Diaspor təşkilatları
Ermənistana maliyyə yardımını dayandırıblar
Dərin tənəzzül dövrünü yaşayan Ermənistanda aylardır davam edən siyasi gərginlik daha ağır mərhələsinə qədəm qoyub. Belə ki, silahlı qüvvələrin baş qərargah rəisi Onik Qasparyanın baş nazir Nikol Paşinyanın istefasını tələb etməsindən sonra vəziyyət daha da pisləşib. Baş nazir bunu “çevrilişə cəhd” adlandırıb və baş qərargah rəisinin vəzifəsindən azad edilməsi barədə prezident qarşısında vəsatət qaldırıb.
İndi hər şey prezident Armen Sarkisyandan asılıdır. Əgər o, baş nazirin vəsatətindən konstitusiya
məhkəməsinə şikayət
etməsə, O.Qasparyan
avtomatik olaraq vəzifəsindən azad olunacaq.
Bu arada Ermənistanın
birinci prezidenti Levon Ter-Petrosyan da vəziyyətlə bağlı münasibətini
açıqlayıb. Amma o, bir
çoxunun gözlədiyinin
əksinə olaraq baş qərargah rəisini dəstəkləyib.
Belə ki, “ilur.am” saytında
dərc edilmiş məqaləsində Levon Ter-Petrosyan generalların “dövlətçilik mövqeyindən
çıxış etdiyini”
bildirib. Keçmiş prezident hərbi komandanlığın narazılığını
və ordunu de-fakto siyasi proseslərə
çəkmək səylərini
tam başa düşdüyünü
bildirib.
“Bunun səbəbi isə baş nazirin alçaldıcı
məğlubiyyətə görə ehtiyatsız
şəkildə öz
günahını ordunun
üzərinə atmaq
cəhdidir”, - deyə
yazıb.
Ter-Petrosyan generalların özlərini
“təmkinli aparmasını”
və bəzi qüvvələrin ordunu antikonstitusion hərəkətlərə
çəkməsinə imkan
verməməsini də
alqışlayıb. O, hərbçilərin
özünü belə
aparmasını “dövlətçilik
düşüncəsinin nümunəsi”
adlandırır və
bildirir ki, generalların hərəkətləri
xalqın həqiqi dəstəyinə layiqdir.
Ermənistanda erkən seçkilərlə bağlı müzakirələr davam edir. Müxalif “İşıqlı Ermənistan” partiyasının lideri Edmon Marukyan deyib ki, erkən seçkilər keçirilməsi təklifini verdikdən sonra müəyyən qüvvələr onu və komandasını təqib etməyə başlayıblar. Bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edən Edmon Marukyan hesab edir ki, “Telegram” kanallarında və mediada “sifarişli” xəbərlərin arxasında ölkədə hərbi çevriliş etmək istəyənlər dayanır. Onun sözlərinə görə, son günlər ona və komandasına qarşı əməlli-başlı kampaniya başladılıb.
“Söhbət “Telegram” kanalında hansısa “sövdələşmə” barədə məqalələrə pul xərcləyən və sonra da həmin xəbərləri öz mediasında yayımlayanlardan gedir. Özü də xalqdan oğurlanan pullar hesabına”, - deyə Manukyan əminliklə vurğulayıb. Onun qənaətincə, ordunun tankları paytaxta gətirəcəyinə və ölkədə hakimiyyəti ələ keçirəcəyinə ümid edən qüvvələr var: “Lakin bu, hərbi çevriliş kimi qiymətləndiriləcək”.
Müxalifətçi həmçinin Ermənistanın baş naziri Nikol Paşinyanla silahlı qüvvələrin baş qərargahı arasında qarşıdurmanın davam etdiyini, böhranın dərinləşdiyini və bunun nəticəsində ölkədə geriləmənin olduğunu bildirib. Partiya sədrinin fikrincə, hakimiyyətin bir çox nümayəndələri uduzacaqlarını başa düşərək seçkilərin əleyhinə çıxırlar. “Eyni zamanda sadəcə seçkilərə hazır olmayan müxalifət qüvvələri var. Heç kim seçkilərə hazır deyil, ancaq böhranlı vəziyyətdən çıxmaq lazımdır. Hakimiyyəti dəyişməyin yeganə yolu isə seçkilərdir. Başqa yol yoxdur, əks halda qurbanlar olacaq”, - deyə erməni siyasətçi xəbərdarlıq edib.
Paşinyanı devirməyə çalışan qüvvələrin əsas arqumentlərindən biri ağır sosial-iqtisadi vəziyyətdir. Ermənistan mətbuatı yazır ki, yaranmış vəziyyət ölkə əhalisinin qul kimi yaşadığını göstərir. Bildirilir ki, Ermənistanda qəbul edilən bütün qanunlar və dövlət proqramları yalnız bir qrup hakimiyyət nümayəndəsinin maraqlarına xidmət edir. Ölkədə keçirilmiş parlament və prezident seçkiləri xalqın deyil, hakim dairələrin iradəsinin nəticəsi olur. Ermənistanın iri müəssisələri xarici iş adamlarına satılıb. Kriminallaşmış hakimiyyətdən ehtiyat edən xarici şirkətlər Ermənistana investisiya qoymaq istəmirlər.
“4rd.am” saytının yazdığına
görə, Ermənistanda fəaliyyət göstərən
hakimiyyət strukturlarının heç biri legitim deyil.
Qeyd olunur ki, diaspor təşkilatlarının
hesabına büdcəni dolduran hakimiyyət
indiyədək bir dənə də olsun iqtisadi layihə həyata
keçirməyib. Müharibədəki məğlubiyyətdən
sonra isə diaspor təşkilatları
maliyyə yardımlarını
azaldıb və ya
dayandırıblar. Onlar artıq humanitar məqsədlər üçün
vəsait ayırmırlar.
Proseslərin
axarı Ermənistanın daha böyük problemlər
bataqlığına sürükləndiyini və dövlətçiliyinin
böhranlar içərisində məhvə doğru getdiyini
göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 10 mart.- S.1;3.