Yaz bərəkəti
qışdan alar
Ulu babalarımız müəyyənləşdirmişlər ki, qış fəslində gecələr ayaz, gündüzlər dumanlı keçərsə, bu, qışın sərt, şaxtalı olacağına işarədir. Yəni bu müddətdə havalar soyuq keçər, torpaq da ayazıyar, məhsul az olar.
Qışda gündüzlər ayaz, gecələr dumanlı olanda isə, əksinə, havalar nisbətən yumşaq keçər, torpaq daha isti olar, bitkilər tez və yaxşı inkişaf edər, məhsul bol olar. Bu sınama özünü xalq ədəbiyyatı örnəklərində də saxlamışdır.
Gecə ayaz, gündüz duman
ilin kürüdür-kürü.
Gündüz ayaz, gecə duman
ilin gülüdür-gülü.
Qış dumanı həm də havanın dəyişəcəyini göstərən əlamətlərdən biri hesab olunur. “Qış dumanı qar gətirər, yaz dumanı bar”, deyirlər.
Babalar bunu da söyləyiblər ki, qışda qar çox yağarsa, məhsul bol olar. Belə yağıntıya bərəkət gətirən, bolluq gətirən qar deyərlər. Elə ona görə də “Yaz bərəkəti qışdan alar” - söyləyib ulularımız.
İlin qış fəslində torpağın qalın qar örtüyü ilə bürünməsi çox xeyirlidir. Sanki torpaq dincəlib yorğunluğunu alır, rahatlanır. Torpağa loğmandır bu qar, deyərlər. Bununla əlaqədar əkinçilər təcrübədən çıxarmışlar ki, qışda dincələn, yazda yola çıxan torpaq payızda barı-bəhəri ilə qayıdar.
Qışın qarı torpağın bərəkətidir. Qışda torpağın “ağ köynək” geyməsi, əkinlərin şaxtadan qorunması, yazda bol su ilə təmin edilməsi deməkdir. Bu faydalı cəhətlər “Qar olmasa, bar olmaz”, “Qışın qarı, yazın varı”, “Qar ili, var ili” kimi el sözlərində də öz əksini tapmışdır.
Hazırladı:
İ.ƏLİYEVA
Azərbaycan.-2021.- 7 mart.- S.7.