Vətənin vüqarlı oğlu

 

 

“Zəngəzurun Qafan rayonundan olan qaçqın ailəsində böyümüşəm. El-obamın, ailəmin zorla qovulduqları doğma torpaqlarından uzaqda keçirdikləri, ağrılı, həsrətli yaşamın şahidiyəm və lap körpəlikdən bu hissləri qəlbimlə duymuşam. Elə buna görə də həyatdakı ən böyük arzum işğal altında olan torpaqlarımızın azad olunması və mənim də bu haqq davasında iştirak etməyim idi.

 

Çünki istəmirdim ki, daha kimsə qaçqın, məcburi köçkün adını üzərində daşısın, o ailələrdə böyüyən uşaqlar doğma yurdlarını yalnız valideynlərinin sınıq xatirələrindən, ya da saralmış fotoşəkillərdən tanısın. Düşmən əlində inləyən od-ocaqlarına əlləri çatmasın, ünləri yetməsin... Mənim kimi...”

 

 

 

İyulun 14-ü 2020-ci il...

 

Azərbaycan gəncliyinin qanında qəzəb və qisasın coşub-daşdığı tarix...

 

General Polad Həşimovun şəhadətə yüksəldiyi o gün Vətən uğrunda könüllü olmağı seçib Prezidentin hərbi siyasətinə dəstək yürüşünə çıxan, sonra isə Səfərbərlik və Hərbi Çağırış İdarəsinə müraciət edən gənclərimizdən biri  Vüqar Muradov oldu.

 

Ali Baş Komandanın “İrəli!” əmrinə hay verən on minlərlə vətənpərvər oğula qoşulub bu torpağın hər qarışı uğrunda vuruşmağa, düşmənə dərs verməyə yollandı...

 

“Ürəyimdə düşmənə ikiqat nifrət hi

 

ssi var idi. Ermənilərin illərlə Azərbaycan xalqının başına gətirdikləri müsibətlər, Xocalıda törətdikləri soyqırımı hər birimizin qəlbində ağır yara idibir gün o günahsız insanların qisasını mütləq alacağımızı bilirdim. 1918-ci ildə mart soyqırımı zamanı ermənilər Qafanda insanlarımıza qarşı qətliam törədəndə mənim əcdadlarımı, doğmalarımı da şəhid ediblər. Nənəm hər zaman bizə anasının, atasının başına gətirilən faciələrdən danışırdı...”

 

 

 

Həyatımın ən şərəfli mərhələsi başladı

 

 

 

Vüqar Muradov 1990-cı il noyabrın 9-da Bakı şəhərində anadan olub. İlk təhsilini 271 saylı tam orta məktəbdə alıb, Odlar Yurdu Universitetinin Ekologiya fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanan Vüqar Gəncə şəhərində “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra holdinqlərin birində reklam işində çalışıb.

 

General Polad Həşimovun şəhidlik xəbərini eşidəndən sonra könüllü olaraq hərbi səfərbərlik şöbələrində qeydiyyata düşənlərdən biriVüqar olub:

 

- Sentyabrın 21-i səhər saat 8 radələrində qapı döyüldü və məni Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinə çağırdılar ki, ənənəvi təlimlərdə iştirak edim. O zaman müharibə olmadığından sadəcə təlimlərə qatılacağımı düşünərək heç evdəkilərlə, anamla, atamla halallaşmadan yola düşdüm. Bakıda “N” saylı hərbi hissədə təlimlərə qatıldım.  Sentyabrın

 

27-də isə düşmənin təxribatına cavab olaraq Vətən müharibəsi başladı. Və beləliklə, mənim həyatımın ən şərəfli mərhələsi - döyüş yolu başladı”.

 

Savaşın ilk günlərində Vüqaradöyüş yoldaşlarına içərisində ad-soyadları, hansı bölükdən olmaları ilə bağlı məlumat yazılmış gilizlər verilir: “Bizə bu gilizləri vermələrinin səbəbi o idi ki, şəhid olsaq, o gilizlərin içərisindəki məlumatla kimliyimizi müəyyən etmək mümkün olsun”.

 

 

 

Elə bil Allah bizə cənnət bəxş etmişdi

 

 

 

Vətən müharibəsinin ilk günündən cəbhədə olan Vüqarın döyüş yolu Füzulidən başlayır. İndiyə qədər savaş barədə II Dünya müharibəsinin iştirakçısı olan babasının, I Qarabağ müharibəsinin iştirakçısı dayısının danışdıqlarından, filmlərdən məlumat almışdısa, sentyabrın 27-dən özü topların, minaatanların, tankların səsi hər yeri bürümüş vahiməli bir dünyanın içərisində idi:

 

- İlk gün hər kəsdə həyəcan var idi. Amma intiqam hissimiz o qədər güclü idi ki, digər duyğuları tamamilə yox edirdi. Uğrunda döyüşdüyümüz torpaqların hər qarışı şəhidlərimizin qanı ilə suvarılmışdı və biz bu müqəddəs yerlərdən düşmənin murdar ayağını qazıyıb atmaq üçün savaşırdıq.

 

Döyüşdə çətinliklər də olurdu, yuxusuzluq, saatlarla ayaq üstdə qalmaq, aclıq-susuzluq da... Amma bütün bunlara rəğmən ruh yüksəkliyi ilə daim irəli getmək istəyirsən.  Bizim hərbi hissənin döyüş istiqaməti Füzuli, Cəbrayıl, Xocavənd, Şuşaya doğru idi. Xidmətimdə olan maşınla hərbi bölmələrin maddi-texniki təminatı ilə məşğul idim. Ön cəbhəyə silah-sursat, yanacaq, yemək, paltar tədarük edirdim.

 

Haqq davası apardığımız həmin günlərdə sanki təbiət də döyüşçülərimizə dəstək idi:

 

- Havalar çox gözəl keçirdi, elə bil Allah bizə cənnət bəxş etmişdi. Qarabağ kimi soyuq iqlimi olan bir yerdə cəmi bircə dəfə yağış yağdı. O zaman biz Füzuli istiqamətində idik. Havanın yağmurlu olması heç cür bizə sərf etmirdi. Çünki texnikalar palçığa batırdı, istifadə etmək mümkün olmurdu, məhdudiyyətlər yaşanırdı. Biz təminatı gecikdirsək, hər şey tamamilə fərqli ola bilərdi. Belim ağrısa, əllərim tutmasa, yuxusuz, ac olsam belə döyüşçülərimizin təminatını çatdırırdım. Müharibədə hər anın öz hökmü var. Bir an tez, bir an gec döyüşdə insan həyatı bahasına başa gələ bilər. Buna görə üzərimə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün var qüvvəmlə çalışırdım.

 

 

 

Üzərimizə mərmi düşsəydi, heç kim sağ qala bilməzdi

 

 

 

Vüqar daim artilleriya atəşi altında olan təhlükəli yollarla döyüşçü yoldaşlarına lazımi yük daşıyırdı. Və elə olurdu ki, gün ərzində dəfələrlə ölümlə üz-üzə gəlirdi.

 

- Füzuli istiqamətində döyüşlər zamanı gecə saat 12 radələrində başımızın üstündən smerç tipli raket keçib yaxınlığımıza düşdü. Zərbənin dalğasından evlərin pəncərələri sınıb töküldü, maşının içində olsam belə təzyiqdən silkələndim. Elə bildim şəhidlik məqamım yetişib. Amma raket bizdən kənara düşmüşdü. Ümumiyyətlə, əgər üzərimizə bir mərmi belə düşsəydi, heç kim oradan sağ çıxa bilməzdi. Texnikaların içi silah-sursatla, tank, top mərmiləri ilə dolu olurdu.

 

Düdükçü kəndi istiqamətindəki döyüşlərdə bizə minaatandan çoxlu atəş açıldı. Xeyli silah-sursatı göndərmişdik, sadəcə texnikamız arxadan gəlirdi. Orada bizi vurmağa başladılar həmin minaatan mərmilərindən biri yaxınlığımıza düşdü. Çox şiddətli zərbə hiss etdim. Xocavənd rayonunun Beştağlar kəndi yaxınlığında da belə bir təhlükə ilə üz-üzə qaldıq. Oktyabrın axırları da yaxınlığımıza mərmi düşdü bu dəfə möcüzə sayəsində hədəfdən yayındıq. Görünür, qismətimdə şəhidlik zirvəsinə ucalmaq yox imiş...

 

 

 

Şəhidlik ülvi hissdir, hər adama qismət olmur

 

 

 

- Bu uca məqama yüksələn çox döyüşçü yoldaşlarımız oldu. Müharibədə ilk həqiqi hərbi xidmətdə olduğum zamanda keçmiş komandirim Nurlan Həsənovla qarşılaşdım. O həm komandirim, həm də dostum olmuşdu. Oktyabrın 11-də şəhadətə qovuşdu. Bu xəbəri eşidəndə çox üzüldüm. Sonra xeyli döyüşçü qardaşlarım şəhid oldu. Bilirsiniz, bir yerdə oturub-durduğumuz, gülüb-danışdığımız, çörək kəsdiyimiz birini son mənzilə yola salmaq çox üzücü, sözlə ifadə olunmayacaq dərəcədə ağırdır.

 

Müharibə başqa dünyadır, orada sevinci də, kədəri də birlikdə yaşayırsan. Və o qanın-qadanın içərisində, çətinliklərdən yoğrulan dostluqlar da qurduq. Komandirim Elçin Əliyev bizim üçün həqiqətən can yandırdı. Famil, Rauf, Yelmar, Əkbər, Hüseynbir çox döyüşçü yoldaşlarımızla bundan sonrakı mülki həyatımızda da dostluğumuzu davam etdirəcəyik.

 

 

 

Şuşa qələbəsi doğum gününə ən böyük hədiyyə oldu

 

 

 

Vüqar deyir ki, ailəsi müharibənin ilk günlərində onun döyüşdə olduğunu bilməyib, İmişlidə təlim keçdiyini zənn ediblər:

 

- Yalnız son günlərdə müharibədə olduğumdan xəbər tutdular. Sonradan cəbhədə olduğumu qardaşıma demişdim ki, işdir, birdən başıma nəsə gəlsə, evdə kimsə bilsin...

 

O, “Canım sənə fəda, Vətən” deyərək ailəsi, ata-anası ilə belə halallaşmadan müharibənin ilk günündən ön cəbhəyə yola düşmüşdü...

 

bu 44 günlük zəfər yürüşü ərzində gecə-gündüz demədən, düşmənin güllə yağışı altında xidmətində olan maşını ilə döyüşçülərimizə silah-sursat, yanacaq, ərzaq daşıyıb...

 

Bir dəqiqə belə gecikməmək üçün zamanla yarışıb, dəfələrlə düşmən hədəfinə tuş gəldi, ölümlə burun-buruna qaldı, amma yağıya sonsuz nifrətindən, ürəyindəki Vətən sevgisindən güc alaraq bütün çətinliklərə, ürəyindəki ən böyük arzuya çatıb, Qarabağı azadlığa qovuşduran qalib ölkənin döyüşçüsü kimi fəxarətlidir.

 

Vüqarın həyatındakı ən böyük hədiyyəsi isə doğum günündə, 9 noyabrda aldığı Şuşa qələbəsinin müjdəsi oldu...

 

 

 

Yasəmən MUSAYEVA

Azərbaycan.-2021.- 10 mart.- S.6.