Ermənistanda dövlətçilik
tənəzzül mərhələsinə qədəm qoyub
Ermənistanda daxili-siyasi vəziyyət tam nəzarətdən çıxıb. Revanşist qüvvələrlə Paşinyanın tərəfdarları faktiki olaraq mitinq yarışındadırlar. Postmüharibə dövrünün Ermənistan üçün daha ağır keçdiyini müşahidə edirik. Bu ölkədə faktiki savaş yenidən alovlanıb. 44 gün ərzində Ermənistan ordusunda döyüş meydanında müşahidə olunan hərc-mərclik və xaos hakimiyyət daxilinə də sirayət edib.
İndi Paşinyanı təslimçilikdə ittiham edənlər çıxış yolu kimi onu devirməkdə görsələr də, 44 günlük müharibədəki məğlubiyyətin məsuliyyətini də üzərlərinə götürmək istəmirlər. Bu səbəbdən Ermənistanda hələ də normal müxalifət formalaşmayıb. Özünü müxalif kimi təqdim edənlər isə hələ də konseptual strategiya ortaya qoya bilməyiblər. Yəni “Paşinyansız Ermənistan necə olacaq və necə olmalıdır” sualının cavabı yoxdur. Siyasi dairələr də yaxşı dərk edir ki, hakimiyyətə kimin gəlməyindən asılı olmayaraq, mövcud vəziyyət Ermənistanın xilası üçün bəlkə də son şansdır və bu şansı maksimum şəkildə dəyərləndirmək lazımdır.
Cəmiyyətdə də siyasi proseslərə yanaşma fərqlidir. Əslində, hər kəs bu böyük məğlubiyyətdən sonra Paşinyanın dərhal istefaya gedəcəyini və ya belə hərəkət etməyə məcbur olacağını güman edirdi. Amma bu, baş vermədi. Hiss olunur ki, erməni cəmiyyətinin böyük əksəriyyəti Paşinyanın devrilməsindən daha çox Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, “status-kvo”nu dəyişməsi ilə bölgədə yaratdığı reallıqdan səmərəli istifadə olunmasının tərəfdarıdır. Çünki sadə ermənilər, Qarabağ kartından istifadə edərək, 30 ilə yaxın müddətdə erməni xalqını səfalət içində saxlayan rejimdənsə, məğlub baş nazirin hakimiyyətdə qalmasına üstünlük verirlər. Son günlər keçirilən etiraz mitinqlərində revanşistlərin Paşinyanın tərəfdarlarına uduzması da bunun bariz göstəricisidir. Digər tərəfdən, erməni ordusunun müharibədə xeyli sayda itki verməsi cəmiyyətdə müharibə xofu yaradıb. Bu səbəbdən fərarilik halları azalmır, əksinə artır. Ermənistan XİN rəsmilərinin ordunun müasirləşdirilməsi ilə bağlı revanşizmə hesablanan bəyanatları da bu xofu azaltmır. Erməni məbuatının icmalından, sosial şəbəkələrin erməni seqmentindəki müşahidələrdən də bu qənaətə gəlmək olur ki, cəmiyyətin əksəriyyəti Qarabağ uğrunda savaşı özgə torpağı uğrunda savaş kimi qiymətləndirir. Silahlı qüvvələrlə baş nazir arasında müşahidə olunan gərginlik də məsələyə təsir edən amillərdəndir. Hazırkı ordu, zəif idarəçiliyə malik hökumət, bədbin və xof xarakterli əhvali-ruhiyyə ilə yenidən hərbi əməliyyatlara başlamaq Ermənistan üçün arzuolunan deyil. Yəni cəmiyyətin böyük hissəsi mövcud reallıqla hesablaşır. Mövcud reallıq isə təbii ki, bütün bölgə dövlətləri, o cümlədən də Ermənistan üçün yaranan yeni imkanlardır.
Prezident İlham Əliyevin yerli və xarici KİV-in nümayəndələri üçün keçirdiyi mətbuat konfransında da söylədiyi kimi, yeni dövr başlayır. Azərbaycan bütün addımlarını düzgün və düşünülmüş şəkildə atdığından postmüharibə dövrü bizdə çox rahat keçir. “Bu da cəmiyyətimizin çox böyük üstünlüyü, xalqımızın böyüklüyüdür və bu gün məhz bu ideyalar uğrunda biz yenidən birləşirik. Yeni ideyalar uğrunda - Qarabağı necə bərpa edək, keçmiş köçkünləri torpaqlara necə qaytaraq. Bundan sonra elə bir qüdrətli dövlət yaradaq ki, heç kim heç vaxt bizə qarşı heç bir təxribat törədə bilməsin”.
Təxribat törətmək istəyənlər üçün isə təbii ki, dəmir yumruq işə düşəcək. Rəsmi Bakı dəfələrlə bəyan edib - Vətən müharibəsində olduğu kimi, Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində də suverenliyi və ərazi bütövlüyünün təminatçısı kimi bu sahədə meydana gələ biləcək istənilən təhdidin qətiyyətlə qarşısını alacaq. Bu mənada Ermənistan aqressiv ritorikadan əl çəkərək, münaqişə sonrası mərhələdə bölgədə təhlükəsizlik və əmin-amanlığa nail olunması üçün quruculuq və əməkdaşlıq perspektivlərinə fokuslanmalıdır.
Könül NURULLAYEVA,
Milli Məclisin deputatı
Azərbaycan.-2021.- 6 mart.- S.8.