Qan bahasına yaranan bayram

 

8 mart Beynəlxalq Qadınlar Günüdür

 

 

 

Çoxları elə bilir ki, 8 Mart  Beynəlxalq Qadınlar Günü xanımlara çiçək və hədiyyə almaq üçün təsis edilib. Ancaq tarixə nəzər salsaq, bu günün kökündə qadının cəmiyyətdəki rolu və hüquqları uğrunda mübarizəsinin dayandığı məlum olur.

1857-ci il martın 8-də Nyu York şəhərində tikiş və ayaqqabı fabrikində çalışan qadın işçilər nümayişə çıxırlar. Onlar 10 saatlıq günü, işıqlı və rahat yeri, kişilərlə eyni maaş tələb edirlər. O zaman qadınlar sutka ərzində 16 saat işləyir, bunun müqabilində isə qəpik-quruş alırdılar. Ancaq polis nümayişi dağıtmaq üçün işçilərə hücum edirfabrikin qapılarını bağlayır. İçəridə yanğın başlayır. İşçilər fabrikin qarşısında qurulan barrikadaları keçib qaça bilmirlər. Nəticədə çoxu qadın olmaqla 129 işçi yanaraq həyatını itirir. Beləliklə, qadınların haqqı uğrunda apardığı mübarizəyə qanla yekun vurulur.

Bu hadisədən 51 il sonra, 1908-ci il martın 8-də Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha az saatı, kişilərlə bərabər əməkhaqqı və səsvermə hüququ tələbi ilə nümayiş keçirir. Nümayişdə ilk dəfə olaraq analıq məzuniyyəti icazəsi də tələb olunur. Həmin qadınların şüarı “Çörək və gülidi. Çörək həyat eşqini, qarın toxluğunu, gül isə daha yüksək rifahlı həyat tərzini ifadə edirdi...

Bir il sonra, 1909-cu il fevralın 28-də Nyu Yorkda ilk Qadınlar Günü mərasimi baş tutur. Bu, Amerika Sosialist Partiyası tərəfindən qadın işçilərin 1908-ci ilki tətilinin xatırlanması münasibətilə təşkil olunmuşdu.

1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən 2-ci Beynəlxalq Sosializm Konfransında Almaniya Sosial Demokrat Partiyası liderlərindən olan Klara Setkin tikiş fabrikinin yanğını zamanı ölən qadın işçilərin xatirəsinə ehtiram olaraq 8 Martın “Dünya Qadınlar Günükimi qeyd olunmasını təklif edirbu, qəbul olunur.

Qadınlar günü ilk dəfə Avstriya, Danimarka, Almaniya və İsveçrədə 1911-ci il martın 19-da qeyd edilir. O zaman milyondan artıq kişi və qadın nümayişlərə qoşulur.

1914-cü il martın 8-də Rusiyada Beynəlxalq Qadınlar Günü baş tutur. Həmin günün mərasimi qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olunur. Eyni tarixdə Londonda da qadınların seçki hüququna dəstək məqsədilə Trafalqar meydanına doğru yürüşü baş tutur.

1917-ci il martın 8-də Sankt-Peterburqda Qadınlar Gününün qeyd olunması ilə bağlı nümayişlər Fevral inqilabının əsasını qoyur. Həmin gün qadınlar “Çörək və sülh” şüarı ilə küçələrə çıxıb, I Dünya müharibəsinin, Rusiyadakı ərzaq qıtlığının və çarizmin bitməsini tələb edirlər. Bundan 4 gün sonra çar II Nikolay devrilir. Müvəqqəti hökumət qadınlara səsvermə hüququ verir.

Oktyabr inqilabından sonra bolşevik Aleksandra KollontayVladimir Lenin 8 Martı  SSRİ-də rəsmi bayram elan edirlər. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 8 may 1965-ci il fərmanıyla Beynəlxalq Qadınlar Günü qeyri-iş günü elan olunur.

1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Həmin ilin “Beynəlxalq qadın ilielan edilməsindən sonra Birləşmiş Millətlər Təşkilatında 8 Mart ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirilir. İki il sonra 1977-ci ildə isə BMT-nin Ümumi Qurultayında 8 Mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilir.

8 Mart Beynəlxalq Qadınlar Günü hər il Azərbaycanda da dövlət səviyyəsində qeyd olunur. Ölkə Prezidenti bayram münasibətilə Azərbaycan qadınlarını təbrik edir, öz peşələrində uğur qazanan xanımları fəxri admükafatlarla dəyərləndirir.

 

 

Xəyalə MURADLI

Azərbaycan.-2021.- 7 mart.- S.6.