Dəmir yumruğun Zəfər salnaməsi

 

İlham Əliyevin Müzəffər Ordusu şanlı qələbəsi ilə dünyanın ən güclü, müasir silahlı qüvvələri arasında layiqli yer tutduğunu sübuta yetirdi

 

 

 

Azərbaycan Ordusu!..

 

Bu ifadənin mahiyyətindəki əzəmət artıq onun faktiki mövcudluq qüdrəti ilə tamamlanır. İndi Silahlı Qüvvələrimizin Cənubi Qafqazın ən sivil, modern və hazırlıqlı hərbi gücünə çevrilməsinin iftixarını yaşayırıq.

Hər bir Azərbaycan vətəndaşının ordumuzla fəxr etməyə haqqı var. Çünki 44 günlük Vətən müharibəsindəki şanlı qələbə bütün dünyaya ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.

Şanlı qələbədən bir neçə ay ötməsinə baxmayaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun şanlı döyüş yolunun, zəfər yürüşünün parlaq qələbəsinin sevincini hələ də qürurla yaşamaqdayıq. Ordumuzun keçirdiyi hərbi əməliyyatlar həmişə müzakirə mövzusu olacaq. Axı, məhz bu ordu Vətən müharibəsində tarix yazdı, tarixə yazıldı...

 

 

 

Ən mobil, ən yüksək döyüş hazırlığına malik ordu

 

 

 

Etiraf etməliyik ki, bu hazırlıq heçasan başa gəlməyib. Prezident İlham Əliyevin orduya göstərdiyi diqqət və qayğı, ordunun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksək olması hər zaman prioritet idi. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki bazası gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bütün bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü hərbi qüvvəsinə çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf etdi. Bütün bunlar istər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan Ordusunu Cənubi Qafqazda ən mobil, yüksək döyüş hazırlığına malik  silahlı qurum kimi dəyərləndirməsinə zəmin yaratdı.

Azərbaycanda istehsal olunan bir çox hərbi təyinatlı məhsullar da ordumuzun potensialını gücləndirdi. Son illər yaradılmış hərbi zavodlarda çoxsaylı hərbi təyinatlı məhsullar istehsal olunaraq ordumuz təchiz edildi. Bununla yanaşı, ən müasir texnikasilahlar alındı. Onların arasında yüzlərlə zirehli texnika, gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, müasir standartlara cavab verən sistemlər, onlarca döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri var. Bütün bunlar hərbi gücümüzü artırdı. Ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında seçilən nadir ölkələrdən birinə çevrildi.

 

Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrdə bütün istiqamətlərdə aparılan islahatlar öz bəhrəsini verdi. Ordumuz qarşıya qoyulan məqsədə doğru inamla irəlilədi. Bu uğurlu addımlar isə bizi Qarabağa apardı!

 

 

 

Arxada qalan səngər savaşları...

 

 

 

Sentyabrın 27-də başlanan İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun zəfər yürüşü dünyaya səs saldı. Yeni hərbi taktika ilə Azərbaycan bütün dünyaya göstərdi ki, səngər müharibəsi artıq keçmişdə qalıb.

Nəzərə almalıyıq ki, düşmən təqribən 30 il ərzində müdafiə səddini xeyli möhkəmləndirmişdi. Müdafiə xətti, üstəgəl uzunmüddətli atəş nöqtələri, sığınacaqlar yaratmışdı. Dərin eşelonlaşdırılmış müdafiə xəttini yarmaq üçün çox böyük cəsarət, qorxmazlıq və peşəkarlıq tələb olunurdu. Azərbaycan Ordusu bunu bacardı və hər bir hərbçisi  əsl qəhrəmanlıq göstərərək düşmənin müdafiə xəttini asanlıqla yara bildi.

Şuşa əməliyyatı bu gün də müzakirə mövzusudur. Hətta ermənilər indiyədək anlaya bilmirlər ki, Azərbaycan Ordusu bu həmləni necə həyata keçirib.

Fevralın 26-da İlham Əliyev keçirdiyi mətbuat konfransında dünyanın 35-dən çox media orqanının 50-yə yaxın sualını cavablandırarkən bu məsələyə də toxunmuşdu. Ali Baş Komandan dedi ki, hətta ermənilər əsgərlərimizin Şuşaya necə gedib çıxmağını  hələ də başa düşə bilmirlər: “Şuşanın alınması ayrıca dastandır, bu, bir eposdur. Başa düşə bilmirlər, bir-birindən soruşurlar. Bəzən bu məsələ mətbuata çıxır. Lakin haçansa başa düşəcəklər, bu da Azərbaycanın xüsusi təyinatlılarının və digər xüsusi hərbi birləşmələrinin misilsiz mərdliyi, qəhrəmanlığı, fədakarlığı ilə bağlı ayrıca bir əhvalatdır. Hazırda aparıcı xüsusi hərbi məktəblərdə həm xüsusi əməliyyatların aparılması, həm də bütün qoşun növlərinin səylərinin əlaqələndirilməsi öyrənilir. Yəni bu əməliyyat barəsində hər şey məlum olanda o, ən uğurlu əməliyyat kimi tarixə düşəcək”.

Həqiqətən də bu əməliyyatlar tarixə düşdü. Əməliyyatlarda iştirak edən xüsusi təyinatlılarımız, sərhəd xidmətinin xüsusi təyinatlı qüvvələri, daxili qoşunlar, təhlükəsizlik xidməti, kəşfiyyat xidməti, Naxçıvan əlahiddə ümumqoşun ordusunun xüsusi qüvvələri bir daha Azərbaycan Ordusunun nəyə qadir olduğunu dünyaya nümayiş etdirdilər. Onların həyata keçirdikləri bütün kombinasiya uğurla nəticələndi.

Komandanlığın düzgün kombinasiyası ilə kəşfiyyat, artilleriya, zərbə pilotsuz uçuş aparatları, pilotsuz kamikadzelər, xüsusi təyinatlılar, ordu korpuslarının döyüş hazırlığı birlikdə qələbəyə gətirib çıxardı.

 

 Yeni döyüş taktikası

 

 

İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan, 44 gün davam edən və Azərbaycanın tam Qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti, nəticələri uzun illər təhlil ediləcək, bu qələbənin şəninə dastanlar, romanlar, elmi əsərlər yazılacaq.

İkinci Qarabağ müharibəsində Azərbaycan həm də yeni təcrübə topladı. Çünki ordumuz bunadək demək olar ki, müharibələrdə iştirak etməmişdi. Sadəcə olaraq bu sahəyə nəzəri baxımdan yanaşırdı. Vətən müharibəsində zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də əsgər və zabitlərimizin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, qələbəyə inamı, şəxsi rəşadətləri, döyüş əhvali-ruhiyyələri idi.

Döyüş meydanında yeni tarix yazan Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi qəhrəmanlıq, şəxsi rəşadət, igidlik, qanı və canı bahasına qələbəni təmin etmələri hər birimizə qürurverici anlar yaşatdı, qəlbimizi fərəhlə doldurdu.

Ukraynalı hərbi ekspert Aleksey Arestoviç hesab edir ki, Azərbaycanın hərbi taktikası, döyüş manevrləri ağıllı və məntiqli idi: “Bir neçə günlük döyüşlər nəticəsində Ermənistanın canlı qüvvəsi və texnikası ciddi itkilər verdi. Ermənistan ordusunda döyüş effektivliyi minimuma endi. Azərbaycan budəfəki əməliyyatlarda çox ağıllı hesablamakonkret şərait üçün unikal strategiya tətbiq etdi”.

Güclü ordunun yaradılması, Silahlı Qüvvələrimizin ən müasir döyüş vasitələri ilə təchiz edilməsi, şəxsi heyətin peşəkarlıq səviyyəsinin və hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, ordu ilə xalqın vəhdətinin təmin edilməsi möhtəşəm qələbənin kökündə dayanan həqiqətlərdir. Azərbaycan Ordusu Vətən müharibəsində qazandığı qələbə ilə dünyanın ən güclü, müasir, hazırlıqlı, yüksək döyüş qabiliyyətinə malik olan orduları arasında layiqli yer tutduğunu əyani şəkildə sübuta yetirdi.

İnanırıq ki, Ordumuzun döyüş əməliyyatlarını xüsusi peşəkarlıqla planlaşdıraraq həyata keçirmək strategiyası və taktikası digər ölkələrin hərbi strukturları tərəfindən öyrəniləcək və yeri gələndə tətbiq ediləcək.

 

 Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 5 mart.- S.1;4.