Xarici diplomatlar və hərbi attaşelər
Laçında “Güləbird” Su Elektrik Stansiyası ilə tanış olublar
Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Laçın rayonuna səfər ediblər. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən həyata keçirilib.
AZƏRTAC-ın
bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki,
səfər çərçivəsində diplomatik korpusun rəhbərləri,
hərbi attaşelər və jurnalistlər erməni
vandallarının qədim yurd yerlərimizdə törətdiyi
vəhşiliklər və cinayət izləri ilə
tanış olublar.
Diplomatları
və hərbi attaşeləri Azərbaycan Respublikası
Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci
vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov,
ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi
şəxslər müşayiət ediblər.
Səfər
iştirakçıları Laçında “Azərenerji”
ASC-nin "Güləbird" Su Elektrik Stansiyası ilə
tanış olublar.
“Azərenerji”
ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev işğaldan azad edilən
ərazilərin mövcud və perspektiv elektrik təchizatı
barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyası bu il fevralın 15-də Prezident İlham Əliyevin iştirakı ilə işə salınıb. Erməni qəsbkarları işğal dövründə xislətlərinə uyğun olaraq digər yerlərdəki kimi, bu stansiyanı da darmadağın etmişdilər. Dövlətimizin başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.
“Güləbird” Su Elektrik Stansiyasının istifadəyə
verilməsi tarixi və əlamətdar hadisədir.
Bu, işğaldan azad olunan rayonlarda
Prezident İlham
Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir.
Bu stansiya təxminən
7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm
rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun
Xanlıq kəndini, Laçın rayonunun
cənub hissəsini və ərazidə yerləşən digər
infrastruktur layihələrini elektrik enerjisi ilə təmin
edəcək.
Azərbaycan.-2021.- 7 mart.- S.2.