Azərbaycan ilə Türkiyə
arasında bütün sahələrdə
əməkdaşlıq inkişaf edir
Martın 2-də Milli Məclis sədrinin müavini, parlamentin gənclər və idman komitəsinin sədri Adil Əliyev Türkiyənin Azərbaycanda fəaliyyət göstərən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) rəhbərliyi ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonaqları salamlayan vitse-spiker bildirib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın münasibətləri fonunda uğurla inkişaf edir.
Bildirilib ki, ölkələrimiz ortaq tarixə malik, ulu öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət” olan iki qardaş dövlətdir. Ölkəmizin apardığı haqq savaşında Türkiyənin göstərdiyi mənəvi və siyasi dəstəyi Azərbaycan xalqı hər zaman xatırlayacaq.
Qeyd olunub ki, qələbədən sonra qarşımızda dayanan əsas məsələ Qarabağın bərpa edilməsidir. Hazırda bu sahədə ölkə rəhbərliyinin göstərişinə əsasən genişmiqyaslı işlər görülməkdədir. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev çıxışlarında Qarabağın bərpası zamanı görüləcək işlərə Türkiyə şirkətlərinin də cəlb edilməsinin vacibliyini vurğulayıb. Ölkəmiz üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətə başlayıblar.
Görüşdə qardaş Türkiyə ilə iqtisadi, müdafiə sənayesi və digər sahələrdə əməkdaşlıqdan söhbət açılıb, bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyindən danışılıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin nümayəndələri iki ölkənin ortaq dəyərləri bölüşdüyünü, bundan sonra da daim bir-birinə dəstək vermələrinin vacibliyini qeyd ediblər. Qonaqlar qüdrətli Azərbaycan Ordusunun Ermənistan ordusunu məğlubiyyətə uğradaraq qazandığı tarixi qələbədən, ərazilərimizin işğaldan azad olunmasından məmnunluqlarını ifadə ediblər.
Söhbət
zamanı tərəfləri maraqlandıran digər məsələlər
barədə də fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2021.- 3 mart.- S.2.