Cənubi Qafqazın ən güclü partiyası
Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi həyatının bütün mərhələlərində mühüm tarixi missiya daşıyıb. 29 il öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə müxalif kimi yaranan partiyanın Azərbaycanın xilas olması ilə bağlı cəsarətli təşəbbüslərlə çıxış etməsi və dövlətçilik ideyalarını rəhbər tutması tarixi zərurət idi.
Partiyanın inkişafı və güclənməsi Ulu Öndər Heydər Əliyevin ideyaları, onun nüfuzu, uzaqgörənliyi və dövlətçiliklə bağlı zəngin təcrübəsi və məsləhətləri əsasında baş verib. YAP qısa müddətdə müxalifət partiyasından iqtidar partiyasına və eyni zamanda Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib.
Son 17 ildə Azərbaycanın bütövlükdə inkişafı, əldə etdiyimiz uğurlar isə YAP sədri cənab İlham Əliyevin yorulmaz, fədakar fəaliyyəti, onun cəsarəti və eyni zamanda uzaqgörənliyi sayəsində mümkün olub. Azərbaycan bu illər ərzində kifayət qədər tarixi uğurlar əldə edib. Bu nailiyyətlər həm iqtisadiyyatda, həm sosial sahədə, həm də Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsindədir. Eyni zamanda bu uğurlar içərisində ölkədə əldə edilmiş milli birlik və bu birliyin nəticəsində uzun illər ərzində işğal altında olan torpaqlarımızın azad olunmasını xüsusilə vurğulamaq lazımdır.
Umumiyyətlə, son 17 ildə Azərbaycanda 4 mühüm nəticəyə nail olunub. Bunlardan birincisi Azərbaycanda dayanıqlı əsaslara söykənən birliyin yaranmasıdır. Bu, xalq-iqtidar birliyi, eyni zamanda müxtəlif millətlərin və dinlərin həmrəyliyidir. Azərbaycanda bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər rahat yaşayır, öz dilində danışır, öz dininə sitayiş edir və yaxud hər hansı bir siyasi partiyanın təmsilçiləri öz fikirlərini azad şəkildə ifadə edə bilir. YAP-ın VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin yaxşı nümunəsidir. Bu həm də YAP-ın nüfuzunun artmasının, xalqın maraqlarına xidmət etməsinin, iqtidara qarşı olan müsbət ictimai fikrin və ən ümdəsi, partiyanın sədri cənab İlham Əliyevə və sədrin birinci müavini Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin daha da artmasının göstəricisidir.
İkinci mühüm nəticə iqtisadiyyatda əldə edilmiş uğurlarla bağlıdır. Son 17 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb. Bu gün Cənubi Qafqazın iqtisadiyyatının 75 faizi Azərbaycana aiddir. Belə ki, regionda Azərbaycanın iştirakı olmadan reallaşan hər hansı bir layihə yoxdur. Azərbaycan iqtisadi baxımdan regionda ən müstəqil bir ölkədir. İqtisadi, maliyyə resurslarımız ölkəmizin müstəqilliyini təmin edəcək qədər güclüdür, yetərlidir və bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin güclənməsini təmin edəcək.
Üçüncü nəticə Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlıdır. Ölkəmiz müstəqillik əldə etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha çox tanınması, xarici ölkələrdə xalqımızın milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur şeirdə deyildiyi kimi, “İmzalarımızın imzalar arasında olması” idi. Hər zaman Azərbaycan deyəndə onun tanınmasını çox arzulayırdıq. Biz artıq bu arzulara çatmışıq. Bu gün Azərbaycan dünyada kifayət qədər nüfuzlu, yüksək milli dəyərləri olan, qurub- yaradan, güclü və müstəqil bir ölkə kimi qəbul olunur.
Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Azərbaycan BMT Təhlükəsizlik Şurasına rəhbərlik edən ölkələrdən biri olub. Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil və yaradıcı mövqeyi olan çox az saylı ölkələrdən biridir.
Dördüncü nəticə isə uzun illərdir ki, Azərbaycan xalqının vahid bir amalı uğrunda aparılan Vətən müharibəsindən tam qalib çıxmağımızdır. İşğal olunmuş torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə erməni faşizminin tapdağından azad olunması milli qürurumuzun dirçəlməsi, xalqın başının ucaldılması ilə nəticələndi. Bu mənada Azərbaycan 21-ci əsrdə dünyada yeni reallıqlar yaradan qalib xalq kimi, regionda daha çox hesablaşılan güclü ölkə kimi qəbul olunur.
Bu dörd istiqamətdə əldə etdiyimiz mühüm nəticələr həm də YAP rəhbəri kimi Prezident İlham Əliyevin və eyni zamanda bu amallara xidmət edən hər bir azərbaycanlının əməyinin nəticəsidir. Biz artıq yeni reallıqlar dövrünə daxil olmuşuq. Bu reallıqları biz öz gücümüzlə yaratdıq. Ona görə də yeni dövrün əsas söz sahibi Azərbaycandır.
Xalq və dövlət olaraq bizi düşündürən əsas məsələlər bunlardan ibarətdir: bundan sonra bizi hansı çağırışlar gözləyir, keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin bir daha təkrar olunmaması üçün hansı addımlar atmalıyıq, dövlətimizin daha da güclənməsi üçün hansı istiqamətdə daha çox inkişaf etməliyik, xaricdən gələn təhlükələrə necə cavab verməliyik və s. Partiyanın VII qurultayında cənab Prezident bütün bu istiqamətlərdə kifayət qədər açıq və geniş bir nitq söylədi, gələcək fəaliyyət istiqamətlərini göstərdi.
Eyni zamanda partiyanın növbəti üç ay ərzində proqramının hazırlanması və bu məsələlərin proqramda öz əksini tapması Prezident tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu. Əminik ki, partiyanın yeni seçilən İdarə Heyəti partiya resurslarının daha da artmasına, qarşıya qoyulan hədəflərə nail olmaq üçün dinamizmin, funksionallığın daha da yüksəlməsinə çalışacaq.
YAP rəhbərliyi dünyada baş verən ən son yeniliklər haqqında düşünür, onları təhlil edir və bundan irəli gələn çağırışlara cavab vermək üçün partiyanın yenilənməsi və onun qarşısında duran məqsədlərə çatmaq naminə yeni resursların tapılması istiqamətində fəaliyyətlə məşğuldur. Bu kifayət qədər təqdirəlayiq haldır. Dövlət başçısının dediyi kimi, biz böyük tarixi uğurlar əldə etmişik və eyni zamanda bundan sonra hansı uğurlar əldə edəcəyimizlə bağlı düşünməliyik. Təbii ki, burada ən böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə gedir, dövr sürətlə dəyişir. Belə bir zamanda ölkəmiz qarşısında da çox mühüm çağırışlar dayanır. Tarix göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, biz gələcəkdə bir çox məsələlərdə geridə qala bilərik. Aparıcı partiya kimi bu barədə düşünmək bizim vəzifə borcumuzdur. Bu eyni zamanda bir missiyadır. Cənab Prezidentin verdiyi tapşırıqların bir çoxu həm də bu missiya ilə bağlıdır.
Bəşəriyyətin qədəm qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə insan münasibətlərini dəyişir. Təkcə partiyaların yox, insanlar arasında geniş ünsiyyətin qurulmasının tarixinə baxsaq görərik ki, kollektiv iştirak - dəyərləri paylaşmaq, informasiyanın daha çox insanlar arasında yayılmasını təmin edən alət internetdir. Bu cəhətdən baxsaq belə bir fikir yaranır ki, bu gün siyasi partiyaların ən böyük rəqibi əslində siyasi səhnənin yeni aktorlarıdır. Bu aktorlar internet platformaları-bloqqerlik fəaliyyəti, insanların öz fikirlərini çox qısa müddətdə milyonlara yaymaq bacarığıdır ki, bu, tamamilə yeni bir reallıqdır. İndi nəinki Azərbaycanda, bütün dünyada siyasi partiyalar qarşısında bu çağırış durur. Birincisi, biz bu reallığı daha çox araşdırmalı, qəbul etməli, onun üstün və mənfi cəhətlərini bilməliyik, bu alətdən öz işimizdə daha çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən isə insanların hansı informasiyaları düzgün, hansı informasiyaları yalan olduğunu seçmək qabiliyyətini artırmalıyıq. Bu eyni zamanda dövlətin qarşısında duran çox mühüm bir vəzifədir.
Bu gün ideyaların, dəyərlərin yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni zamanda ən önəmli məsələlərdən biri olan yeni məzmun və yeni gündəliyin yaradılması qarşımızda duran əsas çağırışlardandır. YAP qeyd etdiyimiz bu məsələlərə nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə edə bilən, eyni zamanda müasir texnologiyalar vasitəsilə yeni gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər yayan bir partiya olmağı qarşısına hədəf qoyub.
YAP-ın qəbul etdiyi qərarlar eyni zamanda partiyada olan siyasi ardıcıllığın bariz bir nümunəsidir. Partiyada yeni Veteranlar Şurası yaradıldı. Onların təcrübəsindən istifadə etmək, gənc qüvvələr vasitəsilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə yayılmasını təmin etmək olduqca vacibdir.
Əminəm
ki, YAP partiyanın sədri tərəfindən qarşıya
qoyulan hədəflərə çatmaqla Ulu Öndər Heydər
Əliyevin müəyyən etdiyi “Gələcəyin
partiyası olmaq” missiyasını əzmlə davam etdirəcək.
Tahir MİRKİŞİLİ,
Milli Məclisin İqtisadi siyasət,
sənaye və sahibkarlıq komitəsinin sədri
Azərbaycan.-2021.- 10 mart.- S.4.