İlham Əliyevin sosial siyasəti əməli addımlar və konkret qərarlarla davam edir

 

 

Dövlətin həyata keçirdiyi sosial siyasət sayəsində ölkə vətəndaşlarının həyat səviyyəsi ildən-ilə yüksəlir. Mütəmadi olaraq pensiyalar və digər sosial ödənişlərin məbləği artırılmaqla yanaşı, onların əhatə dairəsi də genişlənir. Bununla Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi “Dövlətin apardığı siyasətin mərkəzində Azərbaycan vətəndaşının mənafeyi dayanır” bəyanatı əməli addımlarla sübut olunur.

Pandemiya dövründə biz bir daha bunun şahidi olduq. COVID-19-la əlaqədar bir çox yerləri bağlansa da, dövlət maddi yardım etməklə vətəndaşları taleyin ümidinə buraxmadı. Bununla yanaşı, sahibkarlara maliyyə dəstəyi göstərildi ki, həm özləri ayaqda qalsın, həm də yerlərini ixtisar etməsinlər. Bu dövrdə əhalinin sağlamlığının qorunması və sosial müdafiəsi sahəsində görülən tədbirlər isə bir sıra beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi.

Ölkəmizdə 30 ilə yaxın bir müddətdə sosial müdafiəyə daha həssas olan qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün də tədbirlər görülmüşdür. Bu kateqoriyadan olan insanların başlıca problemini həll etmək üçün hər şəraiti olaninfrastrukturla təmin edilən 100-dək qəsəbə salınmışdır. Üstəlik, onlara işıq, qaz, su və digər kommunal xərclərin ödənilməsində güzəştlər edilmiş, adambaşına sosial müavinət ödənilmişdir.

Vətənin müdafiəsində fədakarlıq göstərən əsgər və zabitlərin sosial ehtiyacları da unudulmur. Onlar ev və mənzillərlə təmin edilir, müalicələri dövlət hesabına aparılır, bir sıra güzəştlərdən istifadə etmələrinə imkan yaradılır, qazilər isə avtomobillə təmin edilirlər.

Fevralın 25-də şəhid ailələri və müharibə əlilləri dövlətin növbəti qayğısının şahidi oldular. Həmin gün Prezident İlham Əliyevin iştirakı ilə Ramana qəsəbəsində 1512 mənzildən ibarət yaşayış kompleksindəki mənzillər şəhid ailələrinə və müharibə əlillərinə təqdim olundu. Kompleksdə mənzillər təmirlidir, yeni sakinlərin yüksək səviyyədə yaşaması üçün məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Ümumilikdə dövlət başçısının imzaladığı sərəncamla 2021-2025-ci illər ərzində bu kateqoriyadan olan 11 mindən çox insan mənzillə təmin ediləcək. Onu da qeyd edək ki, indiyədək müharibə əlillərinə 7200-ə yaxın minik avtomobili verilib.

Prezident şəhid ailələri və müharibə əlilləri ilə görüş zamanı dövlətin bu sahədəki siyasətinin dəyişməz olduğunu bildirərək demişdir: “Dövlət şəhid ailələri, müharibə əlilləri üçün əlindən gələni edir. Mənim bu sahədəki siyasətim birmənalıdır. Son 17 il ərzində şəhid ailələri ilə müxtəlif tədbirlərdə dəfələrlə görüşmüşəm. Bugünə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsidə şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır”.

Şəhid Milli Qəhrəman İlqar İsmayılovun anası Fatma Qocayeva ölkəmizdə  şəhid və qazi ailələrinə göstərilən diqqətə görə minnətdarlıq edərək deyir ki, indi şəhidlərimizin ruhu şaddır: “Torpaqlarımız düşmən işğalından azad edilib, ailələri isə dövlət tərəfindən qayğıkeşliklə əhatə olunub. Dövlət başçısı bizim hər qayğımızla maraqlanır, zamanında lazım olan köməyi göstərir. Şəhid ailələrinin və müharibə əlillərinin yeni mənzillərlə təmin edilməsi isə dövlətin bizim üçün növbəti hədiyyəsidir”.    

 

 Rüstəm KAMAL

Azərbaycan.-2021.- 5 mart.- S.4.