Milli
Məclisdə gender bərabərliyinə dair dinləmə
keçirilib
Martın
4-də Milli Məclisin ailə, qadın və uşaq məsələləri
komitəsində “Gender (kişi və qadın) bərabərliyinin
təminatları haqqında” qanunun icra vəziyyəti: imkan və
çətinliklər” mövzusunda dinləmə keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, dövlət
qurumlarının və vətəndaş cəmiyyətinin
nümayəndələri iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, tədbiri açan Milli Məclisin ailə,
qadın və uşaq məsələləri komitəsinin sədri
Hicran Hüseynova Azərbaycan dövlətinin hadisələrə
adekvat reaksiya verdiyini, bütün sahələrdə
dövrün reallıqlarını nəzərə almaqla
yeni çağırışlar, qərar və qanunlar qəbul
etdiyini vurğulayıb. Buna misal olaraq hələ 15 il əvvəl
– 2006-cı ildə qəbul olunmuş “Gender (kişi və
qadın) bərabərliyinin təminatları haqqında”
Qanunun qəbul edilməsindən danışıb. Qeyd edib ki,
bu qanun cinsi mənsubiyyətə görə
ayrı-seçkiliyin bütün formalarını aradan
qaldırmaqla kişi və qadınlara siyasi, iqtisadi, sosial, mədəni
və digər sahələrdə bərabər imkanlar təsbit
edir, ölkəmizdə gender bərabərliyinin təşviqi
sahəsində atılmış mühüm addımdır.
Bu qanunu qəbul etməklə Azərbaycan MDB-də və
Avropa məkanında bir çox ölkələri
qabaqlayıb. Həmçinin gender bərabərliyi
haqqında qanun qəbul edildikdən sonra milli qanunvericilik
bazası yenidən ekspertizadan keçirilib, bu qanundan irəli
gələn zərurətə görə bir çox
qanunlara, eləcə də məcəllələrə
müvafiq əlavə və dəyişikliklər edilib.
Komitə
sədri bildirib ki, lakin zaman keçdikcə yeni tələblər
və çağırışlar meydana gəlib, mövcud
qanunlara yenidən nəzər salmaq və qanunun tətbiqi təcrübəsində
yaranmış boşluqları müəyyənləşdirmək
zərurətə çevrilib. Həmçinin 2020-ci ilin
dekabrında Milli Məclisdə ilk dəfə olaraq “Gender
(kişi və qadın) bərabərliyinin təminatları
haqqında” qanuna dair hesabat dinlənilib. Həmin hesabatda
qanunun icra mexanizminin təkmilləşdirilməsinə, sənədə
bir sıra əlavə və dəyişiklik edilməsinə
ehtiyac olduğu üzə çıxıb.
Çıxışının
yekununda Hicran Hüseynova qanunla bağlı təkliflərini
tədbir iştirakçılarının diqqətinə
çatdırıb.
Sonra tədbirdə
geniş məruzə edən Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova fikirlərini bildirib, “Gender (kişi və
qadın) bərabərliyinin təminatları haqqında”
Qanunun icrasında mövcud olan imkan və çətinliklər
barədə danışıb. Qeyd edib ki, günün tələbləri
baxımından bu qanunun yenilənməyə ciddi ehtiyacı
var. Ötən 15 ildə beynəlxalq səviyyədə
üzərimizə götürdüyümüz öhdəliklər,
Azərbaycanın özünün inkişafından doğan
məsələlər, bugünkü həyatımızın
diktə etdiyi yeni məqamlar ciddi şəkildə nəzərə
alınmalıdır. Zamanın və həyatımızda
baş verən inkişafın qarşıya qoyduğu yeni tələblərə
və çağırışlara cavab verməliyik. Pandemiya
və müharibə dövrü bizə gender bərabərliyi
sahəsindəki çətinliklərimizin nədən ibarət
olduğunu göstərdi.
Bahar
Muradova vurğulayıb ki, qanunların icrasına məsul olan
bütün qurumların fəaliyyətində, tərtib
etdikləri bütün hesabatlarda, apardıqları
bütün təhlillərdə gender məsələsinə
həssas yanaşma nümayiş etdirilməlidir. Bu,
dayanıqlı inkişaf məqsədlərində də nəzərdə
tutulub.
Sonra dinləmədə
təhsil nazirinin müavini Firudin Qurbanovun “Təhsildə
gender bərabərliyinin təmin olunması”, daxili işlər
nazirinin müavini İsmət Əliyevin “Hüquq-mühafizə
müstəvisində gender bərabərliyinin təmini”, əmək
və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun
“Əmək qanunvericiliyi sahəsində gender bərabərliyinin
gələcək təminatları” mövzularında məruzələri
dinlənilib. Məruzəçilər sözü gedən
qanunla bağlı bir sıra təkliflər irəli
sürüblər.
Tədbirdə
geniş müzakirələr aparılıb. Parlamentin ailə,
qadın və uşaq məsələləri komitəsinin sədr
müavini Jalə Əliyeva, komitə üzvləri Sevil
Mikayılova, Tamam Cəfərova və Könül Nurullayeva,
“Təmiz Dünya” Qadınlara Yardim İctimai Birliyinin sədri
Mehriban Zeynalova, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsinin İnformasiya və
analitik araşdırmalar şöbəsinin müdiri Elgün
Səfərov rəy və təkliflərini bildiriblər.
Müzakirələri
parlamentin komitə sədri Hicran Hüseynova
yekunlaşdırıb.
Dinləmədə
Milli Məclisin deputatları Rauf Əliyev, Pərvin Kərimzadə,
Ramin Məmmədov və Sədaqət Vəliyeva, Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin şöbə müdirləri Taliyə
İbrahimova və Kəmalə Ocaqova, İnsan Alverinə
Qarşı Mübarizə Təşkilatı İctimai
Birliyinin gender məsələləri üzrə koordinatoru
Leyli Bayramova, Sağlam Həyat Naminə İctimai Birliyinin sədri
Sədaqət Hüseynova, Qadın Təşəbbüsü
və Sosial Problemlərin Həllinə Yardım İctimai
Birliyinin sədri (Sumqayıt şəhəri) Zemfira
Mustafayeva, Əlil Qadınlar Cəmiyyətinin sədri Məhluqə
Rəhimova iştirak ediblər.
Azərbaycan.-2021.- 5 mart.- S.3.