Qarabağ həqiqətlərini
boğmaq mümkün
deyil
Xüsusən də onun İlham Əliyev kimi carçısı varsa
Prezident İlham Əliyevin xarici KİV-ə 44 günlük Vətən müharibəsi ərzində verdiyi 30-dan artıq müsahibə və Qələbədən sonra xarici və yerli mətbuat təmsilçiləri üçün bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransı bir daha onu təsdiq edir ki, Azərbaycan informasiya müharibəsində də erməni təbliğat maşınını darmadağın edir.
Xatırladaq ki, bəzi xarici KİV-in təmsilçiləri aldıqları müsahibələrdə Azərbaycanı işğalçı tərəf kimi qiymətləndirməkdən belə, çəkinmirdilər. Onlar sanki müsahibə almağa yox, bütün həqiqətləri inkar etməyə və işğalçı Ermənistanın məkrli maraqlarını qorumağa gəlmişdilər.
Prezident,
Ali Baş Komandan bu cür müsahibələrdən, əlbəttə
ki, imtina edə, onları təxirə sala bilərdi. Lakin dövlət
başçısı hamıya kifayət qədər vaxt ayırır, bütün
suallara səbirlə ətraflı cavab verir, Azərbaycanın
ədalətli mövqeyini sonadək
müdafiə edirdi. İlham
Əliyev xarici jurnalistlərin
açdığı ideoloji cəbhədəki
bütün həmlələri
asanlıqla dəf edir, tutarlı
arqumentlər, ciddi tarixi
faktlar və dərin diplomatik
gedişləri ilə Azərbaycan həqiqətlərini xarici müxbirlərin öz
ana dillərində səlis izah edirdi.
Faktiki olaraq hər müsahibənin sonunda biz Azərbaycan Prezidentinin necə qələbə çalmasının şahidi olurduq. Dünyanın ən məşhur qələm və söz sahibləri ingilis dilində kəkələməyə cəhd edən Paşinyanı bircə sualla diz çökdürüb nüfuzdan salırdılar. Amma Prezident İlham Əliyevlə görüşlərdə anlayırdılar ki, onların qaşısında böyük dövlətçilik təcrübəsinə, diplomat qətiyyətinə, sərkərdə cəsurluğuna və yenilməz Ali Baş Komandan keyfiyyətlərinə malik olan lider dayanır.
44 günlük savaş zamanı erməni təbliğat maşını Qarabağ münaqişəsini regional müharibəyə çevirmək, Rusiya ilə Türkiyəni qarşı-qarşıya qoymaq üçün dəridən-qabıqdan çıxırdı. Erməni siyasətçiləri indinin özündə belə bunun üçün bütün güc və bacarıqlarını səfərbərliyə alıblar. Məqsədləri Qafqazı həmişəki kimi qan çanağına çevirməkdir.
Azərbaycanın möhtəşəm qələbəsindən sonra Ermənistanda siyasi partiyaların dərinləşən mübarizəsi bu gün Yerevanda xalqın məğlubiyyətlə barışmaması kimi təqdim edilir. Reallıqda isə xalq özgə torpağında döyüşmək istəmir, sülhün marağındadır. Baxmayaraq ki, siyasi partiyalar erməni xalqının maraqları çərçivəsində yox, qulluq etdikləri erməni diaspor təşkilatlarının tələblərinə uyğun hərəkət edir, yenidən müharibəni alovlandırmağa çalışırlar. Bu baxımdan Azərbaycan Prezidentinin ən böyük xidmətlərindən biri də odur ki, o, nadir keyfiyyətlərə malik diplomat kimi Rusiya-Türkiyə münasibətlərinin qarşıdurmaya çevrilməməsi üçün vacib olan səylər göstərərək erməni diasporunun fəal şəkildə Rusiyanı müharibəyə cəlb etmək cəhdlərini alt-üst edir.
İlham Əliyev xarici və yerli KİV nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da erməni faşizmini bütün çılpaqlığı ilə ifşa etdi, bizim öz torpaqlarımızı işğaldan azad etmək uğrunda kimsədən kömək istəmədən təkbaşına döyüşdüyümüzü bir daha başa saldı. Dövlət başçısı növbəti dəfə dünyaya bəyan etdi ki, Türkiyə və Rusiya kimi iki nəhəng dövlət Qarabağ müharibəsində qarşı-qarşıya dayanmamışdır, əksinə, sülhməramlılar qismində əməkdaşlıq etməyə başlamışlar. Məhz bunun sayəsində erməni nasistlərinin bütün səyləri boşa çıxmış, Qafqaz regionunda qlobal müharibə alışmamışdır.
Həmin mətbuat konfransında yaddaqalan başqa məqamlar da olmuşdur. Məsələn, İspaniyanın “La Vanguardia” qəzetinin əməkdaşı Azərbaycan Prezidentinin bir neçə dildə sərbəst danışmasına heyran qaldığını bildirmişdir: “Bizdə, İspaniyada siyasətçilər bunu edə bilmir”. Böyük Britaniyadan müstəqil jurnalist isə mətbuat konfransının keçirilmə vaxtına görə Azərbaycan Prezidentinin artıq yeni dünya rekorduna imza atdığını, 25 illik jurnalistika fəaliyyətində hər hansı bir dövlət və hökumət başçısının bu cür mətbuat konfransı aparmasının şahidi olmadığını etiraf edərək soruşmuşdur: “Siz dünya mediasının Azərbaycana olan münasibətini necə qiymətləndirirsiniz? Burada bir çox jurnalistlər var, Sizin onlara mesajınız nədən ibarət olacaq və Siz gələcəyi necə görürsünüz? Azərbaycanın mövqeyinin dünyaya çatdırılması baxımından hansı planlarınız var?” Prezident İlham Əliyev bu suala cavabında müharibənin getdiyi 44 gün ərzində 30-dan artıq müsahibə verdiyini qeyd etmişdir: “Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur. Bu gün sizinlə razılaşıram ki, bu da xüsusi bir gündür”.
Dünya mətbuatının Azərbaycana münasibətinə gəldikdə Prezident onu vurğulamışdır ki, yanaşmalar və mövqelər dəyişir və reallıqlar artıq daha yaxşı dərk edilir: “Ancaq bu gün siz buradasınız, siz hamınız peşəkarsınız, ağıllı insanlarsınız və bilirsiniz ki, doğru və yanlış nə deməkdir. Siz həmin dağıdılmış ərazilərə səfər edirsiniz və bu, hər bir sözdən artıqdır, bunu öz gözünüzlə görmək imkanınız olur. Ona görə hesab edirəm ki, müharibə vaxtı mən, səmimi desəm, bir balaca fərqli yanaşma gözləyirdim, çünki uzun illərdir ki, Azərbaycana qarşı ədalətsizlik hökm sürürdü, bizə qarşı müxtəlif media qrupları tərəfindən hücumlar var idi. Bəzən bu, məlumat qıtlığından qaynaqlanırdı, ancaq bir çox hallarda erməni lobbi təşkilatlarının sayəsində baş verirdi”.
Dövlət başçısı həmçinin dünya mediasında Azərbaycana ədalətli mövqelərin sərgilənməyə başlanıldığını qeyd etmişdir: “Mənim beynəlxalq mediaya mesajım ondan ibarətdir ki, hər zaman həqiqətləri söyləyin, siyasi sifarişlərdən uzaq olun. Nəyə görə mən bunu deyirəm? Mən bilirəm ki, biz əlaqələndirilmiş, təşkilatlanmış informasiya hücumuna məruz qalırdıq. Bu əməllər bizim etdiyimizi gözdən salmaq, bizə ləkə yaxmaq və Azərbaycan haqqında, onun hökuməti haqqında yanlış təsəvvürlər yaratmaq məqsədi daşıyıb. Ona görə də sizə səslənirəm ki, həqiqəti söyləyin, mövqeyinizi açıq ifadə edin. Ola bilər ki, bu, jurnalistlərə verə biləcəyim o qədər də yaxşı tövsiyə olmaz. Amma rəhbərlərinizin dediklərinə hər zaman əməl etməsəniz, bəlkə daha yaxşı olardı”.
Bahadur İMANQULİYEV
Azərbaycan.-2021.- 5 mart.- S.1;4.