Şəhid ailələri və
müharibə əlilləri ölkə rəhbərliyinin
diqqət və qayğısı ilə əhatə olunub
Martın 1-də Milli Məclisin Gənclər və idman komitəsində bir qrup Vətən müharibəsi qəhrəmanı, idmançı və fəal gənclərlə xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyilə gənclərimizin torpaqlarımızı işğalçılardan azad etməsini tariximizin ən şanlı səhifələrindən biri kimi dəyərləndirib. Bildirib ki, düşmənin aldığı ağır zərbələr nəticəsində kapitulyasiya aktını imzalamağa məcbur olması ölkəmizin gücünü bütün dünyaya göstərdi.
Söhbət zamanı Aprel döyüşlərindən başlayan Zəfər salnaməmizin sonradan Günnüt əməliyyatı, habelə Tovuz rayonunda törədilmiş təxribatın qarşısının alınması ilə davam etməsi, aparılan uğurlu hərbi əməliyyatların məntiqi yekunu olaraq sonda “Dəmir yumruq” hərbi əməliyyatının həyata keçirilməsi barədə danışılıb.
Qeyd olunub ki, bu gün şəhid ailələri və müharibə əlilləri ölkə başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub. Bir neçə gün əvvəl ölkə başçısının 1512 mənzildən ibarət kompleksi şəhid və qazı ailələrinə təqdim etməsi, habelə cari ilin yanvarında imzalanan Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlilinin evlə təmin edilməsinin əsas prioritet istiqamət olması diqqətə çatdırılıb.
Görüşdə şəhid və qazi ailələrinin qayğılarının həlli istiqamətində hər birimizin səfərbər olmasının, eyni zamanda, gənc nəslin idmana marağının artırılması ilə onların vətənpərvər ruhda tərbiyə edilməsinin vacibliyi vurğulanıb.
Sonda
Vətən müharibəsinin iştirakçılarına,
idmançılara və fəal gənclərin bir qisminə
Milli Məclisin Gənclər və İdman Komitəsinin “Fəxri
Fərmanı” təqdim edilib.
Azərbaycan.-2021.- 2 mart.- S.3.