Viran olunmuş şəhərlər,
dağıdılmış qəbiristanlıqlar, təhqir olunmuş məscidlər -
gürcüstanlı jurnalistlər Füzuli
və Cəbrayılda
Fevralın 28-də gürcüstanlı jurnalistlər işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfər ediblər. Səfər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və Gürcüstandakı səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə təşkil olunub. Gürcüstan heyətinin tərkibinə “Pirveli TV”, “Mtavari Arkhi”, “Imedi TV”, “POS TV” kanallarının jurnalistləri, tarixçi və ekspert daxildir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, media nümayəndələri əvvəlcə Füzuli rayonunun Horadiz kəndində erməni vəhşiliyini lentə alıb, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən darmadağın edilən Ermənistan silahlı bölmələrinin keçmiş mühəndis-istehkam qurğularına baxıblar.
Gürcüstanlı jurnalistlər sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığına əsasən, “Füzuli Beynəlxalq hava limanının tikintisi” layihəsi üzrə tikinti işləri həyata keçirilən əraziyə gəliblər. Məlumat verilib ki, Füzuli Beynəlxalq Hava Limanında hazırda uzunluğu 3000 metr olan asfalt-beton örtüklü uçuş-enmə zolağının tikintisi aparılır. Layihəyə əsasən, asfalt-beton örtüklü uçuş-enmə zolağı, yönəldici yol və perronun tikintisi planlaşdırılır.
Media nümayəndələri rayonun Merdinli kəndində ermənilər tərəfindən dağıdılmış qəbiristanlığa və məscid binasının xarabalıqlarına baxıb, ermənilərin məsciddən tövlə kimi istifadə etdiklərinin şahidi olublar. Sonra Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vandalizmi öz gözləri ilə görüblər. Məlumat verilib ki, ermənilər işğal etdikləri Füzuli şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Rayonda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Jurnalistlər səfər çərçivəsində Cəbrayıl şəhərinin xarabalıqlarına baxıb, şəhər qəbiristanlığında erməni vandalizminin izlərini görüblər. Ermənilər burada mərmərdən olan məzar daşlarını söküb aparıb, bəzi qəbirləri qarət məqsədilə dağıdıblar.
Media
nümayəndələri günün sonunda Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinə gələrək,
sakinlərlə söhbət ediblər. Bildirilib
ki, Cocuq Mərcanlı
kəndi 1993-cü ildə düşmən tərəfindən
işğal edilsə də, bir il sonra,
yanvarın 6-da uğurlu Horadiz
əməliyyatı zamanı azad olunub. Lakin Lələtəpə yüksəkliyi ermənilərin
nəzarətində olduğundan burada yaşamaq qeyri-mümkün idi.
2016-cı ilin Aprel
döyüşlərində Lələtəpə yüksəkliyinin
azad olunması mövcud
təhlükəni də aradan
qaldırdı. Cocuq Mərcanlıda 150 ev, məktəb, uşaq
bağçası, məscid və digər sosial
binalar tikilib, lazımi
infrastruktur yaradılıb. 24 il respublikanın müxtəlif bölgələrində
məcburi köçkün kimi məskunlaşmış Cocuq
Mərcanlı sakinləri doğma kəndlərinə
qayıdıblar. Cocuq Mərcanlı
2020-ci ilin sentyabr-oktyabr
aylarında da Ermənistan silahlı
bölmələrinin artilleriya atəşinə
məruz qalıb.
Azərbaycan.-2021.- 2 mart.- S.4.