Astara dünəni hara, bugünü hara...
Arxeoloji qazıntılar zamanı tapılan əşyalar, tikili qalıqları, qalalar tarixin müəyyən dövrlərinin
nişanələridir. Bu mənada Astara rayonu ərazisindən aşkar edilən müxtəlif əşyalar,
Tunc və Dəmir dövrlərinə
aid tapıntılar da
həmçinin.
İnsan övladı nəsil-nəsil
doğulub, boya-başa
çatıb, çalışıb-vuruşub,
yaşayıb bu qədim diyarda. Hər nəsil
də özündən
sonra bir iz qoyub gedib.
Miladdan əvvəl I minilliyin sonuna aid edilən insanın daş heykəli, Şindan qalası, Alaşa, Divon-kə, Divə-kə,
Qala-kafo və digər qalalar, qədim abidələr buna əyani nümunədir. Onlar Azərbaycan
xalqının zaman-zaman
öz torpaqlarını
yadellilərin hücumlarından
qorumaq uğrunda apardığı mübarizələrin
dilsiz şahidləridir.
1828-ci ildə Rusiya
ilə İran arasında bağlanmış
müqavilə Azərbaycanı
ikiyə böldü. O tay-bu tay məfhumu
da onda yarandı.
Bu ayrılıq, bu həsrət hər iki tayın
adamlarını yandırıb-yaxdı.
Alimlərimiz, aşıq və
şairlərimiz, yazıçılarımız
bu həsrətdən
doğan neçə-neçə
əsərlər yaratdılar.
M.İbrahimov, S.Vurğun, S.Rüstəm,
Şəhriyar, B.Vahabzadə,
B.Azəroğlu, M.Gülgün,
S.Tahir və başqalarının əsərləri,
ayrı-ayrı parçaları
dillər əzbəri
oldu. Bu da
taleyin bir qismətidir, neyləmək
olar?
Ancaq Azərbaycan öz yaralarını sağaltmağa çalışaraq gələcəyə nikbinliklə baxdı. Ölkələr, millətlər arasında boy verdi. Sovetlər birliyi zamanında ikiyə bölünmüş xalq bir-birini görməyə həsrət qalmışdı. SSRİ-nin süqutundan sonra isə gediş-gəliş yarandı. Çünki Azərbaycan yeni - müstəqil dövrünə qədəm qoymuşdu.
Müstəqilliyə qovuşduğumuz 25 ilə yaxın bu müddətdə respublikamızın hər yerində olduğu kimi, Astarada da çox işlər görülüb. Odlar yurdunun cənub qapısı olan bu rayon inkişaf edib, abadlaşıb. Düzdür, ulu Tanrı bu yerlərdən öz səxavətini əsirgəməyib. Ancaq insan əlləri ilə görülən işlər də bu gözəlliyə yeni çalarlar qatıb, onu daha da zənginləşdirib. Regionların sosial-iqtqsadi inkişafı dövlət proqramları çərçivəsində burada qərinələrə bərabər işlər görülüb və bu işlər indi də davam edir. Faktlara nəzər salaq: ölkəmizdə modul tipli ilk elektrik stansiyası Astarada tikilmiş və 2006-cı ilin fevral ayının 8-də istifadəyə verilmişdir. Astara Qaz Kompressor Stansiyasının birinci hissəsinin inşası 2005-ci, ikinci hissəsi isə 2011-ci ildə başa çatdırılmışdır. İndiyədək rayon üzrə 37 yaşayış məntəqəsi qazlaşdırılmış, “mavi yanacaq”dan istifadə edən abonentlərin sayı 16 minə çatdırılmışdır. Bu da mövcud ev təsərrüfatlarının 76,2 faizini təşkil edir. Rayonun elektrik təsərrüfatı da yenidən qurulmuş, əhali keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunmuşdur. Astarada təhsilin də inkişafı diqqət mərkəzindədir. Ötən dövrdə rayon üzrə 9 min 120 şagirdlik 33 məktəb, o cümlədən Heydər Əliyev Fondunun vəsaiti hesabına 1720 şagirdlik 5 yeni tipli məktəb binası inşa edilmiş, 6 məktəb əsaslı təmir olunmuşdur. Rayon mərkəzindəki 2 saylı uşaq bağçası da əsaslı təmirdən sonra yeni görkəm almışdır.
Aparılan quruculuq işlərinin nəticəsi olaraq Astarada Heydər Əliyev Mərkəzi, Bayraq meydanı, Gənclər evi, Astara Olimpiya İdman Kompleksi, Boks Mərkəzi, doqquzmərtəbəli ev, şəhid ailələri və müharibə əlilləri üçün 32 və 16 mənzilli iki yaşayış binası, xeyli sayda fərdi ev, rayon mərkəzində və Siyakü kəndində sitrus meyvələrinin saxlanılması üçün soyuducu kameralar, 18 poçt şöbəsi, 4 feldşer-mama məntəqəsi, 3 min tonluq taxıl anbarı, Çayoba kəndində çay emalı fabriki, vergi terminalı və maliyyə idarəsi üçün inzibati binalar, “Şindan” mehmanxanası, uşaq əyləncə və “Abşeron”, “Relax”, “Ceyhun” istirahət mərkəzləri, yük terminalı və rüsumsuz ticarət mərkəzi, çınqıl zavodu tikilmiş, onlarca bina əsaslı təmir edilmiş, küçələr, prospektlər, məhəllələr yenidən qurulmuşdur. Son 13 ildə rayonda 150 kilometr yol əsaslı şəkildə abadlaşdırılmışdır.
Lənkəran və Astara rayonları ərazisinə payız, qış və yaz mövsümündə yağıntı çox düşür. Bu da bir sıra problemlər yaradır, həyətləri, küçə və yolları su basır. Əhalinin sel sularından təhlükəsizliyini təmin etmək üçün Astara və Pensər çaylarının sahilində bəndatma işləri görülmüşdür. Neftin qiymətinin düşməsi ilə bağlı yaranmış maliyyə problemlərinə baxmayaraq, Astarada aparılan quruculuq işləri üçün kifayət qədər vəsait ayrılması nəzərdə tutulur. Hazırda “Astara” Su-Elektrik Stansiyasının tikintisi davam edir. Təsadüfi deyil ki, ölkə rəhbəri İlham Əliyev Astaranın sosial-iqtisadi inkişafı ilə bağlı 12 sərəncam imzalamışdır.
İki il bundan öncə salınan Dənizkənarı bulvar Astara şəhərinin hüsnünə xüsusi görkəm verir. Burada hər şey gözəldir, səliqə-sahmanlıdır. Bulvar indi hər bir astaralının ən çox sevdiyi məkandır. Bulvarda böyüklərlə yanaşı, uşaqların, gənclərin istirahəti, asudə vaxtlarını şən və mənalı keçirmələri üçün hər bir şərait yaradılmışdır. Uşaq əyləncə mərkəzindəki müxtəlif qurğular, cürbəcür heykəllər buraya əsrarəngiz görkəm verir. “Yelkən” kafesi dəniz sularında qanad açan yelkənli gəmiyə bənzəyir. Quraşdırılan fanarlar, salınan yaşıllıqlar, əkilən gül kolları buranı daha da baxımlı edir. Bulvarın bir tərəfində yaradılmış çimərlikdə hələlik nisbi sakitlikdir. Yayda isə burada hər gün yüzlərlə adam günəş vannası qəbul edir, dincəlir. Ginnesin rekordlar kitabına düşmək üçün tikilmiş nəhəng təndirdə (bunu restoran da adlandırmaq olar), demək olar ki, milli mətbəximizin bütün xörəkləri hazırlanır.
Bulvardan dağlar
çox aydın görünür.
Sanki ora 5-6 dəqiqəlik
yoldur. Belə bir əsrarəngiz
mənzərə bu yerlərin turizm məkanına çevrilməsi üçün əlverişli zəmin
yaradır. Dəniz, günəş, dağ,
meşə, bulaqlar, tarixi
qalalar yaxın gələcəkdə
Astaranın nümunəvi turizm
diyarlarından biri olacağına əminlik
yaradır.
...Biz
rayon mərkəzindən çıxıb Lənkəran
istiqamətinə doğru hərəkət edərkən
radioda Gülağa Məmmədov və Flora Kərimovanın
ifasında səslənən lent yazısı Astaradan
aldığımız təəssüratla sanki
üst-üstə düşürdü:
Vətən günü-gündən dönür
gülzara,
Gör dünənin hara, bugünün
hara...
Seyran CAVADOV
Azərbaycan.-2021.- 3 mart.- S.5.