Koronavirusa
qarşı qorunma tədbirləri
davamlı şəkildə həyata keçirilməlidir
Dünyada koronavirus pandemiyasının davam etdiyi bir zamanda bütün ölkələrdə diqqətlər vaksinasiya prosesinə yönəlib. Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrdə bu prosesə bir neçə aydır start verilib.
Azərbaycan Cənubi Qafqazda peyvəndləməyə başlamış birinci ölkədir. Respublikada COVID-19 əleyhinə vaksinasiyaya yanvarın 18-də tibb işçilərinin peyvəndlənməsi ilə başlanılıb və bütün rayonlarda uğurla davam edir.
Fevralın 8-dən yaşı 65-dən yuxarı, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin vaksinasiyası həyata keçirilir. Artıq Azərbaycanda risk qrupuna daxil olan səhiyyə işçiləri, 65 yaşdan yuxarı şəxslər, həkimlər, polislər vaksinasiya olunub.
Hazırkı
dövrədək ölkəmizdə 337 min 315 nəfər
COVID-19 əleyhinə qarşı peyvəndlənmə
prosesində iştirak edib.
Vaksinasiya əyani tədrisə keçidi sürətləndirəcək
Martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə start verilib. İlkin olaraq paytaxtda yaşı 50 və daha yuxarı olan pedaqoji və texniki heyətin vaksinasiyası həyata keçirilir. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 peyvənd məntəqəsi yaradılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən peyvənd məntəqələri kompüter avadanlıqları ilə təchiz olunub və data kart vasitəsilə internetə çıxış təmin olunub.
Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib ki, vaksinasiya prosesinə ilkin olaraq paytaxt üzrə 20 000 nəfərə yaxın pedaqoji və texniki heyət üzvünün cəlb olunması nəzərdə tutulur. Burada əsas məqsəd müəllimlərin işdən ayrılmadan vaksinasiyadan keçməsini təmin etməkdir. Onun fikrincə, kütləvi vaksinasiya əyani tədrisə keçidi sürətləndirəcək: “Koronavirus pandemiyası şəraitində normal tədris mühitinin davam etdirilməsi üçün pedaqoji və texniki heyətin vaksinasiya prosesində iştirakı zəruridir. Bunu nəzərə alan və sağlamlıqlarına həssas yanaşan təhsil işçiləri martın 3-dən başlayan vaksinasiya prosesində fəal iştirak edirlər”.
Mehriban Vəliyevanın sözlərinə görə, vaksin olunan şəxslər mütləq həkim müayinəsindən keçirilir. Kimdəsə yanaşı xəstəliklər varsa, onlar peyvənd olunmur: “Vaksinasiyadan yalnız göstəriciləri meyarlara cavab verənlər keçirilir. Peyvəndlənmə könüllüdür. Vaksinasiyadan keçmək vətəndaş məsuliyyəti məsələsidir. Ancaq keçmək istəməyən müəllimlərin tənbeh olunması və ya cəzalandırılması barədə heç bir qərar yoxdur”.
Peyvəndlər səhiyyənin də yükünü azaltmış olacaq
Səhiyyə Nazirliyinin COVID-19-la mübarizə üçün yaratdığı işçi qrupunun üzvü Səbinə Babazadə vaksinasiya prosesinin təşkili və onun vacibliyi ilə bağlı danışarkən qeyd edib ki, peyvənd olunmaq istəyənlər randevu.its.gov.az saytından qeydiyyatdan keçdikdən sonra poliklinikaya müraciət edə bilərlər. Qeydiyyat prosesində çətinlik yaşayan vətəndaşlara bu mövzuda yardım göstərilir. Vətəndaş poliklinikaya zəng edərək şəxsi məlumatlarını qeydiyyat şöbəsindəki tibb işçisinə verməklə qeydiyyat sisteminə daxil ola bilər. İlk doza üçün qeydiyyatdan keçdikdən sonra mesaj şəklində hər 2 dozanın tarix və saatı vətəndaşa göndərilir.
Qurum rəsmisinin sözlərinə görə, bəzən vətəndaşların narazılıqları vaksin olunmağa gəldikləri zaman növbə gözləmələri ilə bağlı olur. Vaksindən öncə bir neçə yoxlanış, məlumatların alınması prosesi vətəndaşların müəyyən müddət gözləməsinə səbəb ola bilir. Digər səbəblərdən biri isə qeydiyyatdan keçməmiş vətəndaşların müraciəti ilə bağlıdır. Onların bir-bir qeydiyyata alınması prosesi növbə gözləməyə gətirib çıxarır: “Biz işə yardım məqsədilə vətəndaşlardan qeydiyyatdan keçmələrini və ya yaxınlarından bu prosesdə onlara yardımçı olmalarını xahiş edirik. Təkcə COVID-19 vaksini yox, bütün vaksinlər vurulduqdan sonra müəyyən yan təsirlər özünü göstərə bilər. Halsızlıq, qısamüddətli baş ağrıları, yüngül hərarət və ya inyeksiya yerində az miqdarda ağrı baş verə biləcək normal hallardır. Bəzən vaksinin həyəcanından təzyiqin qalxması da mümkündür. Bu hallar bütün vaksinlər üçün keçərlidir. Hər hansı ciddi bir vəziyyətlə və yaxud şikayətlə qarşılaşmamışıq”.
S.Babazadə
vurğulayıb ki, peyvənd infeksion xəstəliklərə
qarşı ən effektiv müdafiə üsuludur. Hazırda
vaksinasiya prosesi strategiyaya uyğun olaraq uğurlu şəkildə
davam edir.
Sağlamlıq şərtləri uyğun
olan, strategiyada yer almış hər bir
vətəndaş vaksinasiya prosesində iştirak etməlidir: “Vaksinasiya,
ilk növbədə, həmin şəxsin
özünü və
yaxınlarını yoluxmadan qoruyur. Kütləvi yoluxma
hallarını və ölüm
saylarını unutmamalıyıq. Vaksinlər bizi
ağırlaşma hallarından və ölüm
hadisələrindən qoruyaraq səhiyyənin
də yükünü azaltmış olacaq. Yalnız qısa zamanda
edilən peyvəndlərlə kütləvi immun
sistemi qazanaraq
COVID-19-a qalib gəlmək mümkündür”.
Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Rusiya
Federasiyasındakı nümayəndəsi Melita Vuinoviç
deyib ki, mutasiyaların gözlənilməz olması səbəbindən
koronavirusa qarşı qorunma tədbirlərinin davamlı
şəkildə həyata keçirilməsi vacibdir.
ÜST rəsmisi bildirib ki, hansı şəkildə mutasiyalar olacaq və bunlar nələrə səbəb ola bilər, heç kim bilmir. Buna görə də qoruyucu tədbirlərin davam etdirilməsi çox vacibdir: “Pandemiyaya qarşı mübarizədə maska taxmaq, şəxsi gigiyenaya riayət etmək, sosial məsafəni qorumaq lazımdır. Mümkün olan hər şeyi etmək çox vacibdir, çünki virusun yayılmasını dayandırmalıyıq”.
Bütün mütəxəssislərin yekdil fikrinə görə, təhlükəli infeksiyaya qarşı ən təsirli qorunma üsulu peyvənddir. Lakin virusla mübarizədə peyvənd qədər əhəmiyyətli olan vasitələri də gözardı etmək olmaz. Üç əsas qaydaya - maska taxmaq, sosial məsafəni qorumaq və sadə gigiyenik qaydalara riayət etməklə koronavirusdan qorunmaq mümkündür.
Xəyalə MURADLI
Azərbaycan.-2021.- 5 mart.- S.1;6.