BMT və Azərbaycan Hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb

 

Martın 1-də Birləşmiş Millətlər Təşkilatı (BMT) və Azərbaycan Hökuməti arasında 2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb. Sənədi Azərbaycan Hökuməti adından iqtisadiyyat naziri Mikayıl CabbarovBMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai imzalayıblar.

Uğurlu əməkdaşlıq nəticəsində indiyədək BMT ilə Azərbaycan arasında 4 Çərçivə Sənədi icra edilib. Sənədlərin davamı olaraq, “2021-2025-ci illər üçün BMT-Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin hazırlanması ilə bağlı qərar qəbul edilib və Sənədin əsas prioritet istiqamətləri müəyyən olunub. Çərçivə Sənədi DİM-lətam uyğun olmaqla, heç kimin kənarda qalmaması, insan hüquqları, gender bərabərliyi, dayanıqlı inkişaf, davamlılıq və cavabdehlik prinsiplərinə əsaslanır və ərazi bütövlüyünü təmin etmiş ölkəmizin bütün ərazisində inklüziv olmaqla sosial-iqtisadi inkişaf prioritetlərini əhatə edəcəkdir.

İmzalanma mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin BMT-nin müxtəlif ixtisaslaşmış qurumları ilə səmərəli əməkdaşlıq etdiyini, əməkdaşlıq çərçivəsində bir sıra sənədlərin imzalandığını və birgə layihələrin həyata keçirildiyini qeyd edib. Vurğulanıb ki, Çərçivə Sənədinin icrası ölkəmizdə DİM-lərin icrasına, aparılan islahatlara və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in reallaşdırılması istiqamətində layihələrin həyata keçirilməsinə, insan kapitalının inkişafına töhfə verəcəkdir. Nazir işğaldan azad olunmuş ərazilərə böyük qayıdışın reallaşdırılmasında BMT-nin ixtisaslaşmış qurumları ilə  əməkdaşlığın önəmli olduğunu, artıq bu istiqamətdə müvafiq addımların atıldığını diqqətə çatdırıb.

BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi Qulam İshaqzai Çərçivə Sənədinin əsas məqsədinin iqtisadiyyatın transformasiyası, əhalinin həssas təbəqələrinin ehtiyaclarının qarşılanmasında, COVID-19 pandemiyasının təsirlərinin minimallaşdırılması və münaqişənin nəticələrinin aradan qaldırılmasında Azərbaycan Hökumətinə dəstək göstərilməsi olduğunu qeyd edib, Sənədin DİM-lərin icrasının sürətləndirilməsində rolunu vurğulayıb.

İmzalanmadan sonra iqtisadiyyat naziri Mikayıl Cabbarov və BMT-nin rezident əlaqələndiricisi arasında görüş keçirilib, BMT-nin ixtisaslaşmış qurumları ilə  əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2021.- 2 mart.- S.3.