“Xocalının səsi” 29 ildir ki, xocalılıların müsibətlərini ictimaiyyətə çatdırır

 

Xocalıya ədalət!” şüarı altında nəşr edilən “Xocalının səsi” qəzetinin ilk sayı 9 iyul 1991-ci ildə işıq üzü görüb. Düşmən tərəfi həmin ərəfələrdə işğal planları hazırlayırdı. Rayonun rəsmi mətbuat orqanı olan “Xocalının səsi” elə həmin dövrlərdən başlayaraq, real hadisələri olduğu kimi oxucularına çatdırmağa çalışırdı.

Qəzetin baş redaktoru Qalib Bəyməmmədoğlu deyir ki, rəhbəri olduğu mətbuat orqanı hazırda 8 səhifə, 600 tirajla nəşr edilir: “Burada yer alan yazılar sosial şəbəkə hesablarında və xocalininsesi.info saytı vasitəsilə geniş oxucu auditoriyasına çatdırılır. Qəzetin səhifələrində Qarabağ müharibəsinə, erməni vəhşiliklərinə, Xocalı soyqırımına aid mövzularla yanaşı, ümumrayon tədbirləri, respublikada baş verən əlamətdar hadisələr və ölkə Prezidentinin apardığı uğurlu siyasət öz əksini tapır”.

“Xocalının səsi” fəaliyyətini bir çox mövzular üzrə davam etdirir: müstəqil dövlətimizin və onun başçısının apardığı daxilixarici siyasətə sadiqlik, Qarabağ müharibəsinin əsl mahiyyətini açıqlamaq, xalqımızın mübariz əhvali-ruhiyyəsini, monolit birliyini təbliğ etmək, respublikamızda və xocalılıların yığcam şəkildə yaşadığı, daha çox məskunlaşdıqları ərazilərdə baş verən mühüm yenilikləri geniş oxuculara çatdırmaq, daşnakların riyakar əməllərini ifşa etmək, həqiqəti, xalqımızın ədalətli mövqeyini dünyaya çatdırmaq.

Bunlardan başqa, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasına yardım etmək, yurdundan didərgin salınmış məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində dövlətin yürütdüyü humanitar, sosial siyasəti öz səhifələrində müntəzəm işıqlandırmaq, möhtəşəm Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsində xalqımızın həmrəyliyindən, müzəffər ordumuzun hünərindən, Ali Baş Komandanımızın qətiyyətindən yazılar dərc etmək, şəhidlərimizi, qazilərimizi, Vətən uğrunda canlarından keçən mübarizlərimizin davamçıları kimi tanınan igid oğullarımızı yad etmək, onların şərəfli döyüş yolunu qələmə almaq kimi mühüm məsələlər qəzetin daimi mövzularındandır.

Bütün keçmiş məcburi köçkünlər kimi, xocalılılar da doğma torpaqlarına qayıdacaqlarına əmin idilər. Şükürlər olsun ki, onların da, yurdları işğal olunmuş digər insanların inamları gerçəkləşdirildi. Xalqımızın həmrəyliyi, ordumuzun gücüAli Baş Komandanımızın qətiyyətli mövqeyi nəticəsində torpaqlarımızın ərazi bütövlüyü təmin olundu, Vətən müharibəsində Xocalı qatilləri məhv edildi. Bu şanlı Qələbəmizi qəzet də özünün səhifələrində qürur və fəxr hissi ilə işıqlandırır.

“Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına töhfə verməyə çalışan qəzetin kollektivinə bundan sonra yeni həyatdan, dinc quruculuqdan, Qarabağın nurlu sabahlarından yazmağı arzulayırıq.

 

 Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 2 mart.- S.5.