Müstəqil siyasətin təcəssümü

 

İlham Əliyev Vətən müharibəsində qazandığı Qələbə ilə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi

 

 

Dövləti dünyada tanıdan, nüfuzuna təsir edən bir çox amilləri sadalamaq mümkündür. İlk növbədə iqtisadi inkişafına, qlobal məsələlərdə iştirak səviyyəsinə və yürütdüyü siyasətin məzumununa görə dövlətlər regional və beynəlxalq miqyasda söz sahibinə çevrilirlər. Tarix və beynəlxaq münasibətlərin mənzərəsi göstərir ki, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq nüfuz sahibi olmaq dünya birliyinin hər bir üzvünün özündən asılıdır.

 

 

Azərbaycanın söz sahibi olması beynəlxalq aləmdə qəbul edilən reallıqdır

 

 

Dünya birliyinin bütün subyektləri sözehtiram  sahibi kimi fərqlənmək istəyir, lakin bu, heç də hər dövlətə müyəssər olmur. Bu kontekstdən yanaşaraq deyə bilərik ki, yerləşdiyi regionun lider dövləti olan, bu statusunu ildən-ilə daha da möhkəmləndirən Azərbaycanın həm də beynəlxalq birliyin söz sahiblərindən biri olması bütün dünyada qəbul edilən reallıqdır.

Azərbaycan buna birdən-birə nail olmayıb və hər bir beynəlxalq uğurunun kökündə aparılan siyasətin məzmunu, beynəlxalq məsələlərdə nümayiş etdirilən qətiyyətli mövqe dayanır. İlk növbədə onu qeyd edək ki, Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və beynəlxalq münasibətlərə dair mövqeyi tamamilə müstəqildir. Bir çox dövlətləri misal göstərmək olar ki, müstəqildir, amma beynəlxalq məsələlərdə öz mövqeyi yoxdur və hansısa xarici dairələrin təsirləri altındadır. Ermənistanın timsalında bunu aydın görmək mümkündür və müstəqil dövlət olsa da, asılıdır, özünün sərbəst siyasəti, mövqeyi yoxdur.

Xarici siyasətdə elə bir fakt göstərmək mümkün deyil ki, orada erməni dövlətinin özünün müstəqil mövqeyi hiss olunsun. Bu ölkənin daxili siyasətinin konturları da kənarda müəyyən olunur, hətta iqtisadi sferada belə müstəqil qərarlar qəbul etmək imkanından məhrumdur.

Respublikamız isə tamamilə fərqli siyasi kursu ilə tanınır. Azərbaycan o dövlətdir ki, hələ 1994-cü ildə Heydər Əliyevin siyasi müdrikliyi ilə özünün milli maraqlarına cavab verən “Əsrin müqaviləsi”nin imzalanmasını təmin etmişdi. Bir çoxlarına adi görünsə də, o zaman müstəqilliyinin bərpasının heç 3-cü ili tamam olmayan dövlətimizin belə bir müqavilənin imzalanmasına nail olması olduqca böyük siyasi hadisə idi.

İndi Azərbaycan bir neçə marşrutla Xəzərin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarır. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi enerji strategiyasını növbəti mərhələyə yüksəltməklə Azərbaycana daha yeni imkanlar qazandırdı. Bu gün Azərbaycan tək neft deyil, həm də təbii qazını dünya bazarlarına çıxarmaqla enerji məsələlərində böyük rol oynayır. Müstəqil siyasəti, özünün yolu olmayan dövlət buna nail ola bilməzdi.

 

 

 

İlham Əliyev problemin güc yolu ilə həllinə qarşı çıxanları da məğlub etdi

 

 

Hər bir regionda siyasi-iqtisadi mübarizənin elementlərindən biridünyaya əlverişli tranzit imkanların təqdim olunmasıdır. İlham Əliyevin yürütdüyü müstəqil və düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan regionun aparıcı tranzit qovşağına çevrilib. Bakı-Tbilisi-Ceyhan kimi meqalayihənin həyata keçirilməsi yalnız və yalnız müstəqil siyasətin, müdrik zəkanın məhsulu ola bilərdi.

Beynəlxalq siyasi məsələlərdə də Azərbaycanın müstəqil mövqeyi dünyaya yaxşı tanışdır. Respublikamız hələ illər öncə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş, iki il müddətində dünyada sülhə və təhlükəsizliyə layiqli töhfələr vermişdi. Bakı şəhəri isə artıq uzun müddətdir ki, beynəlxalq tədbirlər mərkəzi statusunu daşıyır. Rusiya və ABŞ, Rusiya və NATO hərbi komandanları arasında keçirilən məsləhətləşmələr format etibarilə generalların görüşü olsa da, mahiyyət baxımından həm də siyasi məsələdir. Bu görüş üçün məkan olaraq Bakının seçilməsi sıradan bir məsələ deyililk növbədə, Azərbaycana olan yüksək etimadın, respublikamızın qlobal məsələlərdə müstəqil mövqeyinin təcəssümüdür.

Qeyd olunanlar Azərbaycanın dünya birliyindəki yerini möhkəmləndirir, nüfuzunu artırır, onu qətiyyətli siyasət yürüdən dövlət kimi tanıdır. Bu uğurların müəllifi isə Prezident İlham Əliyevdir. Azərbaycanın milli və dövlət maraqlarını layiqincə təmin edən Prezident İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik gedişləri ölkəmizin mövqelərini davamlı olaraq gücləndirir.

Azərbaycan üçün yeganə problem torpaqlarının işğal altında olması idi. 30 ilə yaxın idi ki, problemə son qoyulması üçün beynəlxalq vasitəçilik missiyasının iştirakı ilə danışıqlar aparılsa da, nəticə yox idi. Bu prosesdə görünən o idi ki, Ermənistanın işğal siyasətinə haqq qazandırılırdı. Düşünürdülər ki, zaman keçdikcə Azərbaycan öz mövqeyindən əl çəkəcək, Ermənistanın maraqlarına uyğun kompromislərə gedəcək. Amma bir məsələni unudurdular ki, hələ zəif vaxtlarında belə, öz mövqeyindən bir addım geri çəkilməyən Azərbaycan gücləndikdə torpaqlarını işğaldan azad etmək üçün daha qətiyyətli, daha əzmkar olacaq.

Belə də oldu. İlham Əliyevin rəhbərliyi ilə nail olduğumuz inkişaf torpaqlarımızın azad ediləcəyi günü də yaxınlaşdırdı. Məlum olduğu kimi, ayrı-ayrı təşkilatlar, dövlətlər həmişə bildirirdilər ki, münaqişənin güc yolu ilə həlli mümkün deyil. Bununla Ermənistanı müdafiə edən beynəlxalq stereotip formalaşdırmağa çalışırdılar və müəyyən dərəcədə buna nailolmuşdular. Lakin İlham Əliyev hər zaman bəyan edirdi ki, danışıqlar nəticə verməsə, torpaqlarımız güc yolu ilə işğaldan azad olunacaq. Beləliklə, 44 günlük müharibə İlham Əliyevin söylədiklərinin həyata vəsiqə qazanması ilə nəticələndi. Azərbaycan Prezidenti bu müharibədəki qələbə ilə problemin güc yolu ilə həllinə qarşı çıxanları da məğlub etdi, onların onilliklər boyu yaratdıqları stereotipləri darmadağın etdi.

Dünyanın müasir reallıqları və təcrübə göstərir ki, nisbətən kiçik ölkələrin ərazi problemi ətrafında yaranmış münaqişələri yoluna qoymaq asan məsələ deyil. Haqlı tərəfin ədalətsizliyə məruz qalması, işğalçıya dəstək göstərilməsi bu problemlərin acı reallıqlarıdır. Azərbaycan dünya erməniliyinin təsirləri altında bu cür ədalətsizliklərə məruz qalsa da, gücləndi və düzgün zaman seçərək öz haqqını təmin etdi. Prezident İlham Əliyevin yerlixarici media nümayəndələri üçün mətbuat konfransında dediyi kimi, Azərbaycan bu məsələni təkbaşına həll etdi.

 

Bu baxımdan Vətən müharibəsindəki Qələbə həm də Azərbaycanın müstəqil siyasətinin növbəti təcəssümü kimi tarixə düşdü.  İlham Əliyev bu Qələbə ilə Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəltdi, mövqeyini daha da möhkəmləndirdi.

 

 

 

Rəşad CƏFƏRLİ

Azərbaycan.-2021.- 5 mart.- S.1-2.