İdmançılarımızın
üzərinə daha böyük
vəzifələr düşür
“İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir”.
Heydər ƏLİYEV
Martın 5-i Azərbaycanda “Bədən tərbiyəsi və idman günü” kimi qeyd edilir. Təqvimdə bu günün xüsusi önəm daşımasının səbəbi ölkəmizdə idman siyasətinin daim diqqət mərkəzində olması ilə əlaqədardır. Qeyd edim ki, Bədən tərbiyəsi və idman günü ölkə başçısı cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən təsis edilib.
Bədən tərbiyəsi və idman günü kimi bu tarixin müəyyən edilməsinin səbəbi ona görədir ki, düz 26 il bundan əvvəl, yəni 1995-ci il martın 5-də Ümumilli Lider Heydər Əliyev Bakı İdman Sarayında Avropa və dünya çempionatlarının qalibləri, mükafatçıları ilə görüşmüşdü. Həmin görüşdən sonra idman sahəsində görülən işlərin daha da təkmilləşdirilməsi məqsədilə ölkəmizdə İdman Fondu təsis edilmişdi. İdman sahəsində görülən bu işlər eyni zamanda bədən tərbiyəsi və idmanın inkişafının əsasını təşkil etmişdi.
Ümumiyyətlə, bədən tərbiyəsi və idmanın inkişafı, gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə respublikamıza rəhbərliyə başlamasından sonra dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyi yaradılması, Ulu Öndərin gənclərlə görüşləri bu istiqamətdə uğurlu dövlət siyasətindən xəbər verirdi.
1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərlik etməyə başlamasından sonra isə Azərbaycan idmanının inkişafında yeni mərhələ başladı. İdmanın inkişafı istiqamətində bütün zəruri addımlar atıldı, bölgələrdə olimpiya kompleksləri, idman zalları yaradıldı. İdmançılarımızın yerli və beynəlxalq yarışlara cəlb edilməsi istiqamətində zəruri addımlar atıldı.
Bu siyasət İlham Əliyev respublika Prezidenti seçildiklən sonra daha geniş vüsət aldı. Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı, uğurlu idman siyasəti nəticəsində ölkəmiz dünyanın qabaqcıl idman ölkəsinə çevrildi. Görülən işlərin daha da səmərəliləşdirilməsi müsbət nəticəni qısa müddət ərzində göstərməyə başladı. İdmançılarımız olimpiadalardan ölkəmizə medallarla dönməyə başladı, hər dəfə qalib gələn idmançılarımızın səsləndirdikləri himnimiz, göylərə qalxan bayrağımız hər bir azərbaycanlının qüruruna səbəb oldu.
Ulu Öndər Heydər Əliyevin deyirdi: “İnanıram ki, idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq”. Ölkəmizdə həyata keçirilən mütərəqqi idman siyasəti nəticəsində Ulu Öndərin bu arzusu həyata keçdi. Prezident İlham Əliyevin diqqət və qayğısı idmanı ölkəmizdə kütləviləşdirdi. Belə ki, ölkəmizin idman sahəsində qazandığı uğurlarla yanaşı, paytaxtda və bölgələrdə yaradılan idman kompleksləri və idman bazaları idmanın kütləviləşməsinə gətirib çıxardı. İdman zallarında məşq etmək hər kəs üçün əlçətan oldu.
İdman sahəsində qazanılan uğurlardan başqa, ölkəmiz ən böyük idman yarışlarının yüksək səviyyədə təşkilatçısına çevrildi. İlkin olaraq I Avropa Oyunları yüksək səviyyədə təşkil edildi və bu Oyunların təşkili ilə bağlı ənənənin əsası qoyuldu. Bu yarışa evsahibliyi hüququnun ölkəmizə həvalə edilməsi Azərbaycanın dünyadan ən güclü idman ölkələrindən biri olaraq tanınmasına əsas verdi.
Növbəti
dəfə IV İslam Həmrəyliyi Oyunlarının
yüksək səviyyədə təşkil edilməsi, habelə
“Formula-1” kimi dünyanın diqqət mərkəzində olan
yarışın ölkəmizdə keçirilməsi Azərbaycanın
idman ölkəsi kimi nüfuzunu daha da yüksəltdi. Bu idman
yarışlarının ən yüksək səviyyədə
təşkili idmanı ölkəmizin brendlərindən birinə
çevirdi. “Euro-2020” futbol
çempionatının bəzi oyunlarının ölkəmizdə
təşkili isə ən möhtəşəm futbol yarışlarının keçirilməsinə
imkan verən stadionlarımızın
olmasını bir daha
diqqət mərkəzinə gətirir.
Son bir ildə dünyanı bürüyən pandemiyanın ən çox təsir etdiyi sahələrdən biri də idman sahəsi oldu. COVID-19 pandemiyasının II Dünya müharibəsindən bu tərəfə idmana vurulan ən böyük zərbə olmasına baxmayaraq, idmançılarımızın qalibiyyət missiyalarına uğurla davam edəcəyinə şübhə yoxdur.
İdmanın kütləviləşməsinin, gənc nəslin idmana marağının artırılmasının, habelə vətənpərvər ruhda tərbiyənin uğurlu nəticəsini həm də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun qələbəsi göstərdi. Belə ki, hərbi qulluqçularımızın fiziki cəhətdən hazırlıqlı olmaları, onların göstərdiyi şücaət diplomatik müstəvidə aparılan uğurlu danışıqlarla vəhdət təşkil edərək qalibiyyətimizi təmin etdi. Hazırda Azərbaycan Ordusunun hərbi qulluqçuları dünyanın ən hazırlıqlı hərbçilərinin sırasında yer alırlar. Daha əvvəl idmançılarımız dəfələrlə Ermənistan nümayəndələrini idman yarışlarında məğlub etmişdilər. İndi isə onları həm də döyüş meydanında məğlub etdik və Zəfər bizim oldu.
İnanıram ki, idmançılarımız onlara olan etimadı daim doğruldacaq və 44 günlük Vətən müharibəsində qazandığımız Zəfərin idman yarışlarında uğurla davam etməsi üçün üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklər. Şanlı bayrağımızın beynəlxalq idman yarışlarında hər zaman dalğalanmasını görəcək, himnimizin səslənməsini eşidəcəyik.
Adil ƏLİYEV,
Milli Məclis sədrinin müavini,
Gənclər və
idman komitəsinin sədri
Azərbaycan.-2021.- 5 mart.- S.3.