“Özünü
oda-közə vuran” ana
Xocalı soyqırımında anası, bacısı, bacısının altı yaşlı oğlu, qardaşı şəhid olmuş Nəzakət adlı bir ana da var. Ürəyi Xocalı yarası ilə göynəyən Nəzakət xanım Vətən müharibəsində yüzlərlə əsgərimizə ana əvəzi olub. Yol kənarında dolanışıq üçün təndir çörəyi bişirən Nəzakət Salmanovanı deyirəm.
Sözün əsl mənasında “özünü oda vuraraq” bişirdiyi isti çörəklərini, yeməklərini əsgərlərimizə paylayıb. Səhhəti onu narahat etsə də, müharibə dövründə ordumuzun qələbələrindən ruhlanan ananın ağrı-acısı azalıb, hətta yoxa çıxıb. Əlləri çörək qoxulu ana ömür-gün yoldaşı Ziyəddinlə birlikdə əsl vətəndaşlıq nümunəsi göstərərək arxa cəbhənin dayaqlarından olublar. Goranboy rayonunun Meşəli qəsəbəsində müvəqqəti məskunlaşan arxa cəbhənin qəhrəman ailələrindən biri ilə görüş zamanı Xocalı soyqırımının müsibətlərindən və müzəffər ordumuzun şanlı döyüş günlərində xalq-ordu birliyindən danışdıq.
Xatırladım ki, Salmanova Nəzakət Seydulla qızı 1971-ci ilin güllü-çiçəkli, bəxtəvərli, yaddaqalan bir tarixdə - 1 mayda Xocalı rayonunun Həsənabad kəndində anadan olub. 1989-cu ildə ermənilərin Həsənabada basqınından sonra ailəsi ilə birgə Xocalıya köçüb. 1990-cı ildə Meşəli kənd sakini Ziyəddin Salmanovla ailə həyatı quraraq Meşəli kəndinin gəlini olub. Meşəli kəndinə ermənilər hücum edən zaman yoldaşı onu Xocalıya - ata ocağına gətirib. Lakin Xocalıda da ermənilər dinc əhalini rahat yaşamağa qoymadılar. Vəziyyətin gündən-günə pisləşdiyini görən Ziyəddin hamilə yoldaşını həkim dərdindən axırıncı vertolyotla Ağdama göndərib. Ağdama pənah apardıqdan bir ay sonra gənc ailənin bir oğul övladı olub. Övladlarının adını Emin qoyublar. Ancaq altı aydan sonra hələ ana bətnində ikən Xocalı dəhşətlərini duyan Emini həyatda saxlamaq mümkün olmayıb. Nəzakət Salmanova anasının, bacı-qardaşının, doğmalarının itirməyinin ağrı-acısı ilə dəhşətli günlər yaşayıb...
Xocalı soyqırımında onun anası Roza Mahmudova, bacısı Dilarə Əzimova, bacısının altı yaşlı oğlu Natiq, qardaşı Akif şəhid olublar. İki oğul atası olan qardaşı Akif Xocalıda tikinti-quraşdırma idarəsində qaynaqçı işləyirdi. Balaca Natiqin başına gələn faciədən xəbəri yox idi. Naxçıvanik kəndi ətrafında erməni quldurları onu anası Dilarə ilə birlikdə qətlə yetirdilər. Cəsədi 23 gündən sonra gətirilib Ağdamdakı Şəhidlər xiyabanında torpağa tapşırıldı. Nəzakətin qardaşı Nəsib isə girov aparıldı. O, Xocalı özünümüdafiə batalyonuna yazılmışdı. Nəsib soyqırımı axşamı camaatın şəhərdən çıxarılmasına kömək edirmiş. Yaralanmış anasını Qaraqayaya qədər gətirdikdən sonra bacısının, qardaşının köməyinə qayıdır. Əsgəranın qarşısını kəsən ermənilər onu da Xankəndidən gələn Vidadi, Valeh, Mirzə Allahverdiyev və başqaları ilə birlikdə əsir götürüblər. Əsir götürülən zaman Nəsib əlinin baş barmağından yaralı olub. Erməni quldurları Vidadi ilə Nəsibin başlarını kəsmək məqsədilə erməni qəbirinin üstünə aparıblar. Vidadinin başını orada kəsiblər. Nəsib özü yaralı olduğu üçün ermənilər deyiblər ki, bundan qurban olmaz.
Nəsib 28 gün ağlasığmaz işgəncələr çəkdikdən sonra erməni əsirliyindən azad edilib. Allahverdi Bağırov Nəsibin böyük qardaşı Akiflə dost olduğu üçün onu özü əsirlikdən gətirib.
Ziyəddin Salmanov Meşəli kəndinin işğalından sonra da torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə qatılıb...
Vətən müharibəsində xalqımız mübarizliyini, döyüşkənliyini düşmənə və bütün dünyaya göstərdi. Şanlı Azərbaycan Ordusunun arxasında qüdrətli xalqımızın olduğunu gördükcə daha da əzmlə, yüksək döyüş ruhu ilə irəli atıldı. Salmanovlar ailəsi də böyük qələbəmizə öz töhfəsini arxa cəbhədəki fədakarlıqları ilə verdi. Onlar tarixə yazıldılar...
Qalib QULİYEV,
Xocalı Rayon İcra Hakimiyyəti
yanında İctimai Şuranın sədri
Azərbaycan.-2021.- 2 mart.- S.5.