Milli Məclisin
sədri Sahibə Qafarova Venesuelanın Azərbaycandakı
səfiri ilə görüşüb
Martın 3-də Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer A. Martinez Berroteranla görüşüb.
Milli
Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən AZƏRTAC-a bildiriblər ki, parlamentin
sədri qonağı səmimi salamlayaraq, ölkələrimiz
arasında coğrafi məsafənin böyük olmasına
baxmayaraq, dostluq münasibətlərimizin inkişaf etdiyini
söyləyib. İki ölkə arasında diplomatik
münasibətlərin qurulması bu
əlaqələrin inkişafı üçün
əlverişli şərait yaradıb. Yüksəksəviyyəli
səfərlər, aparılan danışıqlar və
ölkələrimiz arasında imzalanmış sənədlər
tərəflərin əməkdaşlığı genişləndirmək
barədə xoş niyyətindən xəbər
verir. Siyasi əlaqələrin
inkişafı iqtisadiyyatda, sərmayə qoyuluşunda, energetika, nəqliyyat
sektorunda, elm, təhsil,
ətraf mühitin qorunması kimi sahələrdə əməkdaşlıq
üçün mövcud
potensialdan istifadə olunmasına şərait
yaradır.
Görüşdə
sədr deyib ki, Dağlıq Qarabağ münaqişəsinin
həllində Venesuelanın Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməsi dost
münasibəti kimi dəyərləndirilir. Spiker bildirib ki,
44 günlük Vətən müharibəsi zamanı ölkəmiz
öz torpaqlarını erməni işğalından azad edərək,
ərazi bütövlüyünü bərpa etməyə
nail oldu: “İnanırıq ki, ölkəmizin bu qələbəsi
bütün dostlarımız kimi, Venesuela xalqını da
sevindirib”.
Daha sonra sədr Sahibə Qafarova deyib ki, Azərbaycan Venesuela Bolivar Respublikası ilə parlamentlər səviyyəsində münasibətlərini dərinləşdirmək niyyətindədir. Hər iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin inkişafı həyatın digər sahələrində də əməkdaşlığımızın dərinləşdirilməsinə müsbət təsirini göstərər.
Səmimi qəbul üçün təşəkkür edən Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran ölkəsinin Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, parlament diplomatiyasının inkişafında Milli Məclisin rolunu yüksək qiymətləndirərək, Azərbaycan parlamentinin fəaliyyəti ilə yaxından maraqlandığını bildirib. Qeyd edilib ki, hər iki ölkə parlamentləri arasında münasibətlərin inkişafı ümumi mənafelərə cavab verər. Bu baxımdan, dostluq qruplarının yaradılması məqsədəmüvafiq sayıla bilər. Qonaq Venesuela parlamentinin fəaliyyəti barədə sədrə ətraflı məlumat verərək, mütəmadi görüşlərin əhəmiyyətini vurğulayıb.
Səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar noyabrın 10-da imzalanmış üçtərəfli Sazişi diplomatiyanın uğuru kimi dəyərləndirib.
Görüşdə
parlamentlərarası əlaqələrin gələcək
inkişaf istiqamətləri, COVID-19 pandemiyasına
qarşı mübarizə və digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan.-2021.- 4 mart.- S.2.