Qlobal bəlaya qarşı uğurlu mübarizə

 

Peyvəndləmə prosesi mərhələli şəkildə davam edir

 

 

Azərbaycanda koronavirus infeksiyasına qarşı hərtərəfli mübarizə aparılır. Pandemiyanın ilk zamanlarından etibarən vəziyyətin  nəzarətdə saxlanılması, görülən kompleks tədbirlər, mərhələli şəkildə həyata keçirilən sərtləşdirilmə və ya  yumşaldılma tədbirləri müsbət nəticəsini verir. Elə buna görədir ki, ölkəmizdə COVID-19-a yoluxma səviyyəsi nəzarətolunan həddə saxlanılıb, sərt karantin rejimi çərçivəsində bir çox yumşaldılmalar edilib.

Yanvarın 18-dən etibarən bir çox yerlərinin fəaliyyəti, fevral ayının 1-dən isə təhsil müəssisələrində mərhələli şəkildə əyani tədris bərpa edilib.

Azərbaycan koronavirusa qarşı peyvəndləməyə erkən başlayan ölkələr sırasındadır.  Belə ki, yanvar ayının 18-dən ölkədə vaksinasiyaya start verilib. İlkin mərhələdə tibb işçiləri, növbəti mərhələlərdə isə əhalinin risk qrupuna daxil olan yaşlı təbəqəsi və yaşı 50-dən yuxarı olan insanların peyvəndlənməsi təmin olunub. Vaksinasiya könüllülük prinsipi ilə və dövlət hesabına həyata keçirilir. Ölkəmizdə ÇininSinoVac” şirkətinin istehsal etdiyiCoronoVAC” vaksinindən istifadə olunur.

Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda COVID-19 infeksiyası əleyhinə vaksinasiya ilə əhatə olunan əhali qrupları sosialtibbi cəhətdən yüksək risk qrupu olaraq ayrılır.

Sosial cəhətdən yüksək risk qrupuna səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi qulluqçular, təhsil sahəsində və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, “ASAN xidmət”, DOST mərkəzlərində, ictimai nəqliyyat sektorunda, telekommunikasiya operatorları və provayderləri, poçt sahəsində, bank sektorunda birbaşa əhali ilə təmasda olan işçilər aiddirlər.

Tibbi cəhətdən yüksək risk qrupuna yaşı 65-dən yuxarı olan, yəni yaşlı əhali, tənəffüs sisteminin xroniki xəstəlikləri, xroniki hemodializ xəstələri, II tip şəkərli diabetdən əziyyət çəkən 50 yaşdan yuxarı əhali, 18 yaşından yuxarı piylənmədən əziyyət çəkənlər aiddirlər.

Strategiyanın əsas məqsədi ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxmaölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaqdan, infeksiyanın ötürülməsini məhdudlaşdırmaqdan, ölüm halının qarşısını almaq və nəticədə səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir.

Mütəxəssislərin də söylədiyi kimi, vaksinasiya mərhələsində də COVID-19-dan maksimum qorunmaq, pandemiya şərtlərinə əməl etmək lazımdır.

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov qeyd edib ki, COVID-19 infeksion xəstəliklərdən biridir: “Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuzya müxtəlif əlamətlərlə yüngülya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır”.

Onun sözlərinə görə, digər infeksion xəstəliklərdə olduğu kimi, bu xəstəlik zamanı da anadangəlmə immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir. Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən də bu, ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immuniteti gücləndirməklə yanaşı, vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır.

Baş infeksionist immun sistemini qorumağa və gücləndirməyə kömək edəcək tövsiyələri də açıqlayıb: “İllik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın. Qida maddələrinin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin, normal gecə yuxusunu təmin edin. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır. Yaxşı əhvali-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immunitetimiz sinirhormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.

COVID-19 təhlükəli bəladır, amma ondan qorunmaq da mümkündür. Yetər ki, qoyulan tələblərə, verilən tövsiyələrə etinasız yanaşılmasın, sadə gigiyenik qaydalara riayət edilsin. Maska taxmaqla, sosial məsafəni saxlamaqla, sağlam həyat tərzi keçirməklə qorunmaqimmuniteti gücləndirmək olar.

 

 Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 2 mart.- S.1;7.