Novruzun ikinci çərşənbəsi

 

 

Od ta qədimdən bəşər övladlarının həyatında mühüm əhəmiyyət kəsb edib. İnsanlar odu kəşf etdikdən sonra onun köməyi ilə həm vəhşi heyvanların hücumundan qorunub, həm soyuqdan, donmaqdan xilas olub, həm də məişətdə istifadə ediblər. Odur ki, odu, işığı hər zaman müqəddəs biliblər.

Bəşərin ilk övladları istilik, sağlamlıq bəxş edən Günəşin, odun, ocağın həm də onları şər qüvvələrdən qoruduğuna, xeyirin qələbəsinə inanıblar.

 

 Birliyin, bərabərliyin rəmzi...

 

 

Od-ocaq qədimdən insanları yaşadığı yerə, yurda, obaya bağlayıb. Ulularımız odun istiliyini, ocağın işığını varlığın, ümidin, xoşbəxtliyin, birliyin, bərabərliyin rəmzi sayıblar. Oda sitayiş edib, şərəfinə şənliklər keçiriblər. Əcdadlarımızın ocaq qarşısında səcdəyə duraraq oyun və ayinlər təşkil etdikləri bir sıra mənbələrdə də əksini tapıb. Qobustan qayaüstü rəsmlərindəki ocaq ətrafında “yallı” gedən insan təsvirləri buna misaldır.

Təsadüfi deyil ki, əcdadlarımızın ən qədim andı od-ocaqla, Günəşlə bağlı olub: “Od haqqı”, “Gün haqqı”, “İşığa and olsun!”, “Çıraq haqqı!” deyə and içiblər. İnanıblar ki, “Odu su ilə söndürmək olmaz”. Yaxşı olmağını arzuladıqları insana alqış ediblər: “Ocağın sönməsin”, deyiblər.

Qədim türk xalqları dağ başında qaladıqları tonqalla həm hisslərini ifadə edib, həm də bir-birlərinə xəbərlər ötürüblər. Onlar hündür yerlərdə, dağ başında qalanan tonqalın sayına görə sevincli, şad vaxtlarında şənlənməyə, dar günlərində, düşmənin hücumu zamanı müdafiə olunmağa toplaşmaq üçün işarə veriblər. Uzaq məsafələrdən bu odu, ocağı görən dostları, soydaşları həmin obanın, elin vəziyyətini təyin edə bilib, köməyə gediblər.

Odun müqəddəsliyinə inam onun yaradılışın mərhələlərini əks etdirən dörd ünsürdən biri olması düşüncəsindən də irəli gəlir. Tədqiqatçılar Novruz bayramına qədərki dörd çərşənbəni bu dörd ünsürlə - su, od, yeltorpaqla əlaqələndirirlər. Bu baxımdan bayram çərşənbələrindən ikincisi Od çərşənbəsi kimi qeyd olunur.

Xalq arasında Od çərşənbəsi Üskü çərşənbə, Üskü gecəsi, Adlı çərşənbə, Ocaq çərşənbəsi, Atəş çərşənbə, Xıs çərşənbə, Xızır çərşənbə də adlandırılır.

Mahiyyətində odun müqəddəs sayılması ifadə olunan Od çərşənbəsi özünəməxsus mərasimlərlə zəngindir. Bu çərşənbədə tonqal qalama mərasimi Novruz bayramının digər çərşənbələrindən daha möhtəşəm keçirilir. Elə yer seçilir ki, qalanan tonqal hər tərəfdən görünsün. Bunun üçün qədim zamanlarda Od çərşənbəsində tonqalı hündür yerdə - dağ, təpə başında yandırırdılar. Ellikcə tonqalın başına toplaşırdılar. Qız-gəlinlər odun şərəfinə nəğmələr oxuyurdular.

Adətən, çərşənbə tonqalı yaş ağacdan qalanmır. Əcdadlarımız inanırdılar ki, yaş və acı tüstülü ağacdan tonqal qalayan adama sədəmə toxuna bilər. Tonqal quru odun, kol-kosya çırpıdan, tikan və təmiz ağac budaqlarından hazırlanmalı idi. Tədqiqatçılar qeyd ediblər ki, qədimdə insanlar şər qüvvələrin qaratikanın batmasından qorxub tonqala yaxın gəlmədiklərinə inanırdılar. Araşdırmalarda bildirilib ki, bəzi bölgələrdə tonqala üzərlik də atar, bununla bədnəzərdən qorunacaqlarına inanırdılar.

 

 

 

Odun gücü...

 

 

El arasında yayılan adət-ənənəyə görə, Od çərşənbəsində tonqal qalayıb, üç dəfə “Ağırlığım, azarım-bezarım odda yansın” deyə-deyə odun üstündən tullanır, inanırlar ki, bununla azar-bezarları yandırır, xəstəliklərdən xilas olurlar.

Novruzun ikinci çərşənbəsində tonqalın yandırılması da gələn yeni ilin isti, bərəkətli keçməsinə işarədir.

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır. Bəzi bölgələrdə ölənlərin ruhu üçün bir şam ayrılır. Keçmişdə bu çərşənbədə qohum-qonşuların yasda olan ailənin həyətinə gedib tonqal yandırmaları bununla həmin ailəni yasdan çıxarmaq mənasını ifadə edib.

İnanca görə, od qara qüvvələri məhv etmək gücündədir. Od çərşənbəsində bayram tonqalının həyət darvazasının ağzında qalanması da bu düşüncədən irəli gəlib. Bunu həyətə gələnlərin özləri ilə pis niyyət, ağırlıq gətirə bilməmələri üçün ediblər.

İlin bərəkətli olması üçün Od çərşənbəsində də digər üç çərşənbədə olduğu kimi, bayram süfrəsi açılır. Xörəklər bişirilir, plov dəmlənir. Süfrəyə şirniyyatlarla dolu xonçalar qoyulur.

Qədimdən Od çərşənbəsində müxtəlif ayin və mərasimlər keçirilib. Onlardan biri də günəşi çağırmaq, istiliyin olması üçün icra edilən “Qodu-qoduoyunudur. Günəşi çağırmaq üçün insanlarQodu-qodu” mahnısı oxuyaraq ondan istilik diləyirlər. Kənd cavanları üzərini qırmızı bəzədilmiş çömçəni Günəşin rəmzi kimi götürüb qapı-qapı gəzirlər. Mərasim zamanı bu nəğməni oxuyub evlərdən bayram paylarını alırlar:

 

 

 

Qodu-qodunu gördünmü?

Qoduya salam verdinmi?

Qodu burdan ötəndə

Qırmızı günü gördünmü?

 

 

 

Qoduya qaymaq gərək,

Qablara yaymaq gərək,

Qodu gün çıxarmasa,

Gözlərin oymaq gərək.

 

 

 

Yağ verin yağlamağa,

Bal verin ballamağa,

Qodu gülmək istəyir.

Qoymayın ağlamağa.

 

 

 

Boz ay ömrünü yarılayan Od çərşənbəsindən sonra bütün canlılar yazın gəlişini hiss etməyə başlayır, ümidlə yazın gəlişini gözləyirlər.

 

 Zöhrə FƏRƏCOVA

Azərbaycan.-2021.- 2 mart.- S.6.