Könül şəhri
yarı
Şəhid Şəhriyar
Ağamalıyevin xanımı: “Onun yarıda qalan
arzularını gerçəkləşdirmək
üçün yaşayıram”
Elə bil ürəyinə dammışdı... Əvvəldən həyat yoldaşını özünün yoxluğuna, onsuz keçəcək çətin günlərə, məşəqqətli dönəmə hazırlayırdı...
Hələ Vətən savaşı başlamazdan bir neçə gün öncə yoldaşını və azyaşlı oğlunu Bakıya qayınanasıgilə gətirmişdi. Sanki apardığı kimi də geri gətirib onu öz əllərilə ailəsinə təhvil vermişdi...
Hər dəfə telefonla danışanda da “möhkəm ol, özünü, uşaqları qoru” deyirdi. Amma ogünkü söhbətləri əvvəlkilərindən fərqliydi... Səsi, sözləri, danışığı, telefonun o başından duyulan nəfəsi belə bir başqaydı... Sanki hal-əhval tutmaq üçün yox, vidalaşmaq üçün zəng vurmuşdu... Sanki bu dəfə həmişəki adi tapşırıq kimi yox, vəsiyyət kimi deyirdi son sözlərini - “möhkəm ol, mənə nəsə olsa, başını dik tut, əyilmə”...
Beləcə, körpə oğlunu, hələ dünyaya gəlməyən qızını həyat yoldaşına, yoldaşını isə Allaha əmanət edib vidalaşdı... Səhəri gün Tanrının ən uca məqamına, şəhidlik zirvəsinə rahat, gözü arxada qalmadan yüksəlmək üçün...
Əslində Nərminə inanmırdı, heç ağlının ucundan belə keçirmirdi ki, bu, könlünün şəhri yarı ilə son söhbəti olacaq... Bir daha onun nə səsini eşidəcək, nə üzünü görəcək...
Axı hələ cəmi üç il idi evlənmişdilər. Axı hələ yeni doğulacaq qızlarına birlikdə ad seçəcəkdilər. Balalarını arzuladıqları kimi böyüdəcəkdilər... Qarşıda birgə addımlayacaqları uzun, xoşbəxt ömür yolu olacaqdı...
Amma sən demə, taleyin yazısı tamam başqaymış... Qismətində bundan sonrakı həyatını yarsız, tək, qürurlu şəhid xanımı olaraq yaşamaq, övladlarını onsuz boya-başa çatdırmaq varmış...
Təsadüfi tanışlıqdan sevgiyə gedən yol
İkinci Qarabağ müharibəsinin şəhidi Şəhriyar Ağamalıyevin həyat yoldaşı Nərminə Ağamalıyeva nəmli, kədər dolu gözlərini bir nöqtəyə zilləyib fikirli-fikirli susur. Xəyalı Şəhriyarlı illəri, onlu xatirələri dolaşır. Demək istədiyi sözlər boğazında düyünlənib qalır... Özünü birtəhər ələ alıb, gözyaşlarını silə-silə söhbətə tanış olduqları günü xatırlamaqla başlayır:
- Deyirlər, bütün təsadüflər zərurətdən doğur. Bizim tanışlığımız da elə təsadüf nəticəsində baş vermişdi. Mən Pedaqoji Universitetin İbtidai təhsil fakültəsinin son kursunda təhsil alırdım, eyni zamanda “Bakcell” şirkətində operator işləyirdim. Şəhriyar isə SOCAR-da çalışırdı. Özü də “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında kirayədə qalırdı. Mən həmin stansiyadan çıxıb avtobusa minərək məskunlaşdığımız yataqxanaya gəlirdim. Sən demə, Şəhriyar məni görüb bəyənib, başlayıb gizlincə izləməyə. Bir aydan sonra mənə yaxınlaşdı. Dedi “Sizi təsadüfən dayanacaqda görüb, bəyənmişəm. Xeyli vaxt da izləmişəm. Çox xoşuma gəlirsiz”. Sözün düzü, əvvəl inanmadım. Sərt danışdım. Amma o, geri çəkilmədi. Bir müddət də arxamca gəldi. Axırda bir yağışlı gündə yenə yaxınlaşdı. Dedi “Mən sizə pis məqsədlə yanaşmıram. Fikrim ciddidir. Sizinlə ailə qurmaq istəyirəm. İcazə verin bir-birimizi tanıyaq”. Əvvəl şəxsi nömrəmi yox, iş nömrəmi verdim. Söhbət etdikcə, onu tanıdıqca gördüm çox ağıllı, tərbiyəli, mədəni, ailəsinə dəyər verən oğlandı. Beləcə, bir-birimizi bəyəndik, sevdik...
“İşdə
komandir sən olsan da, evdə komandir mənəm”
2017-ci ilin iyun ayında nişanlanırlar, sentyabrın
6-da isə toyları olur. Nərminə həyat
yoldaşının ata-baba yurdu olan Hacıqabula gəlin
köçür. Lakin toydan sonra Şəhriyar
Ağamalıyev SOCAR-da ixtisara düşür. İslam Universitetinin Şərqşünaslıq
fakültəsini bitirsə də, bir müddət rayonda
tikinti sahəsində çalışır, taksi
sürücüsü kimi fəaliyyət göstərir.
Sonra zabitlik kurslarına yazılaraq hərb sənətinə
yiyələnmək qərarına gəlir. Əslində bu seçimi etməsi də təsadüfi
deyildi. Çünki ailəsində hərbçilər
vardı. Əmisi Daşqın
Ağamalıyev I Qarabağ müharibəsi zamanı şəhid
olmuşdu. Digər əmisi Coşqun
Ağamaliyev aviasiya sahəsində polkovnikdir. İki əmisi oğlu da hərbçidir, aviasiya
sahəsində çalışırlar. Özü
isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında
hərbi xidmət keçmişdi. Görünür,
hərb sənətinə olan sevgi və maraq ona da qanla
keçmişdi. Amma nə biləydi ki,
şəhid əmisi ilə eyni taleni yaşayacaq. Nə
biləydi ki, qismətinə əmisi ilə eyni yaşda şəhid
olub, eyni qəbiristanlıqda torpağa tapşırılmaq
yazılıbmış...
- Şəhriyar 3 aylıq zabitlik kursunu uğurla bitirdi. İlk təyinatı
Goranboya verildi. Təxminən 3 aydan sonra Tərtərdəki
Xüsusi Təyinatlı Qoşunların hərbi hissəsinə
tağım komandiri kimi təyinat aldı. Bir müddət sonra yenidən Goranboydakı
Xüsusi Təyinatlı Qoşunların hərbi hissəsinə
qayıtdı. Vətən savaşı
başlayanda da elə həmin hərbi hissədə xidmətdə
idi.
Sənətini çox sevirdi Şəhriyar. Hərb
üçün yaranmışdı sanki. Çox vətənpərvər, cəsur oğlan
idi. İşində sərt, ciddi, məsuliyyətli
idi. Amma xidmətdə nə qədər sərt
olsa da, evdə bir o qədər mülayim idi. Həm yoldaşına, həm də
uşağına qarşı qayğıkeşiydi. Özü də qayğıkeş övlad olub.
Hər şeyin yerini bilirdi. Heç
kimi bir-birindən ayırmırdı. Böyüklə
böyük, kiçiklə kiçik kimi davranırdı.
Nə istəyirdiksə, deyirdiksə, edirdi.
Hərdən zarafatla deyirdim ki, işdə
komandir sən olsan da, evdə komandir mənəm. O da
gülürdü. İstəyirdi övladı
yaxşı yesin, geyinsin, təhsil alsın. Onun üçün də nə lazımdırsa
edirdi. Bizə heç bir çətinlik
yaşatmırdı. Nə maddi, nə mənəvi.
O, mənim üçün ideal insan idi. Hər
xanımın arzuladığı həyat yoldaşı idi.
Allahıma şükürlər olsun ki, mənim
qarşıma çıxmışdı. Birlikdə
yaşadığımız ömür qısa olsa da,
bütün həyatım unutmayacağım xatirələrlə
zəngindi...
Öz ad
günündə 8 ermənini silahsız öldürən
leytenant
2020-ci il fevralın 28-i Ağamalıyevlər ailəsinin
ən sevincli günlərindən biri olur. Cütlüyün
ilk övlad payı dünyaya gəlir. Oğlunun
adını Şəhriyar özü seçir. “Qurani-kərim”in Ali - İmran surəsindən
İmran adını verir oğluna. Döyüşlər
başlamazdan əvvəl isə ikinci övladlarının
yolunu gözləyirdilər. Elə ona
görə də Şəhriyar ailəsini götürüb
Bakıya gətirir.
-
Sentyabrın 6-da toyumuzun üçüncü ildönümü
idi. Deyə-gülə qeyd etdik, tort kəsdik.
Bir-iki həftə sonra bizi Bakıya anamgilə
gətirdi. Tapşırdı ki, hələlik
burda qal, həkimə də rahat gedib-gələrsən.
Sanki məni anama əmanət edib getdi. Necə
aparmışdı, eləcə də öz əlilə təhvil
verdi...
Müharibə
başlamazdan bir gün əv
vəl
səhərə yaxın mənə zəng etdi. Dedi “Nərmin,
mənə təcili kontur göndər, dağa
çıxacağam”. Ancaq müharibə ilə
bağlı heç nə demədi. Açığı,
qəribə gəldi məndən kontur istəməsi,
çünki bu vaxta qədər istəməmişdi. Göndərdim. Səhərisi
döyüşlərin başlandığını bildim.
Bir də 3 gün sonra, ilk döyüş
tapşırığını tamamladıqdan sonra mənimlə
əlaqə saxladı və kef-əhval etdi.
Azərbaycan Ordusunun leytenantı olan Şəhriyar
Ağamalıyev ölkəmizin ərazi
bütövlüyünün bərpası üçün
başlanan Vətən müharibəsi zamanı Suqovuşan
istiqamətində gedən döyüşlərdə
Xüsusi Təyinatlı Qoşunların tərkibində
taqım komandiri kimi iştirak edirdi. Ona verilən
döyüş tapşırığını elə ilk
günlərdə yerinə yetirmiş və Talışkənd
tərəfdə möhkəmlənmişdi. Leytenant Ağamalıyev taqım komandiri kimi
döyüş tapşırığını mükəmməl
yerinə yetirdiyi üçün rütbəsini artırmadan
bölük komandiri vəzifəsinə yüksəlmişdi.
Yayda isə baş leytenant rütbəsini verəcəkdilər.
Lakin qismət olmur...
-
Müharibə başladıqdan bir gün sonra - sentyabrın
28-si Şəhriyarın ad günü idi. 31
yaşı tamam olurdu. Evindən, ailəsindən uzaq
keçən doğum günü... Demə, bu,
onun sonuncu doğum günü olacaqdı. Bir
daha yaşının üstünə yaş gəlməyəcəkdi.
Demə, bundan sonra bütün doğum günlərini onsuz
qeyd edəcəkdik...
Dəfn mərasimində döyüş
yoldaşları danışırdılar ki, həmin gün
Şəhriyar 8 erməni öldürüb, özü də
silahsız, yalın əllə. O, əsl qəhrəman idi. Qəhrəmanlıq onun canında, qanında idi.
Xalqımızın başına
açdıqları müsibətə görə ermənilərə
nifrət edirdi. İntiqam hissi ilə
alışıb yanırdı. Və
müharibə başladığı, torpaqlarımızı
geri almaq imkanı yarandığı üçün
sevinirdi. Heyf ki, şəhid oldu, qələbəmizi
tam görə bilmədi. Bu, məni çox incidir...
Sonuncu zəng...
Nərminə Ağamalıyeva deyir ki, həyat
yoldaşı müharibədə olduğu müddətdə
təxminən 5-6 dəfə telefonla danışıblar. Həmişə
də söhbətlərinin sonunda ona eyni sözləri deyirdi
- “Hər an hər şeyə hazır ol, müharibədə
hər şey ola bilər”. Axırıncı
dəfə isə oktyabrın 29-da danışırlar. Bu, onların son söhbəti olur.
- Bir
neçə gün idi Şəhriyardan xəbər
çıxmırdı, əlaqə saxlaya bilmirdik deyə
narahat qalmışdıq. Axırı
oktyabrın 29-da zəng etdi, çox sevindik, rahatladıq xeyli.
Amma budəfəki danışığı əvvəlkilər
kimi olmadı. Uşaqları
tapşırdı mənə. Dedi “özündən
muğayat ol, uşaqları qoru. Mənə nəsə
olsa, özünü itirmə, möhkəm dur”. Elə
bil ürəyinə dammışdı... Vəsiyyətini
edirdi...
Amma mən heç inanmırdım şəhid olar. İçimdə inam
vardı ki, ona heç nə ola bilməz.
Görünür qismət beləymiş... Şəhidlik
alnına yazılıbmış deməli. Şəhadət elə bir uca məqamdı ki,
yalnız Allah tərəfindən seçilmişlərə
qismət olur. Şəhriyar da o
seçilmişlərdəndi. Mən
şəhidimlə fəxr edirəm. Qürur duyuram ki, belə
bir qəhrəman kişinin həyat yoldaşıyam...
Şəhriyar Ağamalıyev oktyabrın 30-da
Suqovuşanda qəhrəmancasına şəhidlik zirvəsinə
ucalır. Həmin gün 7-8 əsgər pulemyot atəşinə
məruz qalır və hamısı şəhid olur. Ş.Ağamalıyev yaralı yoldaşını
döyüş bölgəsindən çıxarmaq istəyəndə
snayperlə vurulur. Həmin gün ermənilər
dayanmadan atəş açaraq komandirin nəşinin
döyüş bölgəsindən çıxarılmasına
imkan vermirlər. Bir gün sonra səhərə
yaxın leytenantın nəşini döyüş ərazisindən
çıxarmaq mümkün olur.
- Əvvəl məndən gizlətdilər. Qayınanam anama xəbər
verdi. Anam dedi hazırlaş, Hacıqabula
gedirik, ancaq səbəbini demədi. Gördüm
anam ağlayır. Soruşdum nə olub,
niyə ağlayırsan? Heç nə demədi.
Bircə onu soruşdu ki, toyunuzun neçə ili
tamam oldu? Üç il. Cəmi
üç il...
“Yuxuda
saçıma sığal çəkib, dedi səbrli ol...”
Şəhriyar Ağamalıyev Hacıqabul rayonunun Şəhidlər
xiyabanında dəfn olunur. Ali Baş Komandan, Prezident İlham
Əliyevin sərəncamları ilə hərbi hissə
qarşısında qoyulmuş tapşırıqların
icrası zamanı vəzifə borcunu şərəflə
yerinə yetirdiyi, Suqovuşan kəndinin işğaldan azad
edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
şəxsi igidlik və şücaət nümayiş
etdirdiyi üçün ölümündən sonra “Vətən
uğrunda” və “Suqovuşanın azad olunmasına görə”
medalları ilə təltif edilir.
Şəhriyarın yoxluğu Nərminəyə olduqca
pis təsir edir. Ağır sarsıntı, depressiya
keçirir. Xeyli müddət özünə
gələ bilmir. Hər şeydən, hər kəsdən,
həyatın özündən küsür... Lakin bu çətin
vəziyyətdən də onu elə Şəhriyar
çıxarır...
-
Özümü çox pis hiss etdiyim günlərin birində
Şəhriyar yuxuma gəldi. Saçıma sığal
çəkib dedi səbrli ol, hər şey düzələcək.
Şəhid olandan sonra bircə dəfə onda
Şəhriyarı yuxuda gördüm. Yəqin necə
iztirab çəkməyim ona əyan olubmuş...
Şəhriyardan sonra yaşamaq mənim
üçün çox çətin idi. Yoxluğu əsl
əzab, dözülməz iztirab idi. Elə bil mən də
onunla bərabər ölmüşdüm... Ağır
depressiyaya düşmüşdüm. Heç kim gözümə görünmürdü,
uşaqlarım da... Şəhriyar təkcə
həyat yoldaşım, sevdiyim yox, dostum, sirdaşım, həmdəmim
idi. Bundan sonra həyatda, yanımda
olmayacağını dərk etdikcə ürəyim qan
ağlayırdı. Amma o yuxu elə bil məni
ayıltdı, güc verdi. Axı
mən ona söz vermişdim ki, möhkəm olacam, dik duracam.
Əmanətlərinə sahib çıxacam,
qoruyacam, yarıda qalan arzularını gerçəkləşdirəcəm.
Elə onun amallarını yaşatmaq naminə yaşayacam... Allahıma sonsuz təşəkkür edirəm ki, nə
yaxşı övladlarımız var. Onlar Şəhriyarın
mənə əmanətləri, yadigarlarıdı. Bu həyatda
yaşamaq məramım, gücüm yalnız onlardı...
“O cür
qəhrəmanın həyat yoldaşı olmaq fəxrdir”
Yanvarın 26-da Şəhriyar Ağamalıyevin ikinci
övladı, qızı dünyaya gəlir. Çox
arzuladığı bu günü görmək, balasına istədiyi
adı qoymaq ona qismət olmur. Qızlarının
adını Nərminə özü qoyur - Şəhrinur, yəni
Şəhriyarın nuru. Yeni doğulan körpənin zəruri
xərclərinin qarşılanması üçün
“Yaşat” Fondu tərəfindən anaya 1000 AZN təqdim olunub
və uşağın adına 5000
manatlıq hesab açılıb. Həmin məbləğin
üzərinə mütəmadi olaraq faiz toplanılacaq və
şəhid övladı 16 yaşına çatdıqdan
sonra toplanan məbləği özü hesabından
çıxara biləcək.
- Stress, həyəcan keçirdiyim üçün qızımın səhhətində bir az problemlər vardı. Amma çox şükür aradan qalxdı. Şəhriyar hələ qızı ilə görüşməyib. Qırxı çıxandan sonra Novruz bayramı ərəfəsində Şəhrinuru atasının ziyarətinə aparacam. Fevralın 28-də isə oğlumuz İmranın
1 yaşı tamam oldu. Kimin ağlına gələrdi ki, İmranın ilk doğum günündə atası yanımızda olmayacaq?! Halbuki necə planlarımız, arzularımız vardı... Çox istəyirdi uşaqları xarici dilləri bilsinlər, ali təhsil alsınlar. Paytaxtda ev almağı arzulayırdı. Çünki işi ilə əlaqədar daim kirayələrdə qalırdıq. Hazırda isə Xarici Dillər Universitetinin yataqxanasında anamgilin yanında məskunlaşmışıq. Ev şəraitimiz yoxdu. Şəhid ailəsi olaraq Bakıda evlə təmin olunsaq, şad olaram. Hazırda özüm də işsizəm.
Ümid edirəm Şəhriyarın adı da əbədiləşdirilər.
Sağ olsun cənab Prezident, ölümündən sonra Şəhriyarı
iki medalla təltif etdi. O, hər mükafata layiq hərbçi
idi. Amma əlbəttə, nə qədər mükafat, medal
olsa da, heç nə Şəhriyarı əvəz edə
bilməz. Onunla nə qədər fəxr etsək, azdır. O
cür qəhrəman hərbçinin həyat yoldaşı
olmaq özü də bir fəxrdir. Kaş sağ qalaydı,
yanımızda olaydı...
Deyirlər, zaman bütün dərdlərin, yaraların dərmanı, məlhəmidir. Lakin elə dərin, qapanmayan yaralar var ki, illər ötsə də, tam sağalmır. Yalnız üzəri qaysaqlayır, içdən-içə isə daim qanayır, ağrıyır, sızıldayır. Sevdiyinin, şəhri yarının, ömür-gün yoldaşının, həyat dostunun yoxluğu da heç bir zaman sağalmayacaq yaradır Nərminə üçün. Amma elə bu yarayla birgə yaşamağı, bütün ağrılara, çətinliklərə rəğmən qürurlu şəhid xanımı kimi həyatını davam etdirməyi öyrənir artıq... Çünki yaşamaq üçün böyük bir amalı var - Şəhriyar Ağamalıyevin əmanətləri, nəslinin, adının davamçıları olan övladlarını onun şanına layiq, elə öz arzuladığı kimi böyüdüb, boya-başa çatdırmaq...
Xəyalə
MURADLI
Azərbaycan.-2021.- 3 mart.- S.6.