Bir gecədə
yeddi üzvünü
itirmiş ailənin müsibəti
Respublikamızın əksər bölgələrinə səpələnmiş xocalılılardan bir zamanlar cənnət-məkan sayılan, sonralar qaçqın-köçkün sığınacağına çevrilən Hacıkənd qəsəbəsinə pənah gətirənlər də az olmamışdı.
Əsasən də kəndlərdən olan xocalılılar 29 ildir ki, orada yurd həsrətli, torpaq itkisinin ağrı-acısını yaşayan digər qarabağlı, göyçəli, laçınlı, kəlbəcərlilərlə qaynayıb-qarışmışdı. Sən demə, dərd, ağrı insanları bir-birinə daha da yaxınlaşdırırmış.
Hacıkənd qəsəbəsində məskunlaşmış məcburi köçkünlər üçün Gəncənin yaxınlığında, Hacıməlik kəndi yaxınlığında 600 ailəlik təzə bir qəsəbə də salınmışdı. Artıq beş-altı ildir ki, “hacıkəndlilər” burada özləri üçün yeni şərait qurmuşdular. Lakin hər bir laçınlı, kəlbəcərli, xocalılının istəyi doğma yurduna qayıtmaq idi. Şükürlər olsun ki, onlar bu günü də gördülər. Ötən il 44 günlük Vətən müharibəsi bütünlüklə məcburi köçkünlərin doğma yerlərə qayıtmalarına imkan yaradır.
“Xocalı rayonunun Kosalar kəndində dünyaya göz açıb, ömrünün xeyli illərini orada yaşamış, Qələbə gününü səbirsizliklə gözləmiş, yurdunun müdafiəsində düşmənlə üz-üzə dayanmış el ağsaqqallarından biri də vaxtilə kənd sovetliyinin mühasibi işləmiş Kamran Məmmədov idi. Bu gün aramızda olmasa da, onun dilindən eşitdiyimiz son xatirələrində erməni vandallarının barbarlığını təsdiqləyən xeyli faktlar var”.
Bu fikirləri söyləyən Xocalı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Aqil Məmmədov atasının söylədikərini sanki əzbərləyib şagird kimi. Deyir ki, atam son nəfəsinədək Qarabağ intizarı ilə yaşadı. Qələbəmizə inanırdı. Heç vaxt ruhdan düşmədi. Çünki bilirdi ki, ermənilərin niyyətləri həmişə “çanağı öz başlarında çatdadıb”.
25 nəfər repressiya qurbanı
Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin o müdhiş gecə son kəlmələrini eşidən və harayı heç yana yetməyən müdrik el ağsaqqalı Qarabağın bir parçası olan Xocalının sanki canlı ensiklopediyasıdır. Kamran Məmmədov Kosaların tarixini, erməni vandalizminin Xocalıda törətdiyi müsibətləri öz dəstxəti ilə qələmə alıb: “Kosalar 700 illik tarixə malik qədim türk kəndidir. O, ilk sakinlərindən birinin - Hacı Avazın adını (ona kosa Avaz da deyirmişlər) daşıyır. Kosaların adlı-sanlı kişiləri bolşevizmə və erməni daşnaklarının çirkin niyyətlərinə qarşı olublar. İgidliklərindən nağıl-dastanlar danışılan Qaçaq Mahmudun, Kosalar, Ballıca, Xan bağı, Xanəzək və digər kəndlərdə böyük mülkləri olmuş Məhəmməd ağanın doğulduğu kənd kimi tanınıb. Ötən əsrin otuzuncu illərinin repressiyası bu kənddən də yan keçməyib. 25 nəfər repressiyanın qurbanı olub - güllələnlərdən savayı neçələri də Sibirə ömürlük sürgün ediliblər. 1941-1945-ci illər müharibəsi də bu kəndin oğullarını əlindən alıb. Müharibəyə aparılmış 122 nəfərdən 71-i cəbhədən qayıtmayıb. Qayıdanlar isə şikəst, əlil və yaralılar olub”.
Kosalar Dağlıq Qarabağın azərbaycanlılar yaşayan ən sonuncu işğal edilən yaşayış məntəqəsi olub. Kəndin 18 nəfər şəhidi olduğunu yazır el ağsaqqalı: “...Xocalının yer üzündən silinməsindən sonra o ərazilərdə azərbaycanlıların yaşadığı kənd-kəsək hər saat atəş altında idi. Ona görə də kəndlərdə özünümüdafiə dəstələri yaratmışdıq. Özüm də silah götürmüşdüm. Postları yiyəsiz qoya bilməzdik. Kosalar camaatı Şuşanın işğalından bir gün sonra, yəni 9 may 1992-ci ildə kəndi məcburi şəkildə tərk etməli oldu. Şuşa artıq erməni qoşunlarının əlində idi.
Kosaların tarixi, o müdhiş illərdə və son günlərində yaşayıb, düşmənlə necə döyüşdüklərindən az yazılmayıb. Əlbəttə, erməni quldurlarına qarşı mətinliklə, qəhrəmanlıqla döyüşüb şəhid olandan sonra “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adına layiq görülən Tabil Qasım oğlu Həsənovun, Natiq Elyas oğlu Əhmədovun, Möhsün Şahin oğlu Məmmədovun, eləcə də “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilən Xəzani Kərəm oğlu Əsgərovun, ümumiyyətlə, torpaq, yurd, Vətən uğrunda canlarından keçən şəhidlərimizin şərəfli ömür yollarının örnəyə çevrilməsi üçün bu insanlar haqqında yazılmalıdır. Bu, həm də bizim müsibətlərimizin qanlı salnaməsidir. Kəndimizin beş oğlu (Sərvər Məmmədov, Mahir Abdullayev, Eldar Rüstəmov, Rasim Ağayev və Ramiz Həsənov) isə şəhid olduqdan sonra “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Doğma Kosalarına dönə bilməyən, məzarı qəriblikdə qazılan Kamran kişinin xatirələrində nələr yoxdur, ilahi?! Bəzən “duman-çən”də azıb, fikri dolaşsa da, yaddaşında qalanlar elə bir kitablıq xatirələrdir. Xocalının mühasirə illərindən Kosalar kənd məktəbində qərargah yaradılıb. Şəhər odlara qalanan gecə o da qərargahda olub. Hava telefonunda Qarabağın igid, cəsur oğlu, Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin səsini eşidirmiş: “Haray çəkirdi, Xocalıya kömək istəyirdi. Gecə saat 12-ni keçmişdi. O, Xocalının od tutub yandığını bildirir, hücumun qarşısını kəsmək və ləngitmək üçün Həsənabad və Xankəndinin hədəfə alınmasını istəyirdi. Canhəsən postunda bir top, bir “Qrad” qurğusu var idi. O gecə Əlif Hacıyevin hava telefonu ilə “sizdən də bizə kömək olmadı...” harayı Ağsu aşırımındakı milis postunda da eşidildi. Qəhrəman, igid komandirin sonuncu kəlmələri də Xocalıya kömək göstərilməməsini təsdiqləyirdi. Xocalı təklənmiş, yerdən-göydən əli üzülmüş xocalılılar kimi, o gecə sonuncu harayını eşitdirdi Əlif Hacıyev... Amma bu səs də təəssüf ki, susduruldu...”
Azğın düşmənin qəzəbi və əzabı
Kosalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şahid Rzayevlə söhbətləşdik. O, faciədə, az qala, kökü kəsiləcək ailələrdən birinin sığındığı ünvanı göstərdi. Doqquz nəfərlik ailədən o gecə “salamat” çıxan Xalidə və qardaşı Rauf Qəmbərovlar olublar. Xalidə Qəmbərova ilə Xocalının tarixini özündə əks etdirən Yaloba kənd tarix-diyarşünaslıq muzeyində görüşdük. Dərd insanı tez dilləndirər, amma bir nəslin yadigarı olan Xalidə Qəmbərova sanki susmağı ilə anlatmağa çalışdı gördüyünü, yaşadığını, çəkdiyi müsibətləri. Bir ayın gəlini olan Xalidə xanım-xatınlıq günlərini əlindən alan o müdhiş gecədən salamat çıxmasına nəinki sevinir, əksinə, yurdu dağılan, ocağı sönən xocalılılardan danışmağın əzabını yaşayır. Bəzi məqamları xatırladan Yaloba kənd tarix-diyarşünaslıq muzeyinin direktoru Tofiq Məmmədov deyir ki, yeddi nəfərini bir gecədə itirmiş ailənin başçısı Qəmbərov Qarsalan Gəray oğludur. 1941-ci ildə Xocalının Kosalar kəndində anadan olmuşdu. Onun necə vətənpərvər olmasını yalnız Xocalı sakinləri deyil, Xankəndidə erməni yaraqlıları da yaxşı bilirdi: “Məktəbyaşlı nəvələri ilə birlikdə qətlə yetirilən Qəmbərova Validə Boran qızı onun ömür-gün yoldaşı idi. 50 yaşında erməni gülləsinə tuş gəldi. Qəmbərov Nadir Qarsalan oğlu 1972-ci ildə Xankəndidə doğulmuşdu. Oradakı N.Gəncəvi adına orta məktəbin IX sinifində oxuyanda, yəni 1988-ci ildə Xankəndidə ermənilərin “Miatsum!” deyib qışqıraraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə nümayişlər zamanı dəfələrlə daşnakların hücumuna məruz qalmışdı. Həmin ilin sentyabrında - azərbaycanlıların Xankəndidə vəziyyətlərinin ağırlaşdığı günlərdə onların da ailəsi Xocalıya pənah gətirmişdi. Ona görə də düşmənə nifrəti gündən-günə artmışdı. Nadirin böyük qardaşı Səfər də 1963-cü ildə Xankəndidə anadan olmuşdu. Taleyinə Xocalının 25 fevral 1992-ci il müsibəti yazılanlardan oldu. O gecə Səfər, həyat yoldaşı və iki balası (1983-cü il təvəllüdlü Esmira və 7 yaşlı Emin) ilə erməni vandalizminin qurbanına çevrildilər”.
Ailənin daha bir şəhid üzvü - Qəmbərova Mətanət Hacı qızı isə Xocalıya Naxçıvandan gəlin köçmüşdü. Qarabağ adət-ənənəsi ilə toyları çalınanda ağlına da gətirməzdi ki, onun ailə-uşaqcanlı olduğundan, qohum-qonşularla tezliklə qaynayıb-qarışmasından, başına and içilməsindən daha çox müsibətindən, amansızcasına qətlə yetirilməsindən danışılacaq. İki balası və həyat yoldaşını qəfil itirəcəyinə inanmasa da, illər idi ki, xofda yaşayırdılar...
Bir ürəkdə yeddi yara...
“Xocalının səsi” qəzetinin mərhum redaktoru Qasım Qırxqızlının “Bir ürəkdə yeddi yara” adlı bir məqaləsi dərc edilib. Müsibətlər yaşamış həmin ailənin faciəsinə həsr edilən məqalədə deyilir: “...Xocalının başı üzərini qara bulud alanda Səfər qardaşı Raufla döyüşən batalyonun sıralarında idi. Ermənilərin Meşəlidən çıxarılmasında və digər əməliyyatlarda fədakarlıq göstərmişdi. Qaniçən daşnaklar Səfərin iki balasını və həyat yoldaşı Mətanəti ürəyindən vurmuşdular. Bir nəslin yeddi üzvü beləcə getdi...”
Qarsalan Qəmbərovun
yeganə oğul yadigarı Rauf olub. O faciəli günləri Rauf da xatırlaya bilmir. Dəhşətli günlərdə itirdiyi əzizlərinin və doğmalarının
müsibətlərini dilə
gətirməyi bacarmasa
da, deyir ki, bir gecənin
içində hamımız
pərən-pərən düşdük.
Bilmirdik ki, kim harada
qalıb. Anam və gəlinimiz
ağır yaralı idi. Onlara heç cür
kömək göstərə
bilmədiyim məni hələ də yandırır.
Xocalının o gecə susdurulmuş haraylarının bu gün kifayət qədər eşidilməsi
bir daha göstərir ki, dünya ictimaiyyəti belə haqsızlıqlarla
barışa bilməzdi. Azərbaycanın
regionda söz sahibinə çevrilməsi,
Ermənistan-Azərbaycan münaqişəsinin
sülh danışıqları,
beynəlxalq norma
və prinsiplər əsasında öz həllini tapması üçün göstərdiyi
konstruktiv mövqenin bir sıra beynəlxalq
nüfuzlu təşkilatlar
tərəfindən dəstək
alması, “Xocalıya
ədalət!” kampaniyasının
daha geniş arenada keçirilməsi Qarabağın aranlı-dağlı
ellərinə də fəsillərin öz vaxtında gələcəyinə
əminlik yaradırdı.
Nəhayət, bu da 44 günlük
Vətən müharibəsinin
xalqımıza, o cümlədən
də xocalılılara
gətirdiyi Qələbə
sevincli günlər. Müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm
Zəfər xocalılıların
da yurd həsrətinə
son qoydu. Qarşıda xocalılıları qayıdış,
yeni həyat gözləyir. Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilən doğma torpaqlara səfərləri
və orada üçrəngli bayrağımızı
qaldırması xocalılıların
da geri dönüşünə
yol açır.
Bu yolun yolçuları
daha qaçqın-köçkün
deyillər. Onlar bu gün qalib olaraq doğma yerlərə qayıtmağa
hazırlaşırlar.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2021.- 6 mart.- S.10.