Vətən müharibəsində
Qələbə Azərbaycan qadınının gənc nəsli
vətənpərvərlik ruhunda tərbiyə
etdiyini təsdiqlədi
Azərbaycan
Ordusunun xanım əməkdaşları Vətən
müharibəsində həm ön, həm də arxa cəbhədə
xüsusi fədakarlıq nümunələri göstərərək
Qələbənin qazanılmasına öz töhfələrini
veriblər
Azərbaycan
Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov
Azərbaycan Ordusunda xidmət edən qadınları 8 Mart -
Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik
edib.
AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər
verir ki, təbrik məktubunda Azərbaycan qadınının
tarix boyu müqəddəs ana şərəfini uca tutaraq mübarizliyi
ilə tanındığı vurğulanıb. Bildirilib ki,
qadınlar ölkəmizin ictimai-siyasi, mədəni həyatında
fəal iştirak etməklə Vətənin müdafiəsində
və dövlətin idarə olunmasında daim əzmlə
çalışırlar.
Xüsusi
vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə ötən ilin sentyabrın 27-dən başlayaraq 44
gün müddətində davam edən Vətən müharibəsində
rəşadətli Azərbaycan Ordusu işğal
altındakı tarixi torpaqlarımızı azad edərək
Zəfər qazandı. Vətən müharibəsi tariximizin ən
parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və
qürur mənbəyinə çevrildi. Bu Zəfərin əldə
olunmasında göstərilən qəhrəmanlıq,
qorxmazlıq Azərbaycan qadınının gənc nəsli vətənpərvərlik
ruhunda tərbiyə etdiyinin, onları xalqa, cəmiyyətə
layiqli övlad kimi formalaşdırmasının
başlıca göstəricisi kimi təsdiqləndi.
Qadınlarımızın
həyatın bütün sahələrində aktiv fəaliyyəti
olduğu kimi, ordu quruculuğundakı xidmətləri də
şərəf və qürur mənbəyidir. Azərbaycan
Ordusunun xanım əməkdaşları Vətən
müharibəsində həm ön, həm də arxa cəbhədə
xüsusi fədakarlıq nümunələri göstərərək
Qələbənin qazanılmasına öz töhfələrini
veriblər.
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə ölkəmizin milli
maraqlarına xidmət edən və tarixi ənənələrimizi
yaşadan çoxlu sayda böyük layihələrin
uğurla icra olunması Azərbaycan qadınının mərhəmət
və xeyirxahlığının, yüksək əxlaqi dəyərlərə,
zəngin mənəvi-intellektual səviyyəyə malik
olduğunun bariz nümunəsidir.
“Bu
gün Azərbaycan Ordusunun bütün qoşun növlərində,
xüsusi təyinatlı təhsil müəssisələrində,
hərbi tibb ocaqlarında və digər sahələrdə
xidmət edən, mülki işlərdə
çalışan qadınlar Vətən
qarşısında vəzifə borclarını şərəf
və ləyaqətlə yerinə yetirir.
Azərbaycanın
ərazi bütövlüyü uğrunda şəhid olan
qadınlarımızın əziz xatirəsini ehtiramla yad
edir, bütün şəhid analarına və
xanımlarına, döyüşlərdə
sağlamlığını itirən hərbi
qulluqçuların ömür-gün yoldaşlarına, Vətənimiz
üçün layiqli övladlar böyüdən əsgər
analarına bayram təbriklərimi çatdırır,
yüksək hörmət və ehtiramımı ifadə edirəm.
İnanıram
ki, bütün qadınlar kimi, ordu quruculuğunda xidmət edən
və çalışan ana və bacılarımız bundan
sonra da ölkə rəhbərliyinin etimadını
doğruldacaq, göstərilən diqqət və
qayğıya cavab olaraq Vətənə, xalqa, dövlətə
sədaqət nümayiş etdirəcəklər.
Əziz
xanımlar!
8
Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə
bir daha təbrik edir Sizlərə möhkəm
cansağlığı, uzun ömür, ailə səadəti,
ölkəmizin tərəqqisi və xalqımızın
firavan gələcəyi naminə gördüyünüz
işlərdə uğurlar arzulayıram”, - deyə müdafiə
naziri Zakir Həsənovun təbrik məktubunda bildirilib.
Azərbaycan.-2021.- 7 mart.- S.3.