mənfəət hesabına maliyyələşir.
Bununla da yerli bazara sərmayə yatırılmaqla, səhmdarı
dövlət olan müəssisə kimi Azərbaycanda yerli gəmi
tikintisi sənayesinin inkişafına və yeni iş yerlərinin
yaranmasına töhfə verilir.
“Ro-Pax”
tipli gəmilərin uzunluğu təxminən 155 metr, eni 18
metr, bortunun hündürlüyü isə 7,5 metrdir. Yükgötürmə
qabiliyyətinə görə Xəzərdə hazırda
mövcud bərələrdən böyükdür və 100
nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50
yük avtomobili/TIR daşımaq imkanına malikdir. Hazırda
Azərbaycan ərazisindən tranzit keçən avtotexnika və
vaqonların Xəzər dənizində
daşınmasını ümumilikdə 13 bərə və
6 Ro-Ro tipli gəmilər həyata keçirir. Onların
hamısı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-nin donanmasına məxsusdur və QSC bu gün Xəzərdə
yeganə bərə operatorudur. Beləliklə, “Ro-Pax” tipli gəmi-bərələrin
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə
yükdaşıma zəncirinin mühüm həlqəsi
olmaqla, Xəzərin şərq və qərb sahillərindəki
dəmir yollarını dəniz üzərində birləşdirəcəyi,
Azərbaycanın coğrafi mövqeyindən və tranzit
potensialından daha səmərəli istifadəyə xidmət
edəcəyi proqnozlaşdırılır.
Azərbaycan.-2021.- 2 mart.- S.1-2.