Qarabağı tərk edən ermənilərin 70 faizi geri qayıtmayacaq

 

BMT-nin hesabatına görə, onlar Ermənistanda acınacaqlı durumda yaşayırlar

 

 

Bir müddət əvvəl Beynəlxalq Qırmızı Xaç Komitəsi  məlumat yaymışdı ki, postmüharibə dövründə Qarabağa qayıdan erməni əhalinin sayı siyasi məqsədlər üçün qəsdən artıq göstərilir.

Bunun ardınca Rusiya mediasında BMT-yə istinadən məlumat yayılıb ki, 44 günlük müharibə zamanı Qarabağı tərk etmiş ermənilərin cəmi 20 min nəfəri 2021-ci il yanvar ayının 20-dək geri qayıdıb. Məlumat BMT-nin Ermənistandakı müvafiq qurumlara sifariş etdiyi araşdırma hesabatında təsdiqlənib.

Araşdırmada qeyd olunur ki, müxtəlif hesablamalara görə, Qarabağı tərk edən ermənilərin 70 faizi geri qayıtmağı düşünmürlər. Ermənilərin artıq Qarabağdan üz döndərməsi açıq şəkildə müşahidə edilir.

Ermənistandan gələn ziddiyyətli məlumatlara rəğmən, BMT özü Qarabağı tərk edən ermənilərlə bağlı araşdırma aparıb. Qurumun daha bir istinad mənbəsi isə ikinci ölkələr olub. Məlum olub ki, son aylarda on minlərlə Qarabağ ermənisi Avropa ölkələrinə üz tutub.

Görünən odur ki, çətin və dözülməz həyat şəraitindən bezən ermənilərin böyük hissəsi müharibənin başlanmasından istifadə edərək Qarabağı tərk edib. Çoxları Ermənistanda qalmayaraq xaricə  üz tutub.

 BMT-nin Ermənistanda apardığı araşdırmaya əsasən, Qarabağı tərk edən ermənilərin 60 faizi əsas problem kimi yardımların ədalətsiz paylanmasından şikayətlənib. Onların təqribən 43 faizi uşaqlarının təhsil almaq,  40 faizi isə normal mənzildə yaşamaq imkanına malik olmadığını bildirib. Bundan başqa, ermənilərin 73 faizdən çoxu güzəranlarının pis olduğunu qeyd edib.

Qarabağ ermənilərinin yaşamaq istəmədikləri və ya acınacaqlı duruma düşdükləri Ermənistanda siyasiiqtisadi problemlər hər ötən gün daha da dramatikləşir. Müxalifət ordunun yardımı ilə  baş nazir Nikol Paşinyanın hakimiyyətdən devrilməsinə çalışsa da, hələlik məqsədinə nail ola bilmir. Paşinyanın əvvəlki kimi reytinqi yüksək olmasa da, siyasi ziddiyyətlərin fonunda cəmiyyətdə müəyyən dəstəyə malik olduğu şübhə yaratmır. Ona görə də baş nazir onun üçün problemə çevrilmiş silahlı qüvvələrin baş qərargahının rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Ermənistan prezidenti Armen Sarkisyan  Onik Qasparyanın vəzifəsindən azad edilməsi barədə Nikol Paşinyanın vəsatəti ilə bağlı konstitusiya məhkəməsinə müraciət edib. O, müraciətində “Hərbi xidmət və hərbi qulluqçuların statusu haqqında” qanunakonstitusiyaya dəyişikliyə nəzər yetirməsini xahiş edib. Konstitusiya məhkəməsinin Qasparyanın istefası haqda qərar qəbul etməsi gözlənilir.

Bundan narahat olan müxalifətin “Vətənin qurtuluşu hərəkatı” prezidentlə fövqəladə görüş tələb edən bəyanatla çıxış edib.  Bəyanatda deyilir ki, hərəkat baş qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı prezident Armen Sarkisyanın qərarından narahatlığını ifadə edir. Çünki Sarkisyanın konstitusiya məhkəməsinə etdiyi müraciət Qasparyanın vəzifəsindən azad edilməsinə mane olmur.

Konstitusiya hüququ üzrə mütəxəssis Qohar Meloyan baş qərargah rəisinin işdən çıxarılması ilə əlaqədar başlayan prosesin qanunsuz olduğunu iddia edir. O, özününFacebook” səhifəsində yazıb ki, baş qərargah rəisi vəzifələrini yerinə yetirməyə davam edəcək: “Konstitusiyanın 155-ci maddəsinin 3-cü hissəsində bu öz əksini tapıb. Silahlı qüvvələrin baş qərargah rəisi baş nazirin təklifi ilə konstitusiya əsasında müəyyən edilmiş müddətə respublika prezidenti tərəfindən təyin olunur... Başqa sözlə, konstitusiya baş qərargah rəisinə xüsusi bir status verir və nə respublika prezidentinə, nə də baş nazirə baş qərargah rəisini istefaya məcbur etməyə imkan vermir”.

Beləliklə, mövcud vəziyyət qarşıdakı dövrdə Ermənistanda siyasi baxımdan ağır fəsadlar yaranacağını göstərir. Ona görə ekspertlər ölkədəki böhranın daha da dərinləşəcəyini labüd hesab edirlər.

 

 Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 4 mart.- S.1;4.