Prezident İlham Əliyev Azərbaycanı uğurlu innovativ tədbirlərlə
yeni zəfərlərə aparır
Dövlət başçısı İlham Əliyev 18 yanvar 2021-ci il tarixdə Sumqayıt Sənaye Parkında iki yeni sənaye müəssisəsinin təməlini qoydu və bir yeni istehsal müəssisəsinin açılışını həyata keçirdi. Üç gün sonra Azərbaycan Respublikası ilə Türkmənistan arasında Xəzər dənizində yerləşən "Dostluq” neft və qaz yatağının birgə işlənilməsinə dair olduqca əhəmiyyətli bir razılaşma imzalandı. Ardınca bölgədə ölkələr arasında nəqliyyat kommunikasiyalarının açılması ilə əlaqədar fəaliyyətə başlandı və beynəlxalq işçi qrupunun toplantısı keçirildi. Fevralın 2-də isə Prezident İlham Əliyev Azərbaycanın 2030-cu il üçün beş əsas milli prioritetini hədəflədi. 20 fevral 2021-ci ildə çox önəmli olan Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyasının iclası keçirildi və 11 mühüm sənəd imzalandı. 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış parlaq hərbi qələbədən sonra olduqca qısa zaman kəsiyində ölkənin sürətli və innovativ inkişafına yönəlik bu yeni təşəbbüslər və fəaliyyət iqtisadiyyatın dayanaqlılığı, ölkənin inkişaf strategiyasının davamlılığı və inklüzivliyi, bütün xalqın, çağdaş və gələcək nəsillərin rifahına qulluq etməsinin təzahürüdür.
Azərbaycan Respublikasının bugünkü uğurlu inkişafının əsasında səmərəli və innovativ dövlət idarəçiliyi durur. Bu prosesin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuş və olduqca mürəkkəb bir şəraitdə müstəqilliyini yenicə bərpa etmiş ölkənin dövlət idarəçilik sistemini qurmuşdur. Ölkə siyasi, iqtisadi və sosial böhrandan çıxmış, stabil inkişaf prosesinə qoşulmuşdur. Son 17 ildə isə Prezident İlham Əliyevin dövlət idarəçiliyində tətbiq etdiyi, müasir elmə əsaslanan innovativ idarəçilik texnologiyaları inkişaf prosesini yeni səviyyəyə qaldırmaq imkanı yaratdı. Bu, idarəçilik elminə əsaslanan tam yeni texnologiyalardır və ilk dəfə kompleks şəkildə Prezident İlham Əliyev tərəfindən həyata keçirilərək, istedada, geniş və dərin intellektə, ən müasir peşə biliklərinə əsaslanır. Ölkədə Birinci vitse-prezident institutunun formalaşması, bu vəzifədə Mehriban xanım Əliyevanın milli və beynəlxalq səviyyədə parlaq fəaliyyəti iqtisadi nailiyyətlərin sosial və humanitar uğurlara səmərəli transformasiyasını təmin etmişdir. Bunun nəticəsidir ki, beynəlxalq təşkilatların dəyərləndirilmələrinə görə, müstəqilliyini nisbətən qısa bir zamanda bərpa etmiş Azərbaycan Respublikası öz iqtisadi və sosial göstəriciləri ilə yüz illər tarixi olan bəzi inkişaf etmiş ölkələr səviyyəsindədir, digər hallarda isə onları da geridə qoyub və şərhsiz dünya lideridir. Bu, xüsusilə XXI əsrdə müasir dünyanın əsas prioriteti olan hazırkı və gələcək nəsillərin maraqlarına xidmət edən davamlı inkişaf və dayanaqlı iqtisadiyyata əsaslanan, hər bir vətəndaşın rifahını nəzərdə tutan inklüziv cəmiyyətin formalaşmasına aiddir. Bu gün Prezident İlham Əliyev tərəfindən ən müasir elmə əsaslanan belə bir platformanın yaradılması, 2030-cu il üçün hədəflənmiş milli prioritetlərin reallığından xəbər verir.
Hədəflər arasında davamlı inkişaf edən yüksək rəqabətqabiliyyətli dayanaqlı iqtisadiyyatın formalaşması prosesinin daha da sürətləndirilməsi ən vacib prioritetdir. Davamlı inkişaf edən, yüksək rəqabətqabiliyyətli dayanaqlı iqtisadiyyatın bir neçə göstəricisi mövcuddur. Onların arasında ən əsası enerjidən səmərəli istifadədir. Bu göstəricinin vacibliyi əsasən üç amillə bağlıdır. Birincisi, az enerji istifadəsi ilə daha çox dəyəri olan məhsul istehsal etmək istehsalat xərclərini azaldır ki, bu da iqtisadi baxımdan əlverişlidir. İkinci xüsusiyyət onun ilə əlaqədardır ki, hazırda dünyada istifadə olunan enerjinin 70 faizdən çoxunu kömür, neft, qaz və digər oxşar “fossil” kimi məlum olan yanacaq mənbələri təşkil edir və onlar da əsasən bərpa olunmayan təbii ehtiyatlara aiddir. Eyni iqtisadi nəticə üçün bu enerji mənbələrinin daha az sərf olunması onların gələcək nəsillər üçün qorunmasına və gələcəkdə daha səmərəli istifadəsinə xidmət edir. Nəhayət, nisbətən az enerjidən istifadə etməklə daha çox məhsul istehsalı ətraf mühitə atılan və iqlim dəyişmələrinə təsir göstərən istixana qazlarının azalması üçün vacibdir. Enerjidən səmərəli istifadə bərpa olunan enerjiyə tam keçənə qədər və bu məqsədə nail olduqdan sonra da davamlı inkişaf, dayanıqlı iqtisadiyyat və inklüziv cəmiyyətin formalaşması üçün vacib amil olacaq.
İnnovativ və yüksək rəqabətə dayanıqlı iqtisadiyyatın vacib xüsusiyyəti olan enerjidən səmərəli istifadə ilə əlaqədar vəziyyət beynəlxalq statistikada bir neçə üsulla dəyərləndirilir. Onlardan biri müxtəlif ölkələrdə bir vahid enerjinin istifadəsi ilə hansı dəyərdə ümumdaxili məhsulun istehsal olunmasına əsaslanır. Bu zaman məhsulun dəyəri, alıcılıq qabiliyyəti nəzərə alınmaqla, ABŞ dollarında, enerji vahidi kimi isə bir kiloqram neftdə olan enerjinin miqdarı götürülür. Enerji müxtəlif mənbələrdən, o cümlədən istilik, atom elektrik stansiyalarından və yaxud bərpa olunan su, günəş, külək və digər mənbələrdən alına bilər. Lakin miqdarca enerji vahidi kimi bir kiloqram neftdəki (bir bareldə mənbəyindən asılı olaraq təxminən 136 kiloqrama yaxın neft olur) enerji götürülür. Bu yanaşma onunla əlaqədardır ki, müəyyən zaman kəsiyində dünyada neftin qiyməti eynidir və bu da müxtəlif ölkələrin iqtisadiyyatında sərfiyyat-qazanc balansını müqayisə etməyə imkan verir.
Şəkil 1-dən göründüyü kimi, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və BMT-nin 2020-ci ilə mövcud olan hesabatlarına əsasən, Azərbaycan Respublikasında bir vahid enerjinin istifadəsi ilə 11,6 ABŞ dolları dəyərində məhsul istehsal edilir və yaxud xidmətlər təqdim olunur.
Qeyd edilməlidir ki, 2003-cü ildə Azərbaycanda bir vahid enerjinin istifadəsi nəticəsində istehsal olunmuş ümumdaxili məhsulun dəyəri 2,5 ABŞ dolları təşkil edirdi. Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının məlumatlarına əsasən, son 17 ildə innovativ idarəetmə və istehsal texnologiyaların tətbiqi nəticəsində Azərbaycanda enerjidən istifadə səmərəliliyi 4 dəfədən çox artmışdır. Qazanılmış nailiyyət çox uğurlu hesab edilir, iqtisadi baxımdan yüksək inkişaf etmiş ölkələr səviyyəsindədir, bəzi hallarda isə daha üstündür. Məsələn, dünyada bir barel neftin dəyəri 50 ABŞ dolları təşkil etdiyi və Azərbaycanda miqdarca bir kiloqram neftdə olan enerjinin istifadəsi nəticəsində 11,6 ABŞ dolları dəyərində məhsul istehsal olunduğu halda səmərəlilik indeksi 31,5-ə bərabərdir. Həmin miqdarda enerjinin istifadəsi ilə 9,63 ABŞ dolları dəyərində məhsul istehsal edən və əhalisinin sayı Azərbaycanla təxminən eyni olan İsveçdə isə səmərəlilik göstərici daha aşağıdır və 26,1 təşkil edir. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, hazırda Azərbaycan iqtisadiyyatının enerji səmərəliliyi 17 faiz İsveçdən yüksəkdir. Göründüyü kimi, Azərbaycan bu gün artıq rəqabətqabiliyyətli dayanaqlı iqtisadiyyata malikdir və ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən prioritetlər bu göstəricini daha da yüksəldəcək.
Azərbaycanda enerjidən istifadə səmərəliliyinin yüksək olmasını bəzi şərhçilər ölkə iqtisadiyyatının xüsusiyyətləri, karbohidrat istehsalı və ixracı ilə əlaqələndirirlər. Bu mülahizənin düzgün olduğu təqdirdə digər, dünyada tanınmış neft və qaz istehsal və ixrac edən ölkələrdə də eyni vəziyyət müşahidə edilməlidir. Lakin Şəkil 2-də təqdim olunmuş məlumatlar göstərir ki, bu qrupa daxil olan dünyanın əsas neft və qaz ixracatçıları arasında da bizim ölkə enerjinin səmərəli idarə edilməsi sahəsində liderdir. Beynəlxalq təşkilatların hesabatlarına görə, Azərbaycan Respublikası iqtisadiyyatının enerji səmərəliliyi Qətər, Oman, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, İran, Qazaxıstan kimi neft və qaz ixrac edən ölkələrin göstəricilərindən 1,5-2 dəfə yüksəkdir. Beynəlxalq təşkilatların hesabatlarına əsasən, karbohidratları istehsal və ixrac edən ölkələr arasında yalnız Norveç Azərbaycan Respublikası ilə enerjinin səmərəli idarə edilməsi göstəricisinə görə rəqabət apara bilər (şəkil 2).
Şəkil 2-dən göründüyü kimi, beynəlxalq təşkilatlar tərəfindən son ildə dərc edilmiş məlumatlara əsasən, Azərbaycan Respublikası tanınmış neft və qaz ixrac edən ölkələr arasında da təbii ehtiyatların səmərəli idarə edilməsi sahəsində liderdir. Bir daha qeyd edilməlidir ki, Azərbaycan Respublikasında son 17 ildə enerji səmərəliliyi 4 dəfədən çox artmışdır. Bu ölkə iqtisadiyyatının artıq yüksək rəqabətqabiliyyətli və dayanaqlı olmasından xəbər verir. Əldə edilmiş bu nailiyyət göstərir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş prioritetlər bərpa edilən enerji şəraitində də olduqca perspektivli, realdır və ölkə iqtisadiyyatının rəqabətqabiliyyəti davamlı artacaq.
Müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikasında dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulması hər zaman dövlət siyasətinin vacib istiqaməti olmuşdur. Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyində müasir elmə əsaslanan yeni sinergetik texnologiyaların tətbiqi, bu prosesdə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın fəal iştirakı nəticəsində sosial sahədə yüksək nəticələr əldə edilmişdir. Göstərilən istiqamətdə ölkədə yüksək sosial standartlara nail olunmuş və bu fakt əsas beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmışdır. O hesabatlardan biri bu yaxınlarda Davos Dünya İqtisadi Forumunun təsisçisi və əvəzsiz prezidenti professor K.Şvabın rəhbərliyi ilə hazırlanmış və dərc edilmişdir. Hesabatda dünyanın 146 ölkəsinin iqtisadi imkanları və bu imkanların ədalətli sosial siyasətə, əhalinin rifahına necə xidmət etdiyi təhlil edilmişdir. 600 səhifədən çox olan bu hesabatda Azərbaycan Respublikası iqtisadi imkanlarından sosial ədalətin və cəmiyyətdə bərabərliyin yüksək səviyyədə təmin olunması üçün istifadə edən və bu istiqamətdə ən uğurlu siyasət həyata keçirən ölkə kimi təqdim edilib. Qeyd edilən məlumat şəkil 3-də müqayisəli şəkildə təqdim olunmuşdur. Azərbaycan Respublikasının göstəriciləri ABŞ, Almaniya, Danimarka, Braziliya və Cənubi Afrika kimi iqtisadi inkişaf etmiş və bir sıra istiqamətlərdə lider ölkələrlə müqayisə edilir. Qeyd edilməlidir ki, bu şəkil professor K.Şvabın Davos Dünya İqtisadi Forumu üçün hazırlanmış hesabatında təqdim olunduğu kimi verilmişdir.
Şəkil 3-dən göründüyü kimi, Azərbaycan Respublikasının iqtisadi imkanları təqdim edilmiş “böyük yeddilik” (G 7), “böyük iyirmilik” (G 20) ölkələrinin mütləq əksəriyyətindən az olsa da, ölkə ədalətli sosial siyasəti uğurla tətbiq edir və artıq hazırda bu sahədə dünya lideridir. Bu isə onu göstərir ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən 2030-cu il üçün prioritet kimi hədəflənmiş sosial məqsədlərə uğurla nail olunacaq.
2030-cu il üçün planlaşdırılmış hədəflər arasında davamlı inkişaf, dayanaqlı iqtisadiyyat və uğurlu sosial siyasətin nəticəsi olan inklüziv cəmiyyətin formalaşması milli prioritet kimi müəyyən edilmişdir. Davamlı inkişafın nəticəsi kimi formalaşan inklüziv cəmiyyət son illərdə dünyanın əsas qlobal prioriteti kimi qəbul edilmişdir. İnklüziv inkişaf dövlət idarəçiliyinin elə bir yoludur ki, bu zaman ölkə hərtərəfli inkişaf edir və bu prosesin müsbət nəticələrini cəmiyyətin hər üzvü hiss edir. Ölkələrin bu sahədə əldə etdiyi nəticələri beynəlxalq təşkilatlar İnklüziv İnkişaf İndeksi (İİİ) kimi 12 iqtisadi, sosial, ekoloji və demoqrafik göstərici əsasında dəyərləndirir. Bu göstəricilər elə seçilib ki, onlar həm ölkənin hazırkı inklüzivlik durumu, həm də gələcəkdə inklüzivliyi təmin etmək potensialından xəbər versin.
Dünya ölkələrində inklüziv inkişafın vəziyyəti və İnklüziv İnkişaf İndeksinin (İİİ) hesablanması beynəlxalq ekspertlər tərəfindən ilk dəfə 2018-ci ildə aparılmışdır və Davos Forumunun rəsmi hesabatı kimi dünya ictimaiyyətinə təqdim edilmişdir. Bu tədqiqata əsasən, Azərbaycan Respublikasının inklüziv inkişaf indeksi 4,69-a bərabərdir. Bu, dünya ölkələri arasında 25-ci yerdir və olduqca yüksək nəticədir. Qlobal miqyasda ən müasir prioritet olan inklüziv cəmiyyətin formalaşması sahəsində Azərbaycan Respublikası ABŞ, Yaponiya, İsrail, İtaliya, İspaniya, Portuqaliya və digər dünya liderlərini geridə qoyub (şəkil 4).
Qeyd olunmalıdır ki, şəkil 4-də Azərbaycan ilə yanaşı, təqdim edilmiş ölkələr ya “böyük yeddilik” (G 7) qrupuna daxildir və ya dünyanın 39 iqtisadi baxımdan ən inkişaf etmiş İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvüdürlər. Onların iqtisadi imkanları Azərbaycan Respublikasından əhəmiyyətli dərəcədə yüksəkdir. Dünya Bankının 2021-ci ildə dərc edilmiş hesabatlarına əsasən, şəkil 4-də göstərilən ölkələrdə adambaşına gəlirlər alıcılıq qabiliyyəti nəzərə alınmaqla Azərbaycan Respublikasından 2,1 - 4,3 dəfə çoxdur. Buna baxmayaraq, bizim ölkənin inklüziv cəmiyyətin formalaşması sahəsində qazandığı nailiyyətlər daha yüksəkdir.
Nisbətən az vəsait hesabına daha yüksək iqtisadi və sosial nəticələrin əldə edilməsi yalnız dövlət idarəçiliyində müasir elmin, innovativ texnologiyaların tətbiqi nəticəsində mümkündür. Prezident İlham Əliyevin dövlət idarəçiliyində dünyada ilk dəfə tətbiq etdiyi yeni, sinergetik, komplementar və kompensasion yanaşmaların imkanlarına əsaslanan texnologiyalar kompleksi iqtisadiyyatın dayanıqlılığını, inkişafın davamlılığını və cəmiyyətin inklüzivliyini qısa müddətdə yeni yüksək səviyyəyə qaldırmaq imkanı yaratdı. Bunun nəticəsidir ki, hazırda beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, Azərbaycan Respublikası bu sahələrdə dünya liderləri sırasındadır, bəzi hallarda isə dünya lideridir. Qeyd edilməlidir ki, Prezident İlham Əliyev tərəfindən tətbiq olunan innovativ dövlət idarəçiliyi texnologiyaları yüksək səmərəliliyini 44 günlük şanlı Vətən müharibəsi şəraitində parlaq nümayiş etdirdi.
Müasir elm və biliyə əsaslanan və Azərbaycanın dövlət idarəçiliyində istifadə olunan innovativ texnologiyaların inklüziv cəmiyyətdə həlledici amil olması daha bir beynəlxalq araşdırmadan da aydın olur. Şəkil 5-də Azərbaycan Respublikasında və “böyük yeddilik” (G 7) ölkələrində inklüziv inkişaf indeksinin (İİİ) hər vahidinin “dəyəri” haqqında məlumat təqdim olunmuşdur. Şəkil 5-dən göründüyü kimi, Azərbaycan Respublikasında inklüziv inkişaf indeksinin hər vahidi 3840 ABŞ dollarına (alıcılıq qabiliyyəti pariteti nəzərə alınmaqla) başa gəlir. Eyni nəticəni əldə etmək və bu vəziyyəti gələcəkdə də təmin etmək üçün müqayisə edilən ölkələr 2,3-3,5 dəfə çox vəsait sərf edirlər.
Bir neçə gün öncə Prezident İlham Əliyev dörd saatdan çox və dörd dildə 40-dan çox ölkənin müxbiri üçün keçirdiyi mətbuat konfransında digər mühüm məsələrlə yanaşı, həm də ölkənin gələcək inkişaf təmayülləri ilə bağlı baxış bucağını ortaya qoydu. Dövlət başçısı Azərbaycanın postkonflikt və postpandemiya dönəmində keyfiyyətcə yeni strateji mərhələyə keçid etdiyini və bu dönəm üçün də hərtərəfli inklüziv inkişafın başlıca qayə olduğunu bütün dünyaya bəyan etdi.
Urxan
ƏLƏKBƏROV,
Azərbaycan
Respublikasının Prezidenti yanında
Dövlət
İdarəçilik Akademiyasının rektoru,
akademik
Azərbaycan.-2021.- 4 mart.- S.1;5.