Yeni Azərbaycan Partiyası ölkənin inkişaf strategiyasının ideoloji sütunudur

 

Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi 2020-ci il növbədənkənar parlament seçkilərindən ötən dövr ərzində və Vətən müharibəsində qazandığımız Zəfərdən sonra ölkədə yaranmış yeni ictimai-siyasi şəraitdən irəli gələn zərurətlə bağlıdır.

Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyev toplantıdakı proqram xarakterli geniş nitqində ulu öndər Heydər Əliyevin ideoloji mirası olan YAP-ın müstəqil Azərbaycanın inkişaf tarixində və ictimai-siyasi iqlimin sağlamlaşdırılmasında partiya rəhbərliyi tərəfindən gələn təşəbbüslərin, islahatların oynadığı rolu yüksək qiymətləndirib və yaxın zamanlarda qəbul ediləcək Proqrama uyğun olaraq partiyanın qarşısında duran vəzifələrlə bağlı tövsiyələrini verib. Daha çevik, mütəhərrik və səmərəli siyasi fəaliyyətin təmin olunması məqsədilə YAP-ın idarəetmə mexanizmi yenidaha mütərəqqi üslubda qurulub, onun mərkəzi orqanları keyfiyyətcə daha yüksək səviyyədə təşkil olunub.

Prezident İlham Əliyevin girişyekun çıxışlarında ölkəmiz və xalqımız üçün çox əhəmiyyətli və diqqəti çəkən bir sıra məqamları xüsusilə qeyd etmək vacibdir.

 

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Hüseynli ifadə edib.

Deputat bildirib ki, Azərbaycanın yeni tarixinin obyektiv baxışlarla dəyərləndirilməsinin vacibliyi barədə təklif səsləndirən dövlətimizin başçısı bununla bağlı ulu öndər Heydər Əliyevin müxtəlif mərhələlərdəki həyat və fəaliyyətinin öyrənilməsini gənclərə tövsiyə edərək deyib: Partiya Heydər Əliyevin ətrafında yaradılmışdır, onun siyasi təcrübəsi, bilikləri, xalq qarşısında göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi. Burada, əlbəttə ki, onun 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. Çünki mən bunu dəfələrlə demişəm və partiya üzvləri bunu yaxşı bilir, gənc nəsil də bilməlidir ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi…Heydər Əliyevin fəaliyyətinin nəticəsində 1982-ci ildə isə qabaqcıl yerlərdə idi…Heydər Əliyevin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır”.

Prezident İlham Əliyev Azərbaycanın əsl müstəqilliyinin məhz 1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə təşəkkül tapdığını dilə gətirərək, ondan əvvəlki dövrü sovetlər birliyinin süqutundan sonra baş vermiş tarixi axının formal nəticəsi kimi dəyərləndirərək bildirib: “Biz bu tarixi yaxşı bilməliyik. O tarixi yaşamayanlar isə bunu öyrənməlidirlər. Mən demişəm, bizim dərsliklərdə bu tarixlə bağlı geniş məlumat verilməlidir. O tarixin canlı şahidləri öz xatirələrini bölüşməlidirlər ki, bu tarix əbədi yaşasın. Bu müstəqillik tariximiz məhz ondan başladı, 1991-ci ilin oktyabrından yox. Halbuki 1991-ci ilin 18 oktyabrını biz Müstəqillik Günü kimi qeyd edirik. Ancaq hər kəs bilməlidir ki, o, bizdən asılı olan proseslər deyildi. Azərbaycan hətta gecikmişdi. Artıq bir çox keçmiş müttəfiq respublikalar öz müstəqilliyini elan etmişdilər”. Həqiqətən də ötən əsrin 90-cı illərinin əvvəllərində mitinqlər dalğası üzərində hakimiyyəti ələ keçirmiş AXC-Müsavat cütlüyü cəmi bir ərzində öz səriştəsizliyi və səbatsızlığı ucbatından Azərbaycanın bütün iqtisadi potensialını məhv etmiş, ölkəni beynəlxalq aləmdən tamamilə təcrid etmiş və xəritədən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Ona görə də heç kimdə şübhə ola bilməz ki, Azərbaycanı bu bəladan yalnız Heydər Əliyev siyasəti xilas edə bildi.

2003-cü ildən sonra isə Azərbaycanın müstəqil dövlət kimi özünün əvvəlki dövrdəki möhkəm təmələ əsaslanmış ən uğurlu inkişaf mərhələsini yaşadığını diqqətə çatdıran deputat bildirib ki, qurultayda söylədiyi nitqində bu məsələyə diqqət yönəldən Prezident İlham Əliyev deyib: “Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq…Əminəm ki, bizim tarixçilərimiz, politoloqlarımız, alimlərimiz bu dövrü də məqalələrdə, kitablarda, dərsliklərdə düzgün əks etdirəcəklər. Çünki bu, gənc ölkəmizin yeni dövrü idi, əvvəlki dövrə əsaslanmış, o möhkəm təmələ əsaslanmış, amma yeni dövrüdür. Çünki bu da təbiidir. Çünki hər dövrün öz tələbləri var. Biz 1990-cı illərin tələbləri ilə XXI əsrdə yaşaya bilmərik. Hətta bu gün müharibədən sonra yeni dövr başlayır. Əvvəlki dövrlərdə əldə edilmiş bütün uğurları biz kənara qoymalıyıq. Bəli, bu, bizim üçün fundament yaratdı, baza yaratdı, imkan yaratdı ki, biz əsas məqsədimizə çataq”.

“…Biz şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanını aldıq…Xalqımızın böyüklüyünü bir daha göstərmək üçün hesab edirəm ki, əldə edilmiş qələbə tam bizi qane edirBiz isə bundan sonra qürurlu xalq kimimübariz dövlət kimi yaşayacağıq”, - deyə söyləyən dövlətimizin başçısı beynəlxalq səviyyədə göstərilən basqılar altında düşmən üzərində əldə edilmiş tarixi qələbəyə aparan yolun heçasan olmadığını vurğulayıb: “Mən son 17 il ərzində münaqişə ilə bağlı bütün çıxışlarımda deyirdim ki…bizə hansısa yarımçıq sülh müqaviləsi lazım deyil. Yarımçıq razılaşma istər-istəməz gələcəkdə müharibə risklərini artıra bilərdi. Bizə isə tam, mütləq qələbə lazım idi”.

Ə.Hüseynli vurğulayıb ki, lakin informasiya məkanında İkinci Qarabağ savaşının nəticələrinin düzgün qiymətləndirilməsi ilə bağlı bəzi boşluqların olduğuna işarə edən Prezident İlham Əliyev toplantı iştirakçılarının diqqətini, eyni zamanda, bu tarixi hadisənin əhəmiyyətinin düzgün təbliğ olunmasının vacibliyinə yönəldib: “Müharibə ilə bağlı bəzi yerlərdə gedən müzakirələrdən görürəm deyirlər ki, biz yeddi rayonu azad etmişik. Elə deyil. Biz, eyni zamanda, Şuşanı azad etmişik, eyni zamanda, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Hadrut rayonunu tam azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Martuni, indiki Xocavənd rayonunun 50 faizdən çox hissəsini azad etmişik. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun böyük hissəsini azad etmişik, o cümlədən Suqovuşan qəsəbəsini. Biz təkcə yeddi rayonu azad etməmişik. Daha çox ərazini azad etmişikbu gün yaratdığımız reallıq artıq dünya tərəfindən qəbul edilir. Bir daha demək istəyirəm ki, bu reallığı biz yaratmışıq - güc hesabına, iradə hesabına, birlik hesabına…Müharibənin nəticələrindən biri də əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir”.

Bunun ardınca ordu quruculuğunu prioritet istiqamətlərdən biri kimi dəyərləndirən Ali Baş Komandan münaqişələrin həllində güc amilinin böyük əhəmiyyətini qeyd etmiş və torpaqlarımızın işğaldan azad edilməsindən sonra arxayınlaşmağın təhlükəli olduğuna işarə edərək deyib: “Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir…Bundan sonra bu təcrübə bizim üçün əsas olacaq, olmalıdır. Göstərişlər verildi ki, daha müasir ordu yaradaq. Çünki indi hərbi ekspertlər, beynəlxalq hərbi ekspertlər deyirlər ki, Azərbaycan XXI əsrin müharibəsini aparıbdır. Biz yəqin ki, elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra biz XXII əsrin müharibəsinə də hazır olmalıyıq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu belədir. Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər”.

Deputat bildirib ki, Azərbaycan xalqı bu gün düzgün hesablanmış siyasi strategiyanı və diplomatiktaktiki gedişlərin nəticəsi olaraq əmin-amanlıq və ictimai-siyasi sabitlik şəraitində yaşayır və gələcəyə böyük ümidlər bəsləyir. Son illər və xüsusilə də Vətən müharibəsindəki böyük Qələbənin təsiri altında məğlub Ermənistandan diametral şəkildə fərqli olaraq ölkəmizin beynəlxalq nüfuzu sürətlə yüksəlməkdədir. Bu Qələbəni müharibəyə hazırlıq mərhələsində görülmüş işlərin məntiqi nəticəsi kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev təkcə bölgədə deyil, həm də hətta BMT-nin qərarlarına təsir göstərə biləcək nüfuzlu beynəlxalq təşkilatlarla, digər dünya ölkələri ilə çoxşaxəli əməkdaşlığa nail olunduğunu qürurla qeyd edib: “Beynəlxalq məsələlərə gəldikdə, bir daha demək istəyirəm ki, biz köklü surətdə bölgəmizdə vəziyyəti dəyişdirə bildikBiz Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb”.

Prezident İlham Əliyev tamamilə haqlı olaraq bu məsələlərlə bağlı yanlış mövqe sərgiləyənlərə də öz iradını bildirib. Çünki bəziləri hesab edirdilər ki, bu işlər əbəsdir. Lakin unutmaq olmaz ki, 2005-ci ilə qədər bizim üçün əsas hüquqi baza ancaq BMT Təhlükəsizlik Şurasının icra edilməyən qətnamələri idi. 2005-ci ildə uzun müzakirələrdən sonra aparılmış nəticəsində Avropa Şurası Parlament Assambleyası Azərbaycanı qane edən qətnamə qəbul etdi. AŞPA-nın münasibəti Qarabağ məsələsini həll etmək üçün kifayət etməsə də, hüquqi baza kimi digər təşkilatlar üçün nümunə oldu. BMT Baş Assambleyası Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digərləri buna oxşar qərar və qətnamələr qəbul ediblər.

Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dost partiyaların YAP-a qoşulmasını təqdir edib, yeni dövrdə ümumxalq maraqları naminə ölkəmizdə möhkəm birliyin və həmrəyliyin əldə olunması üçün siyasi dialoqun dərinləşdirilməsini vacib amillərdən biri olduğunu bildirib, bu işə əngəl olan, uğurlarımıza kölgə salmağa çalışan antimilli ünsürlərlə mübarizənin davam etdirilməsində israrlı niyyətini və bu istiqamətdə qazanılmış nailiyyətlərin inkişafı ilə bağlı səmərəli addımların vacibliyinə dair mövqeyini ortaya qoyub: “Bu prosesə müharibədən əvvəl start verildihesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub…Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur”.

Əli Hüseynli diqqətə çatdırıb ki, bu il 30 illik yubileyini qeyd etməyə hazırlaşan Yeni Azərbaycan Partiyasının lideri İlham Əliyev qurultaydakı yekun nitqində öz siyasi həmfikirlərini dövlət səviyyəsində müəyyənləşdirilmiş siyasət çərçivəsində ölkədə gedən bütün proseslərə, islahatlara və quruculuq işlərinə dəstək verməyə, partiya üzvlərini bu məqsədlər ətrafında səfərbər olmağa dəvət edib. Bunun üçün gənc nəslin tərbiyəsində partiya veteranlarının təcrübəsindən istifadə edilməsini tövsiyə edib.

 

 

Azərbaycan.-2021.- 10 mart.- S.2.