Dünənin hara, bu
günün hara, Astara!
Azərbaycan adlı məmləkətin
dilbər bir guşəsidir Astara. Buradakı çoxsaylı
qalalar, tarixi yerlər onun keçmişini, qədimliyini
yaşadıb bugünümüzə
çatdıran maddi mədəniyyət nümunələridir.
Astarada olanda, onun haqqında nəsə yazmaq istəyəndə Cənub
həsrətli şairimiz
Söhrab Tahirin bu misraları yada düşür: “Mənim qollarımı iynə-sap edin, Tikin Astaranı biri-birinə”.
Heç kəs dünyanın yaşını doğru-dürüst
deyə bilməz. Deyilənlər də fərziyyələrdən,
ehtimallardan ibarətdir.
Ancaq bir həqiqət də var ki,
sakini olduğumuz planetdə - Yer kürəsində elm və
texnikanın əsaslı
inkişafı son 200-300 ildə
baş vermişdir.
İnternetin dünyaya ayaq
açması isə
indiki nəsil nümayəndələrinin gözü
qarşısında olmuşdur.
Dünyadakı inkişaf fonunda Azərbaycanımız da,
heç şübhəsiz
ki, tərəqqi etmişdir. Bir neçə il
öncə ölkəmizin
dünya kosmos ailəsinə üzv olması buna sübutdur. Tarixə bir daha nəzər salanda, bunları təhlil edəndə XX əsrin
50-60-cı illəri yada
düşür. O vaxt
keçmiş SSRİ məkanında
Azərbaycan müttəfiq
respublikalar arasında
sonuncu yerlərdən
birini tuturdu. 1969-cu ildə Ulu
Öndər Heydər
Əliyev respublika rəhbərliyinə gəldikdən
sonra Azərbaycanda bir canlanma yarandı,
hər sahədə inkişaf başladı.
Astara da bu inkişafın
ön sıralarında
addımladı. Rayonun zəhmət
adamları yorulmaq bilmədən çalışaraq
çay plantasiyalarını,
sitrus meyvə bağlarını, tərəvəz
sahələrini genişləndirdilər.
Yetişdirdikləri məhsullar keçmiş
SSRİ-nin bütün
şəhərlərinə göndərildi. Əvəzində astaralılar yaxşı əməkhaqqı alıb
gün-güzəranlarını yaxşılaşdırdılar. Eyni zamanda Astara da abadlaşdı, rayon respublikada öncüllər
sırasına çıxdı.
Amma 90-cı illərin
məlum hadisələri
zamanı Astara da məhrumiyyətlərlə
qarşılaşdı. Onilliklər ərzində
böyük zəhmətlə
tikilən, qurulan nə vardısa, məhv olub getdi, insanların yaşayış səviyyəsi
aşağı düşdü.
Lakin nə yaxşı hər bir zülmət
gecənin işıqlı
sabahı varmış.
Respublikamız, o cümlədən onun dilbər guşəsi olan Astara da bu
zülmətdən, çətinlikdən,
səfalətdən silkələnib
çıxmağı bacardı.
Ölkənin hər yerində
olduğu kimi, Astarada da yaranmış
süstlüyün, laqeydliyin,
ümidsizliyin buzu yavaş-yavaş əriməyə,
tikinti-quruculuq, abadlıq
işləri gündən-günə
genişlənməyə başladı.
Yeni məktəblər, səhiyyə
və mədəniyyət
ocaqlarının tikintisinə
start verildi, köhnələri
əsaslı şəkildə
təmir edildi. Onların hər biri yeni
avadanlıqlarla, ləvazimatlarla
təchiz olundu.
Birinci regional inkişaf
dövlət proqramı
çərçivəsində Astarada 90 meqavoltluq elektrik stansiyası istifadəyə verildi. Ölkəmizin elektrik sisteminə qoşulan bu stansiya indi cənub
bölgəsinin enerji
təminatında əhəmiyyətli
rol oynayır.
2011-ci ildə istismara
verilən Astara Qaz Kompressor Stansiyası isə əhalinin həm “mavi yanacağ”a
olan tələbatını
ödəyir, həm də qonşu İran İslam Respublikasına təbii qaz ixrac edir.
Normal işıq və qazın olması əhalinin rifahının yaxşılaşmasını
təmin etməklə
bərabər, yeni istehsal sahələrinin yaranmasına, turizm və digər layihələrin icrasına
imkan verir. Bu gün Astara
aqrar sənaye potensialına və turizmin inkişafına görə Azərbaycanda seçilən rayonlardandır.
Hazırda regionların sosial-iqtisadi inkişafı üzrə
4-cü dövlət proqramı
rayonda uğurla icra olunur. Nəzərdə tutulan layihələr, tədbirlər vaxtında
həyata keçirilir.
Astara şəhərində
torpaq sürüşməsi
nəticəsində evləri
qəzalı vəziyyətə
düşmüş şəxslər
üçün 36 mənzilli
yaşayış binası,
Burzubənd kəndində
630, Şəvqo və
Xıçaso kəndlərinin
hər birində 40 şagirdlik məktəb binaları, Ərçivan
qəsəbəsində körpələr
evi-uşaq bağçası
üçün 80 yerlik
yeni bina tikilib istifadəyə verilmişdir. “Zirvə” Benəlxalq İdman Klubu tərəfindən inşa olunan beynəlxalq səviyyəli
basketbol meydançası
və idman zalı, “Oxatan” MMC-nin Maricel Astara
Resort Kompleksi, Qamışoba
kəndində “Zirvə”
Beynəlxalq Təlim-Məşq
Bazası da istifadəyə verilmiş
obyektlər sırasındadır.
Eyni zamanda çətin relyefdə yerləşən
və indiyəcən
avtomobil yolu olmayan Dolu, Sibiyyət,
Diqo, Avyarud kəndlərinə yol çəkilişi başa
çatmış, burada
yaşayan insanları
illərdən bəri
rahatsız edən problemlər həllini tapmışdır. Hazırda isə
Heydər Əliyev prospektində Vətən
müharibəsindəki qələbənin
şərəfinə “Zəfər”
parkı salınır.
Söz düşmüşkən onu
da qeyd edək
ki, rayonda mənzil növbəsinə
götürülmüş 11 şəhid ailəsi və 3 Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evləri
inşa edilmişdir.
Cari ildə bu kateqoriyadan
olan daha 20 ailə üçün fərdi yaşayış
evinin tikilməsi nəzərdə tutulmuşdur.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft
sektorunun, o cümlədən
aqrar sahənin inkişafı üçün
yaradılmış əlverişli
şərait Astarada çay, çəltik və sitrus meyvələri istehsalına
böyük təkan vermişdir. Təkcə keçən il
205 hektardan 844 ton çəltik
əldə edilmiş,
hər hektarın məhsuldarlığı 41 sentnerə
çatmışdır. İstehsal edilən
çəltiyin müasir
standartlara uyğun emalı, çeşidlənməsi
və qablaşdırılması
məqsədilə Ərçivan
qəsəbəsində gündəlik
istehsal gücü 40
ton olan çəltik
emalı zavodu istismara verilmişdir.
Həmçinin 137 hektar
məhsuldar çay plantasiyasından 628 ton yaşıl
çay yarpağı
dərilərək emal
müəssisələrinə göndərilmişdir. Sevindirici haldır
ki, burada istehsal edilən çay xarici bazarlara da ixrac
olunur.
Son illər rayonda fiziki şəxslər və pay torpağı olan mülkiyyətçilər
tərəfindən yeni
sitrus bağları salınmışdır. Hazırda onların
ümumi sahəsi 4
min 160 hektardır. Təcrübə mübadiləsi nəticəsində
Astaraya şaxtayadavamlı
yeni sitrus tingləri gətirilmiş,
innovativ üsullarla yeni sitrus bağları
salınmışdır. Keçən il
rayon üzrə 34 min ton məhsul
istehsal olunmuşdur.
Astaradan
söz açıb astaralı gənclərin
İkinci Qarabağ savaşındakı iştirakından danışmamaq
mümkün deyil. 44 günlük Vətən
müharibəsində 574 astaralı
gənc torpaqlarımızın
düşmən tapdağı
altından xilas edilməsində qəhrəmanlıq
göstərmişdir. Onlardan 41 nəfəri şəhidlik
zirvəsinə ucalmış,
132 nəfəri isə
qazi olmuşdur. Şəhid ailələri və qazilər bu gün hər cür qayğı ilə əhatə edilmişlər.
Belə
bir deyim var: “Gözəllik ondur, doqquzu dondur”. Təbiət, doğrudan da, öz qüdrətindən
Astaraya gözəl
don biçib, bu diyardan heç nəyi əsirgəməyib.
Dağ, meşə, dəniz onun hüsnünə yaraşıq verir. Çox yox, 10-15 il əvvəl
buradan gedən insanlar indi rayona
qayıdarkən onu tanıya bilmirlər. Astara şəhərində Xəzər
dənizi sahili boyunca salınan bulvar, onun ərazisində
istirahət və əyləncə üçün
yaradılan şərait
sanki cənnəti xatırladır. Bütün
bunları gördükcə
insan da ilhamlanır:
Səni
tanımadım, varlı
olassan,
Gör dünənin hara, bu günün hara!
Burda göz oxşayır hər tərəf, hər yan,
Mübarək dondasan indi, Astara.
Xəzərin sahili dönüb
cənnətə,
Nə qədər
baxsan da, doymursan ondan.
Əhsən belə işə,
belə zəhmətə,
Gülün ətri gəlir geydiyin dondan.
Bir yanın yamyaşıl sıra dağlardır,
Bir yanın
dupduru o mavi Xəzər.
Nə nemət deyirsən, qoynunda vardır,
Onlar könül
oxşar, süfrələr
bəzər.
Hüsnün sığallanır insan
əlilə,
Ən ucqar kəndlərə yollar çəkilir.
İnsan
vüqarlıdır öz
əməlilə,
Binalar ucaldır,
ağaclar əkir.
Seyran CAVADOV
Azərbaycan.-2021.- 3 mart.- S.5.