YAP yeni strategiyasını müəyyənləşdirdi

 

 

 

Cənubi Qafqazın ən böyük siyasi təşkilatı hər zamankı kimi, demokratik ənənələrin inkişafına böyük töhfə verir

 

Bütün dövlətlərdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzində idi.

 

Həmçinin Vətən savaşındakı Şanlı Qələbədən sonra və ölkədə aparılan islahatlar fonunda qurultayın baş tutması həm də ölkənin gələcək inkişafı baxımından da önəmli hadisə sayılırdı.

 

Hakim partiyanın budəfəki ali toplantısı vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi,  6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu. Ona görə də deyə bilərik ki, bu qurultay demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək.

 

 

 

Qurultayın keçirilməsi zərurəti yaranmışdı

 

 

 

Bu həqiqətdir ki, İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan sürətlə inkişaf edən ölkəyə çevrilib.

 

Ölkəmizin dinamik inkişafı, modernləşməsi, həyatımızın bütün sahələrində dəyişikliklərin əsasının qoyulması da insanlarda İlham Əliyevin həyata keçirdiyi siyasətə böyük inam formalaşdırıb.

 

Prezident, YAP-ın sədri  İlham Əliyev qurultayda geniş, dərin məzmunlu və proqram xarakterli çıxış edərək əldə edilən uğurları, aparılan hərtərəfli islahatları dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi.

 

Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu bildirən Prezident öncə son 3 il ərzində həyata keçirilən mütərəqqi işləri yüksək qiymətləndirərək partiyanın VII qurultayının keçirilməsi zərurətini yaranmış yeni reallıqların tələbi kimi dəyərləndirdi.

 

Bu gün sıralarında 760 580 insanı birləşdirən YAP-ın fəaliyyəti, ideyaları, apardığı siyasət göz önündədir.

 

Gələn il yaranmasının 30 illiyi tamam olacaq partiya ötən müddət ərzində uğurla inkişaf edibbütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib. Bu gün Azərbaycanda YAP-a rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Prezidentin də söylədiyi kimi, YAP sözün əsl mənasında ümumxalq partiyasına çevrilib. Cəmiyyətimizin bütün təbəqələri hakim partiyada birləşib. YAP nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi təşkilatıdır. Partiyanın böyük ənənələri var.

 

VII qurultayda xeyli yeniliklər baş verdi. Ona görə də deyə bilərik ki, partiya yeniləşmiş formatda daha fəal olacaq. İlham Əliyev partiyanın rəhbər orqanlarında yeni təmsil olunanlar qarşısında tələblər də qoydu. Bildirdi ki, onlar partiyanın bundan sonra da ölkənin aparıcı siyasi qüvvəsi olaraq qalması üçün fəal olmalı, partiyanın fəaliyyətində mühüm rol oynamalı, ümumi işlərə töhfə verməlidirlər.

 

 

 

Dialoq mühiti dərinləşir, demokratik ənənələr şaxələnir

 

 

 

Hakim partiyanın ali toplantısında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi də mühüm hadisə idi. Bu, siyasi həmrəyliyin, milli birliyin əyani təzahürü oldu. Partiyaların YAP-a birləşməsi cəmiyyətdə iqtidara qarşı olan müsbət münasibətin və inamın göstəricisi kimi də qiymətləndirilə bilər. Əlbəttə ki, bu, ölkədə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcək.

 

Prezidentbunu çox önəmli, əlamətdar hadisə adlandıraraq ölkədə siyasi sistemin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım kimi qiymətləndirdi. Bu, eyni zamanda göstərir ki, partiyanın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

 

Yeni partiyaların YAP-a birləşməsi əlbəttə ki, təşkilatı daha da gücləndirəcək və yeni qərarların qəbulunu, mühüm addımların atılmasını şərtləndirəcək. Partiya sədri də hesab edir ki, bütün bunlar nəzərə alınaraq təşkilatın yeni proqramı hazırlanmalıdır. Bu proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva etməlidir. Bu səbəbdən də

 

İlham Əliyev İdarə Heyətinə 3 ay ərzində partiyanın yeni proqramının hazırlanması ilə bağlı tapşırıq verdi.

 

 

 

Uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq

 

 

 

Qurultayda yeni hədəfləri, qarşıda duran vəzifələri müəyyənləşdirən İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan dünyada tam müstəqil siyasət yürüdən ölkədir. Heç kim Azərbaycanla diktə dili ilə danışa bilməz. Bu il müstəqilliyinin 30 illiyini qeyd edəcək Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək.

 

Müstəqilliyimizin 30 illiyini Qələbə qazanmış, Zəfər çalmış xalq kimi, dövlət kimi qeyd edəcəyik. Son illərin təcrübəsi göstərdi ki, bütün cəhdlərə baxmayaraq, heç kim Azərbaycanı öz müstəqil yolundan döndərə bilmədi. Prezident də vurğuladı ki, bütün cəhdlər puç olubbundan sonra da istənilən təxribata layiqli cavab veriləcək: “Biz müstəqil siyasət apararaq bütün bu cəhdləri alt-üst edirik. Buna görə müstəqilliyin bundan sonra da möhkəmləndirilməsi işində partiyamız və bütün cəmiyyətimiz fəal olmalıdır”.

 

Bu həqiqətdir ki, İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birliyi daha da möhkəmləndirib. Prezidentin həyata keçirdiyi mütərəqqi islahatlar isə xalq tərəfindən yüksək qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq. Çünki görülən işlər və İlham Əliyevin yürütdüyü qətiyyətli, prinsipial, uzaqgörən siyasət yeganə düzgün siyasətdir.

 

 

 

Rəşad BAXŞƏLİYEV

Azərbaycan.-2021.- 10 mart.- S.1;4.