Paşinyan referenduma gedir
Baş nazir hərbi xuntanı zərərsizləşdirir
Nikol Paşinyanın Onik
Qasparyanın ordunun baş qərargah rəisi vəzifəsindən
azad edilməsi barədə prezidentə göndərdiyi vəsatət
Ermənistanda yeni siyasi gərginlik yaradıb. Bundan sonra Armen Sarkisyanın vəsatəti
geri göndərməsi,
baş nazirin isə qərarından əl çəkməməsi
siyasi böhranı kritik həddə çatdırıb.
Prezidentə təzyiqlər artır
İndi prezident Paşinyanın
yenidən göndərdiyi
vəsatəti 3 gün
ərzində ya təsdiq etməli, ya da konstitusiya
məhkəməsinə müraciət
etməlidir. Əks halda
Paşinyanın imzaladığı
sərəncam layihəsi
avtomatik qüvvəyə
minəcək.
Görünən odur ki, hakimiyyət
çevrilişinə cəhddə
ittiham olunan baş qərargah rəisi ilə bağlı təqdimatı
geri qaytarması, təhlükəsizlik şurasının
sonuncu iclasında iştirak etməməsi Ermənistan prezidentini qiyamın iştirakçısına
çevirir. Yəni atdığı son addımlarla A.Sarkisyan da hüquqi-psixoloji cəhətdən özünü
hakimiyyət çevrilişi
cəhdlərinə bulaşdırmış
oldu. Ona görə Paşinyan
hakimiyyətdə qalarsa,
prezident üçün
daha ağır günlər də başlaya bilər.
Dünən isə Paşinyan
səhhətində problemlər
olan A.Sarkisyanın evinə gedərək onu bu yolla
ələ almağa çalışıb. Prezident isə
onun tələbini yerinə yetirməyib və tərəflər arasında fikir ayrılıqları hələ
də qalır.
Paşinyanın tərəfdarları isə
vəsatəti imzalaması
üçün prezidentə
təzyiq edir. Belə ki,
“Mənim addımım”
fraksiyasından olan deputat Vaaqn Ovakimyan
Armen Sarkisyana impiçment tətbiq olunacağını istisna
etməyib. Bildirib
ki, indiki halda A.Sarkisyan öz səlahiyyətlərini
özbaşına həyata
keçirib, bu, ölkədə sabitliyin pozulmasına gətirə
və dövlət təhlükəsizliyini təhlükə
altında qoya bilər: “Ən emosional təsəvvürə
sahib olan insan belə bu prosesdə
heç bir antikonstitusion element görə
bilməz. Biz, əslində, prezidentin səlahiyyətlərindən özbaşına
istifadəni görürük.
Prezidentin səlahiyyətlərini
özbaşına həyata
keçirməsi dövlət
təhlükəsizliyini təhlükə
altına ala və vəziyyətin qeyri-sabitləşməsinə
səbəb ola
bilər. Konstitusiyanın 141-ci maddəsinin kobud şəkildə pozulmasını əsas götürərək prezidentin
impiçment prosesinə
başlamaq olar”.
Ermənistan təhlükəsizlik şurası
ordunun siyasi proseslərə cəlb edilməsi cəhdlərini
qınayan və prezidenti baş qərargah rəisinin istefaya göndərilməsi
ilə bağlı sənədi imzalamağa çağıran bəyanat
yayıb. Qeyd olunub ki, konstitusiya silahlı qüvvələrin mülki
nəzarətdə olduğunu
müəyyənləşdirir və onların siyasi proseslərə cəlb olunmasını qadağan edir. Qanuna görə, hökumət
başçısı öz
mülahizəsinə əsasən
baş qərargah rəisinin vəzifəsindən
kənarlaşdırılması barədə vəsatət
qaldırır. Prezident isə,
öz növbəsində,
konstitusiyaya əməl
olunmasına nəzarət
edən ən vacib qurumun rəhbəri
olaraq adekvat yanaşma göstərmək
öhdəliyi daşıyır.
“Təhlükəsizlik şurası
yuxarıda göstərilənlərə
əsaslanaraq, prezidenti
baş qərargah rəisinin vəzifəsindən
kənarlaşdırılması və müvafiq bir fərman imzalaması ilə bağlı vəsatətini
təmin etməyə
çağırır”, - deyə
bəyanatda qeyd olunub.
Müxalifət impiçmentə qarşı
çıxır
Parlamentdəki müxalif “Maariflənmiş
Ermənistan” fraksiyasının
lideri Edmon Marukyan “Facebook” səhifəsində həmkarı
Vaaqn Ovakimyanın ölkə prezidentinin impiçment ehtimalı ilə bağlı açıqlamasına münasibət
bildirərkən yazıb
ki, Ermənistanın hazırkı hakimiyyəti
heç kimlə ortaq dil tapmağa
çalışmır və
vəziyyəti həll
etmək üçün
addım atmır. “Hər kəslə
dil və bu böhrandan çıxmaq üçün
həll yolu tapmaq əvəzinə hökumət prezidentə
impiçment üçün
əsasların olduğunu
bəyan edir. Bənzər
bir prosesin parlamentdə başladıldığını
təsəvvür edirsiniz?
Özünüzü məhv
etmənin son nöqtəsinə
çatmaq istəyirsinizsə,
bunu edin”, - deyə müxalif deputat Marukyan bildirib.
Deputat həmçinin
qeyd edib ki, əgər Ermənistan parlamentinin
hakim fraksiyasının deputatları
konstitusiya məhkəməsinin
razılığını almasalar və üçdəiki səs
toplamasalar, prezidentin impiçmenti prosedurunu reallaşdıra bilməyəcəklər. İmpiçment üçün “Mənim
addımım” blokuna
88 səs (hazırda blokda 83 səs var) lazımdır. Bir sıra müstəqil deputatlar da var
ki, onların da mövqeyi bəlli deyil. İmpiçment prezident institutuna
birbaşa təhdiddir.
Bu proses hakim qüvvə
üçün siyasi
sui-qəsd olacaq”.
Bu arada Ermənistan
silahlı qüvvələrinin
baş qərargah rəisinin sabiq müavini, general-leytenant Aykaz Baqmanyan da qiyamçıların tərəfinə keçdiyini
bəyan edib. O, baş
qərargahın Nikol Paşinyanı və hökuməti istefaya çağıran bəyanatına
qoşulub. “Mən
hesab etmirəm ki, silahlı qüvvələr bu bəyanatı düşünmədən
verib. Mən düşünürəm ki,
onlar ciddi qərar qəbul ediblər və bu bəyanata qoşularaq onu müdafiə edirəm”, -
deyə general-leytenant
bildirib. Daha sonra Baqmanyan əlavə edib: “Məğlub ölkənin
lideri postunda qala bilməz, 10 noyabrda o, istefaya getməli idi. İndi o, “1 mart”ı təkrarlamaq istəyir, hansı ki, 2008-ci ildə baş vermişdi - güllələnmə, yanan
maşınlar və
s”. - deyə qiyamçı
general bildirib.
Dünən Ermənistanın sabiq prezidenti Levon-Ter Petrosyanın rəhbərlik
etdiyi Erməni Milli Konqresinin təşkilatçılığı ilə mitinq keçirilib. İştirakçılar 2008-ci ilin 1 mart tarixində
öldürülən şəxsləri
yad ediblər.
Xatırladaq ki, 2008-ci il martın 1-də keçirilən aksiya iştirakçıları Serj
Sarkisyanın prezident seçilməsinə etiraz
ediblər. Yerevanda polislə aksiya
iştirakçıları arasında baş vermiş toqquşma nəticəsində azı
8 nəfər etirazçı
qətlə yetirilib, daxili qoşunların 2 əməkdaşı ölüb.
Baş verənlərlə bağlı
indiyədək cinayət
işi açılmayıb
və insanların qətlinə görə heç kəs cəzalandırılmayıb.
Ermənistanın baş naziri Nikol Paşinyan vəzifəyə gəldikdən
sonra mart hadisələrinin
istintaqına dair göstəriş verib. Nəticədə
xüsusi istintaq qrupu yaradılıb və 2008-ci il
fevralın 23-dən martın
2-nə qədər vəzifədə
olmuş müdafiə
naziri və digər rəsmilərə
qarşı cinayət
işi qaldırılıb.
Paşinyan Serj Sarkisyanı
ordunu təhrik etməkdə günahlandırdı
Dünən isə baş nazir Yerevanın Respublika meydanında, müxalifətin “Vətəni
xilas hərəkatı”
isə Baqramyan prospektində mitinq keçiriblər.
Nikol Paşinyan mitinqdə çıxış edərək erməni xalqından buraxdığı kobud səhvlərə də görə üzr istəyib. Bildirib ki, son 10 ayda hökuməti hər cür səhvlər buraxıb. Buna görə erməni xalqından üzr istəyir. On minlərlə də insanın iştirak etdiyi mitinq çox izdihamlı keçib. Tərəfdarlar “Xilaskar, Nikol!”, “Hər zaman səninləyik, Nikol!” şüarları səsləndiriblər.
Baş nazir oktyabrda ölkədə yeni referendum keçiriləcəyinin də anonsunu verib. Deyib ki, referendum ölkəni yenidən prezident respublikası formasına qaytarmaq üçün təşkil olunacaq. Hökumət rəhbəri müxalifətin müvafiq memorandum imzalayacağı təqdirdə növbədənkənar seçkilərə getməyə hazır olduğunu da əlavə edib. “Gəlin seçkiyə gedək və baxaq, xalq kiminlədir”, - deyə o söyləyib.
Paşinyan keçmiş prezident Serj Sarkisyanı ordunu təhrik etməkdə günahlandıraraq deyib ki, 2008-ci ilin martında xalqa qarşı ordunu yeridən keçmiş prezident indi də bunu etməyə çalışır: “Bu insanlar ordunu xalqa və hökumətə qarşı yönəltməyə çalışırlar. Əks təqdirdə baş qərargahın açıqlamasını izah edə bilmərəm”.
Müxalifətin təşkil etdiyi mitinq isə çox sönük keçib. Baş nazirin əleyhdarları hökumət binasına soxulublar. Müxalifətçilər birinci mərtəbədəki foyedə mitinq keçirərək nazirliklərin işçilərini Paşinyan tərəfdarlarının mitinqlərində iştirak etməməyə çağırıblar. Bundan sonra onlar Paşinyanın istefasını tələb edən şüarlar səsləndirərək binanı tərk ediblər.
Göründüyü kimi, Ermənistanda siyasi vəziyyət ağır olaraq qalır. Baş nazirlə prezident və ordu arasında münasibətlər gərginləşməkdə davam edir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 2 mart.- S.1;7.