Şəhidin cənnətdəki ilk doğum günü

 

 

Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına şəhid olan igid oğullarımızdan biriTovuzun Aşağı Öysüzlü kənd sakini Fikrət Akif oğlu Zeynallıdır. Yaşasaydı 26 yaşı olacaqdı. Amma Fikrət şəhidliyi ilə Vətən göylərinə ucaldı və bu ucalıqla tovuzlulara şərəf gətirdi.      

Fikrət Zeynallı 1995-ci ildə dünyaya göz açmışdı. Atası riyaziyyatçı olduğundan ona bu elmin sirlərini mükəmməl öyrətmişdi. Yəqin ki, bu səbəbdən Fikrətin hələ uşaqlıqdan arzusu riyaziyyatçı olmaq idi. Hətta dəfələrlə riyaziyyat olimpiadalarında birinci yerə çıxmışdı. Bu istedadı onu 2012-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə gətirdi. Müəllim olmaq, şagirdlərə elm, təhsil vermək istəyirdi. Təhsil illərində də nümunə göstərən Fikrət nəinki fakültədə, eləcə də universitetdə öz fəallığı ilə seçilirdi. Dərs əlaçısı olmaqla yanaşı, ictimai işlərdə də nümunə göstərən Fikrət 2016-cı ildə ali təhsilini başa vurub həqiqi hərbi xidmətə yollandı.

2020-ci ilin sentyabr ayında erməni silahlı qüvvələrinin torpaqlarımıza hücum edərək yenidən təxribata əl atması Fikrətə də rahatlıq vermədi. O, ərizə ilə müraciət edərək könüllü olaraq təlim məşq toplanışına qatıldı. Bir müddətdən sonra Qarabağ uğrunda gedən döyüşlərə qatıldı. Füzuli, Xocavənd uğrunda gedən döyüşlərdə şücaət göstərdi. Döyüş yoldaşlarının dediklərinə görə, Fikrət ölümdən qətiyyən qorxmurdu. Yeri gələndə yoldaşlarına söyləyirdi ki, insan vətənsiz heç kimdir. “Bizim vətənimizin isə bir qismi düşmən əlindədir. Əgər onu geri ala bilməsək, bu torpağın üstündə gəzmək bizə haram olar”. Elə sonuncu dəfə atası ilə telefonla danışanda da sözünü həmin kəlmələrlə bitirmişdi.

Fikrətin atası Akif müəllim oğlunun əsl vətənpərvər və doğma yurduna bağlı olmasından ağızdolusu danışır. Deyir ki, birinci dəfə döyüşə girəndə məndən də, anasından da halallıq aldı: “Sonra qardaşı və bacısı ilə danışdı. Onların etimadını doğruldacağını söylədi”.  Anası Qızxanım bacımız da oğlu ilə fəxr etdiyini bildirdi: “Bir neçə dəfə telefonla danışdı. Hər dəfə də deyirdi ki, şəhidlərimizin qanını almamış geri qayıtmayacaq”.

Noyabrın 9-da Xocavənd istiqamətində gedən döyüş zamanı Fikrət və  döyüşçü yoldaşları mühasirəyə düşürlər. Özünü və dostlarını xilas etmək üçün döyüşə atılan Fikrət şəhid olur. Ölümündən sonra dövlət başçısının sərəncamı ilə o, “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilir.

Fevralın 23-də Fikrətin 26 yaşı tamam olurdu. Evdə adına qazan da asmışdılar. Atası otaqlardan birinin qapısını açıb bizi içəri dəvət etdi. Burada Fikrətin uğurlarını əks etdirən şəkillərdən ibarət guşə yaradılmışdı. Akif müəllim bir-bir onları göstərir, fəxrlə oğlunun nailiyyətləri barədə məlumat verirdi. Bizə isə ancaq şəhidin ata-anasına təsəlli vermək qalırdı. 

Allah bütün şəhidlərə rəhmət eləsin!

 

 

Sabir ƏLİYEV

Azərbaycan.-2021.- 3 mart.- S.6.