Azərbaycanın və Pakistanın daxili işlər orqanları arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olunub

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov martın 5-də Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə strateji müttəfiqlər olan iki dövlət arasında əlaqələrin zəngin tarixə malik olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin bu münasibətlərin daha da genişlənməsinə hər zaman xüsusi önəm verdiyini diqqətə çatdıran nazir Vilayət Eyvazov dost və qardaş ölkə olan Pakistanın beynəlxalq aləmdə və regional təşkilatlar çərçivəsində Azərbaycanın mövqeyini hər zaman birmənalı şəkildə dəstəklədiyini vurğulayıb.

Dövlətlərimizin başçılarının siyasi iradəsi nəticəsində son illər bütün sahələrdə inkişaf və tərəqqinin müşahidə olunduğunu qeyd edən nazir iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında da sıx münasibətlərin mövcudluğundan, imzalanmış beynəlxalq hüquqi sənədlər əsasında transmilli mütəşəkkil cinayətkarlıqla, xüsusilə narkotiklərin qanunsuz dövriyyəsinə, qeyri-leqal miqrasiyaya və insan alverinə qarşı mübarizədə birgə səylərin göstərilməsindən, əməliyyat məlumatlarının mübadiləsindən məmnunluğunu bildirib, qarşılıqlı səfərlərin birgə işbirliyinin daha da dərinləşdirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Yüksək qonaqpərvərliyə görə təşəkkür edən general Nadim Raza dövlətlərimiz və xalqlarımız arasında dostluq, qardaşlıq münasibətlərinin həqiqətən dərin köklərə malik olduğunu önə çəkərək xüsusilə son illər ərzində bütün sahələrdə əlaqələrin daha sürətli inkişafından, ölkəmizdə yaradılmış sabitlik və əmin-amanlıqdan, respublikamızın, onun paytaxtının dünyanın ən təhlükəsiz dövlət və şəhərlərindən biri olmasından məmnunluğunu bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

 

 

Azərbaycan.-2021.- 6 mart.- S.7.