Orxan hər kəsin yaddaşında yaxşı xatirələrlə qalıb

 

 

Bu gün dövlətimiz şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına diqqət və qayğısını əsirgəmir. Qarşıya çıxan bütün məsələlər dərhal həll edilir, onların vətənpərvərliyi gənc nəslə nümunə göstərilir.

“Naxçıvan” Universitetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu fikirlər şəhid Orxan Paşazadənin xatirəsinə həsr olunmuş tədbirdə vurğulanıb.

Tədbiridə çıxış edən universitetin rektoru, dosent Nurlana Əliyeva bildirib ki, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsində təhsil aldığı müəssisələrin böyük rolu var. Uşaq yaşlarında orta məktəblərdə, gənclik illərində isə ali təhsil ocaqlarında onlara Vətən sevgisi aşılanır. Biz fəxr edirik ki, təhsil verdiyimiz gənclər öz vətənpərvərliyi ilə fərqlənirlər. Universitetin ilk şəhid məzunu olan Orxan da öz vətənpərvərliyi, nizam-intizamı ilə həmişə fərqlənib. Tələbə yoldaşlarının, müəllimlərinin və universitet rəhbərliyinin rəğbətini qazanıb. Hər kəsin yaddaşında yaxşı xatirələrlə qalıb.

Orxan Paşazadənin Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Qazax rayonun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində şəhadət zirvəsinə ucaldığını qeyd edən rektor bu gün onun əbədiyyətə qovuşmasından bir il ötdüyünü diqqətə çatdırıb.   Sonra universitetin prorektoru, muxtar respublikanın Ali Məclisinin deputatı Hüseyn Bağırsoylu və fakültə dekanı Yasin Babazadə çıxış ediblər.

Tədbirdə şəhidin atası Nazim Paşazadə ilə telefon bağlantısı yaradılıb. Nazim Paşazadə universitet rəhbərliyinə minnətdarlıq edib, şəhidlərin yad edilməsinin onların ailə üzvləri üçün təsəlli olduğunu vurğulayıb.  Şəhidin qrup yoldaşı Siyasət Hüseynova çıxışında Orxanla bağlı xatirələrindən danışıb, şəhidin nizam-intizamı ilə digərlərindən fərqləndiyini deyib. Sonra tələbələr çıxış ediblər.

 

 

Azərbaycan.-2021.- 7 mart.- S.3.