Milli Məclisin
sədri Sahibə Qafarova TBMM-in
nümayəndə heyəti ilə görüşüb
Martın 9-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM-in) Xarici əlaqələr komissiyasının sədri Akif Kılıçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, sədr qonaqları səmimi salamlayaraq səfərin əlaqələrimizə yeni töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Spiker ötən həftə Bitlisdə baş verən helikopter qəzasında türk hərbçilərinin şəhid olması ilə bağlı qonaqların simasında türk xalqına, həyatını itirənlərin yaxınlarına şəxsən öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, yaralılara şəfa diləyib.
İki dost və qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında münasibətlərin daim inkişaf etdiyini vurğulayan sədr deyib ki, bu gün dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan ölkələr yoxdur. Qeyd edilib ki, Vətən müharibəsi dönəmində də Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək göstərib, qardaş Türkiyə xalqı Azərbaycanın yanında yer alıb. Bu, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” ifadəsinin real həyatda bariz təcəssümü idi. Prezident İlham Əliyev dediyi kimi, ölkələrimiz arasındakı münasibətlərin dünya siyasi sistemində alternativi yoxdur. Ortaq dilə, dinə, mədəniyyətə, tarixə sahib xalqlarımız arasındakı bu münasibətlər əsl qardaşlıq ruhuna söykənir.
Münasibətlərimizin inkişafında
parlamentlərin rolundan danışan spiker hər iki ölkənin
qanunvericilik orqanlarında dostluq
qruplarının fəaliyyət göstərməsini təqdir
edib. Bildirilib ki, parlamentlər arasında həm ikitərəfli,
həm də beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq qarşılıqlı maraq doğuran məsələlərin
müzakirəsi baxımından çox
önəmlidir. Sədr üçtərəfli formatda – Azərbaycan-Türkiyə-Gürcüstan
parlamentlərinin xarici əlaqələr
komitələrinin əməkdaşlığını əhəmiyyətli
hesab edib. Bildirib ki, bu gün
regional formatda görüşlərin
keçirilməsi çox
önəmlidir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyasının
sədri Akif Kılıç ölkəmizə
səfərindən nümayəndə
heyəti üzvlərinin
məmnunluq duyduqlarını
söyləyib. Qeyd edilib ki, Azərbaycanın
apardığı 44 günlük
Vətən müharibəsi
dönəmində bütün
türk xalqı kimi, türkiyəli millət vəkilləri də bölgədə baş verən hadisələri diqqətlə
izləyib, qardaş Azərbaycanın uğurlarına
seviniblər. Azərbaycanın
hiss etdiyini Türkiyə
də hiss edirdi. Biz Azərbaycanla qardaşlığımızı
hər zaman duymuşuq.
Söhbət zamanı Milli Məclisin beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr
komitəsinin sədri
Səməd Seyidov və Türkiyə ilə parlamentlərarası
əlaqələr üzrə
işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov çıxış
edərək beynəlxalq
təşkilatlarda, regional qurumlarda
ikitərəfli və
çoxtərəfli formatlarda
hər iki ölkə deputatlarının
səmərəli əməkdaşlığı
barədə fikirlərini
bölüşüb, deputatlarımızın
qarşılıqlı səfərlərini
və mütəmadi görüşlərini yüksək
dəyərləndiriblər.
Görüşdə TBMM-in Xarici əlaqələr komissiyasının
üzvləri Derya Bakbak, Ahmet Kamil
Erozan, İsmail Özdemir, Utku Çakırözer, Türkiyənin
ölkəmizdəki səfiri
Erkan Özoral, Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev və digər rəsmi şəxslər
iştirak ediblər.
Azərbaycan.-2021.- 10 mart.- S.2.