Paşinyan müxalif liderləri həbs etdirir

 

 

Ermənistanda daha da gərginləşməkdə olan vəziyyətin qanlı nəticələrə gətirib çıxara biləcəyi istisna edilmir. Müxalifət heç nəyə nail ola bilməsə də, küçələrdən çəkilmir. Baş nazir Nikol Paşinyan isə müxalifətin zəifliyinin və xalqdan dəstək ala bilməməsinin fərqindədir. Ona görə indi daha sərt şəkildə müxalifət liderlərinin üstünə gedir.

Bunu müxalifətin baş nazir vəzifəsinə namizədi Vazgen Manukyana qarşı cinayət işinin açılması da göstərir. Ermənistanın İstintaq Komitəsi tərəfindən Manukyana Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə (hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar) ittiham irəli sürülüb. Qeyd olunub ki, Manukyan bu il fevralın 12-də və 20-də Azadlıq meydanında keçirilən mitinqlərdə açıq şəkildə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış edib. Buna görə müxalif liderinə üç ilə qədər həbs cəzası verilə bilər.

Vazgen Manukyana ölkəni tərk etmək qadağası da qoyulub. Paşinyan ictimai asayiş qaydalarını günlərdir pozanların, hakimiyyətin zorla dəyişdirilməsinə qarşı çıxanların əməllərinə hüquqi qiymətin verilməsində israrlıdır.

Manukyan isə əvəzində hökuməti təhdid edib. “Əgər müharibə istəyirlərsə, onu alacaqlardeyib. O əlavə edib ki, Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanı istefaya göndərmək qərarından dönməsə, ordu hökumətə itaət etməyəcək.

N.Paşinyan isə xalqın dəstəyinə malik olduğunu göstərmək və müxalifətin ona qarşı çıxmasına son qoymaq üçün növbədənkənar parlament seçkilərinə gedilməsində israrlıdır. O, hökumət əleyhdarları razı olarsa, bu il növbədənkənar parlament seçkiləri keçirməyə hazır olduğunu təsdiqləyib və bu məsələnin müzakirəsi üçün müxalifət nümayəndələri ilə görüşməyə hazır olduğunu bildirib.

Onu da qeyd edək ki, N.Paşinyan ölkəni prezident idarə üsuluna qaytarmaq istəyir. Martın 1-də Yerevanda keçirilən mitinqdə çıxış edən N.Paşinyan yarı prezident üsul idarəsinə qayıtmağa tərəfdar olduğunu vurğulamış, bunun üçün 2021-ci ilin oktyabr ayında konstitusiya referendumu təyin ediləcəyini demişdi.  Paşinyanın məqsədi prezident üsul idarəsinə qayıtmaqla öz hakimiyyətini daha da möhkəmləndirməkdir.

Bu arada erməni mediası yazır ki, hakimiyyət baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunmasına nail olduqdan sonra onu əvəz edəcək bir neçə hərbçinin namizədliyini nəzərdən keçirir.  “4rd.am” saytı yazır ki, namizədlərdən biri general-mayor və baş qərargah rəisinin müavini Andranik Makaryandır. O, baş nazirin istefasını tələb edən bəyanata qoşulmayıb. Məlumata görə, Makaryan Qasparyanın yerinə gəlməyi doğru saymadığı üçün razılıq verməyib, üstəlik vəziyyət həll edildikdən sonra xidmətdən ayrılacağını bildirib.

Hakimiyyətin başqa namizədləri də var. Amma indiki qarşıdurma şəraitində yüksəkrütbəli zabitlərin əksəriyyəti mövqe ortaya qoymaqdan çəkinirlər. Ona görə Paşinyan hələlik seçim qarşısındadır və baş qərargah rəisi vəzifəsinə konkret namizədin adını açıqlaya bilmir.

Bütövlükdə Ermənistanda siyasi böhran hər gün daha da güclənir, ziddiyyətlər dərinləşir. Vəziyyətdən çıxış yolu isə görünmür. İllər boyu işğal siyasəti yürütməsi səbəbindən indi bu ölkə tarixinin ən utanc səhifəsini yazır.

 

 

 

Elçin CƏFƏROV

Azərbaycan.-2021.- 5 mart.- S.1;5.