Bəyanatdan irəli gələn öhdəliklər yerinə yetirilməlidir

 

Əks təqdirdə Ermənistan daha ağır duruma düşəcəkdir

 

 

Xocalı soyqırımının törədilməsindən 29 il ötdü. Ermənistan 1992-ci ildən son hadisələrədək faşizm siyasəti yürüdərək Azərbaycan xalqına böyük zərbələr vurub: hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhər və kəndlərimizin atəşə tutulması, eyni zamanda İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması - bütün bunlar erməni faşizminin təzahürləridir.

Xocalı soyqırımının 29-cu ildönümü günü Prezident İlham Əliyev yerli və əcnəbi KİV nümayəndələri üçün onlayn formatda mətbuat konfransı keçirdi. Azərbaycan Prezidenti Xocalı soyqırımı və erməni vandallığı ilə bağlı fikirlərini bir daha geniş ictimaiyyətin diqqətinə çatdırdı. Dövlət başçısı eyni zamanda jurnalistlərin suallarını cavablandırarkən 44 günlük Vətən müharibəsinin nəticələrindən, Ermənistanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli kapitulyasiya aktına imza atmağa məcbur qalmasından sonra bölgədə qüvvələr nisbətinin dəyişməsindən bəhs etdi.

Azərbaycan Prezidenti öncə Xocalı qətliamında əli xalqımızın qanına batan erməni cəlladlarının, daşnakların, “Böyük Ermənistan” xülyası ilə iki əsrə yaxındır “ideoloji mübarizə” aparan, əslində isə, terrorçuluqla məşğul olan, uşaq qatilləri olmaqları ilə fəxr edən, bunu yazıb “tarixləşdirən”ləri, həmçinin bu gün də Ermənistanda ara qarışdıran, dinc əhalini hakimiyyətə qarşı çevirənlərin özlərinin cinayətkar olmalarını bir daha dünyaya bəyan etdi: “...Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdirbu proses davam etdirilir. Azərbaycan dövləti eyni zamanda ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəallıq göstərirlər və bu gün dünyada Xocalı soyqırımı haqqında kifayət qədər dolğun məlumat vardır. Ermənistan dövlətinin hərbi cinayətləri sənədləşdirilib, video, fotomateriallar kifayət qədər geniş auditoriyaya təqdim edilibdir. İndi bütün dünya görürbilir ki, Azərbaycan xalqı XX əsrin sonunda soyqırımına məruz qalmışdır”.

Dövlət başçısının bəyan etdiyi kimi, Xocalı soyqırımını törətməsi ilə Ermənistan, əslində, Azərbaycan xalqının iradəsini qırmaq istəyirdi. Təsadüfi deyil ki, Ermənistan rəhbərləri - hərbi cinayətkarlar xarici jurnalistlərə müsahibə verərkən bildirirdilər ki, Ermənistan bu hərbi cinayəti dinc əhaliyə qarşı törədib.

Başda Müzəffər Ali Baş Komandan olmaqla, zəfər çalan Milli Ordumuz Xocalı qurbanlarının intiqamını döyüş meydanında aldı. 44 günlük Vətən müharibəsində Ermənistanın  yenilməzliyi haqqında qondarma mif yaratdığı ordusunu darmadağın edərək, öz tarixi torpaqlarımızı işğalçılardan təmizlədi. Bu həm də Xocalı qurbanlarının qanının alınması deməkdir. Çünki döyüşlərdə Xocalı qətliamında qanlı əli olanlardan bir neçəsi də məhv edildi.

Bu gün Azərbaycan dünyada XXI əsrin müharibəsinin qalibi olan güclü dövlət kimi tanınır və heç vaxt imkan verməz ki, bir daha erməni faşizmi baş qaldırsın. Hansı ki, kapitulyasiya aktına imza atmağa vadar edilən Ermənistanda yenidən çevriliş edərək hakimiyyətə gəlmək istəyənlərin belə meyilləri görünməkdədir.

Azərbaycan Prezidenti Vətən müharibəsindən sonrakı aylar ərzində ölkəmizdə işğaldan azad edilən ərazilərdəki reallıqları öz gözləri ilə görmək üçün respublikamıza gələn xarici KİV təmsilçilərinə bununla bağlı təşəkkürünü də bildirdi:Bu günlərdə Azərbaycanda bir çox tədbirlər keçirilirbu tədbirləri işıqlandırmaq üçün xaricdən böyük bir jurnalist qrupu gəlmişdir. Mən onlara təşəkkürümü bildirirəm ki, bu hadisələri, bu soyqırımını işıqlandırmaq üçün bu gün Azərbaycandadırlar. Eyni zamanda bilirəm ki, onların bəziləri azad edilmiş torpaqlara getmişlər, o dağıntıları öz gözləri ilə görmüşlər və bundan sonra da gedəcəklər. Buna görə bir daha dərin təşəkkürümü bildirirəm...”

Mətbuat konfransında yenə də bəzi xarici KİV tərəfindən verilən sualların təxribat xarakter daşıması ilk andaca özünü göstərdi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidentinə mətbuat konfranslarında ünvanlanan suallar yenə də verilirdi. Dövlət başçısının əsaslı faktlarla cavabı isə özünü çox gözlətmirdi.

Ermənistanda hakimiyyət böhranının, çaxnaşmaxaosun hökm sürdüyü bu günlərdə Azərbaycan böyük qayıdış üçün hazırlıq işləri görür və bərpa, yenidənqurma,  yeni həyat uğrunda əməli, konkret fəaliyyətlə məşğul olur. Bundan sonra Ermənistanla hansı və nə kimi kommunikasiya əlaqələrinin qurulması fikirləri də maraq doğuran suallardan hesab olunurdu. Ermənistandakı hazırkı duruma münasibətini bildirərkən dövlətimizin başçısı qeyd etdi ki, orada baş verən hadisələr onların daxili işidir: “...Mən dünən şəhid ailələri ilə görüşdəki çıxışımda o cümlədən Ermənistandakı vəziyyətə də toxundum. Ancaq onu bildirmək istəyirəm ki, o çıxış hadisələrdən əvvəl edilmişdir. Yəni mənim şəhid ailələri ilə görüşüm təqribən saat 10:30-da olmuşdur və mən Ermənistandakı hadisələrdən ondan sonra xəbər tutdum. Ona görə istəyirəm hər kəs bilsin ki, mənim şərhlərim bu hadisələrdən əvvəl edilmişdir...”

Ermənistan elə bir ağır durumdadır ki, orada gedən proseslər ölkənin dövlətçilik əsaslarını böyük dərəcədə sarsıdır. Bunun günahkarları Ermənistanın əvvəlki və indiki rəhbərləridir. Çünki iyirmi il ərzində Köçəryan-Sarkisyan xuntası Ermənistanı faktiki olaraq uçuruma aparırdı və böhranlı vəziyyətə gətirib çıxardı. Ölkə demək olar ki, bütövlükdə müstəqillik əlamətlərini itirmişdi, əslində, müstəmləkəyə bənzəyirdi. Əfsuslar olsun ki, nə əvvəlki xunta rejimi, nə də 2018-ci ildə hakimiyyətə gəlmiş hökumət  Azərbaycanın dövlət başçısının çağırışlarına qulaq asmadı. Əlbəttə, vaxtında qulaq asılsaydı, onlar bu gün belə rəzil duruma düşməzdilər.

“Ermənistanda hazırda tamamilə böhranlı vəziyyətdir”, - deyə Azərbaycan Prezidenti vurğuladı ki, onların daxili vəziyyəti ilə bağlı hər hansı bir şərh vermək istəməzdi: “Prinsip etibarilə biz heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmırıq, xüsusilə indiki həssas məqamda. Ancaq müharibənin nəticələri dəyişməz olaraq qalır və qalacaq. Noyabrın 10-da imzalanmış Bəyanat icra edilirtam icra edilməlidir. O Bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ancaq elə məsələlər var ki, onlar indi müzakirə mövzusudur. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış Bəyanat icra ediləcəkdir. Əks təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar. Biz yeni reallıqlar yaratmışıq”.

Artıq regionda yeni reallıq yaranıb. Bunu Azərbaycan yaradıb. Onunla Ermənistan və eyni zamanda himayədarları barışmağa məcburdurlar.  Bu gün Ermənistan bir neçə seçim  qarşısındadır. Onların arasında ən məqbul seçim 10 noyabr Bəyanatının müddəalarını icra etməkdir. Yoxsa Azərbaycan Prezidentinin xüsusi vurğuladığı kimi, qarşı tərəf üçün daha da böyük problemlər yarana bilər.

Daha sonra jurnalistləri maraqlandıran Füzulidə tikintisinə başlanan hava limanı və dünyanı hələ də öz təsirində saxlayan COVID-19 koronavirusa qarşı vaksinasiya ilə bağlı məsələlərə dövlət başçısının əsaslı cavabları oldu.

Azərbaycan Prezidenti Füzuli Hava Limanının beynəlxalq əhəmiyyətli olacağını bir daha nəzərə çatdırmaqla, onun Qarabağın işğaldan azad edilmiş ərazilərində yeni həyat üçün olduqca vacib infrastruktur olduğunu bildirdi: “...Əgər bütün işlər plan üzrə getsə, aeroport payızın əvvəlində istifadəyə veriləcək. Bu, bizə həmin hava limanından həm xaricdən alacağımız yüklər nəzərə alınmaqla ərazilərin bərpası üçün, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlmələri üçün istifadə etməyimizə imkan verəcək. Ona görə ki, aeroport ilə eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu tikilir. Həmin yollardan birinə mən “Qələbə” yolu adı vermişəm...”

Prezident, Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın xüsusi təyinatlı qoşunları məhz həmin yolla meşələrdən və qayalardan keçərək Şuşa şəhərinə gediblər. Nisbətən aran ərazidən keçən digər yol isə aeroportdan birbaşa gediş-gəlişi təmin edəcək. Turistlər də belə bir imkana malik olacaqlar. Bu isə Azərbaycanın daha da güclü, qüdrətli inkişafı üçün mühüm şərtlərdən biridir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

Azərbaycan.-2021.- 4 mart.- S.1;4.