Faciənin ekran,
səhnə və musiqi
yaşantıları
Xocalı müsibəti bədii əsərlərdə öz təcəssümünü tapdıqca daha çox yaddaşlara yazılır. Hər il xalqımız, eləcə də dünya azərbaycanlılarının bu soyqıqımı ilə bağlı keçirdiyi təbliğat xarakterli tədbirlər bəşəriyyəti erməni vəhşiliyinin şahidinə çevirir.
Xocalı faciəsinin baş verdiyi məqamları lentə almaq sözün əsl mənasında qəhrəmanlıq idi. Milli Qəhrəman Çingiz Mustafayevin və fədakar jurnalist-operator Seyidağa Mövsümovun həmin o müdhiş günlərdə qanlı faciənin ağrılı anlarını lentə almaları soyqırımının dünyaya təqdim edilməsində mühüm faktor kimi daim öndə olub. Bundan sonra faciə haqqında sənədli, son illər isə bədii filmlər yaradılaraq dünya ictimaiyyətinə bir neçə dildə təqdim edildi.
“Düşmən laylası” adlı
qısametrajlı film Xocalı faciəsinin
ağrıları haqqındadır. Film litvalı
jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. İllər öncə
hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və
qanlı soyqırımı
aktını işıqlandırıb.
O, Xocalıda kütləvi
qətliamdan sağ çıxmış insanlarla
görüşüb. Ermənilərin atəşi altındakı
“sonsuz dəhliz”də
özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin
ürəkdağlayan hekayətlərini
dinləyib. Filmin müəllifi
bu soyqırımının
təşkilatçıları və icraçıları
- erməni hərbi komandirləri ilə də söhbət edib.
Xocalı soyqırımından söz
açan “Zülmətdən
qaçarkən” sənədli
filmi ABŞ-da Xocalı soyqırımı
mövzusunda çəkilmiş
ilk sənədli ekran
əsəridir. Los-Anceles
istehsalı olan və burada fəaliyyət göstərən
yəhudi kinematoqrafçıları
tərəfindən yaradılan
həmin sənədli
film Xocalı soyqırımının
canlı şahidlərinin
müsahibələrini diqqətə
çatdırır.
“Müharibə uşaqları”
və “Biz qayıdacağıq”
kinolentləri də Xocalı soyqırımından
bəhs edir. Rejissor Şamil
Nəcəfzadənin çəkdiyi
“Müharibə uşaqları”
filmində faciə zamanı valideynlərini itirmiş yeddi uşağın taleyindən
ağrılı notlarla
söz açılır.
Rejissoru Könül Kərimova olan “Biz qayıdacağıq”
adlı ikinci filmdə Milli Qəhrəman Hikmət Nəzərlinin keçdiyi
döyüş yolu işıqlandırılır.
Xocalı həqiqətlərinin dünyaya
çatdırılmasında böyük xidmətləri
olan Nüşabə Məmmədovanın ssenarisi
əsasında lentə
alınan “Haray” filmi Xocalı faciəsinin bədii kinoda dolğun ifadəsidir.
Xocalı soyqırımı haqda
ilk bədii kinolardan biri sayılan “Fəryad”ın ssenari müəllifi kinorejissor Vaqif Mustafayev, quruluşçu rejissoru isə mərhum sənətkar, baş rolun ifaçısı Ceyhun Mirzəyev olub.
Rejissor Mərahim
Fərzəlibəyovun çəkdiyi
“Qırmızı qar”
filmini də həyəcansız seyr etmək mümkün deyil. Xocalı və ümumiyyətlə,
Qarabağ mövzusunda
daha bir ekran əsəri də Elxan Qasımovun
“Biz qayıdacağıq” filmidir.
Film Xocalıdan olan yeniyetmə bir oğlanın həyatından
bəhs edir.
“Xocalı” filminin
müəllifi bədii
kinonun imkanları çərçivəsində hadisələrin reallıqlarını
tamaşaçıya çatdırır. Xocalı
soyqırımına həsr
edilən bir sıra ekran əsərləri var ki, onlardan biri
də “Salnamə” kinostudiyasında çəkilən
“Dua” və rejissor Mehriban Ələkbərzadənin “Xocalı
soyqırımı” sənədli
filmlərdir. “Azərbaycantelefilm”də
lentə alınan “Xocalı”, “Xocalı soyqırımı”, “Xocalı
şahidləri” kimi nümunələr, əlbəttə,
tamaşaçılarda faciənin
nəinki ağrısını
yaşadır, eyni zamanda onu qan
yaddaşına yazır.
Rejissor Elşən Zeynallının
“Günəşin batdığı
yer”, Vahid Mustafayevin “Xoca” filmləri də bu qəbildən olan ekran əsərlərindəndir.
“Sonsuz dəhliz”
isə litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından
söz açan sənədli filmidir. Xatırladaq
ki, İsveçin paytaxtı Stokholm şəhərində “Xocalıya
ədalət!” beynəlxalq
kampaniyası çərçivəsində
ABŞ və Litvanın
birgə istehsalı olan, çoxsaylı mükafatlar qazanmış
“Sonsuz dəhliz”
(“Endless Corridor”) müstəqil sənədli filminin nümayişi beynəlxalq
mediada böyük əks-səda doğurub.
Rejissoru Elmar Məlikov olan “Dəhliz”, həmçinin ssenari müəllifi Altay Yaşar, rejissoru Elxan Cəfərov, bəstəkarı Nailə Mirməmmədli, operatoru Tanrıverdi Tanrıverdiyev olan “Düşmən laylası” qısametrajlı filmləri də Xocalı faciəsinin ağrılarını özündə əks etdirir. Xatırladaq ki, “Zülmətdən qaçarkən” sənədli filmi ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk sənədli ekran əsəridir.
Xocalı soyqırımı bədii təcəssümünü, əlbəttə, kinofilmlərdə, ekran əsərlərində olduğu kimi, səhnədə də tapmaqdadır. Belə əsərlərdən biri də Akademik Milli Dram Teatrında faciənin növbəti ildönümü ilə bağlı təqdimatı keçirilmiş “Badam ağacı çiçəkləyəndə” tamaşasıdır. Tamaşa Akademik Milli Dram Teatrının səhnəsində Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti tərəfindən ərsəyə gətirilib. Burada Gənc Tamaşaçılar Teatrının aktyor heyəti ilə yanaşı, kütləvi səhnələrdə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri də iştirak edirlər.
Tamaşanın “Badam ağacı çiçəkləyəndə” adlandırılması heç də təsadüfi deyil. Çünki badam çiçəkləməyə başlayan ilk ağacdır. “Xocalıya ədalət!” kampaniyasının loqosunda əks olunmuş badam çiçəyi də Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim yaşayış məskənlərindən olan Xocalıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilər tərəfindən törədilmiş soyqırımına münasibətdə ədalətin təmin edilməsinə və bu cür qəddar əməllərin təkrar olunmamasına ümidi əks etdirir.
Rejissor Gülnar Hacıyevanın quruluş verdiyi tamaşada əsas obrazları aktyorlardan Kərəm Hadızadə, Zemfira Əbdülsəməd, Mirzağa Mirzəyev, Elnur Kərimov, Asya Atakişiyeva, Güşvər Şərifova, Mehriban Hüseynova, Zülfiyyə Alhüseynova, Elşən Şıxəliyev və Manaf Dadaşov canlandırır.
Xocalı
soyqırımı haqqında bir sıra mahnılar və
musiqi kompozisiyaları da bəstələnib: Pyer Tilloyun
“Xocalı 613” musiqi pyesi, Məmməd Quliyevin “Simfoniya -
rekviyem”, Aleksandr Çaykovskinin “Khojaly Requiem”, Nəriman Məmmədovun
“Xocalı” (7 saylı simfoniya), Elnarə Dadaşovanın “Xocalı
laylası”, “Dəyirman” və Toni Blekmenin “Justice for Khojaly”,
Qaraqanın “Xocalı”, Nigar Camalın “Broken Dreams”
mahnıları və s. kimi əsərlər faciənin dəhşətlərini
dinləyicilərə musiqinin dili ilə çatdırır.
Məhəmməd
NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 5 mart.- S.6.