Ceyhun Bayramov: Azərbaycanla Macarıstan
arasındakı dostluq əlaqələri
bundan sonra da inkişaf edəcək
Biz Azərbaycanla Macarıstan arasında strateji tərəfdaşlığa əsaslanan münasibətləri müzakirə etdik. Ölkələrimiz arasında dostluq əlaqələri mövcuddur və bu münasibətlər bundan sonra da inkişaf edəcək.
AZƏRTAC
xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər
naziri Ceyhun Bayramov martın 10-da Macarıstanın xarici işlər
və ticarət naziri Peter Siyarto ilə keçirilən
görüşdən sonra təşkil olunan mətbuat
konfransında deyib.
“Ölkələrimiz
arasında mövcud olan strateji əməkdaşlıq
münasibətlərinin inkişafı, ikitərəfli əlaqələrin
iqtisadiyyat, ticarət, təhsil, mədəniyyət, turizm, səhiyyə
və digər sahələrdə bundan sonra da möhkəmləndirilməsi
üçün əlimizdən gələni əsirgəməyəcəyik”,
- deyə nazir qeyd edib.
Ceyhun Bayramov bildirib ki, Azərbaycanın ərazi bütövlüyünə münasibətdə Macarıstanın mövqeyi hər zaman dəyişməz olub və o, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyib. Bu dəstək Vətən müharibəsi dövründə də, indi də davam edir.
“Azərbaycan 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa edib. Azərbaycanın Qələbəsi bölgədə yeni reallıq və imkanlar yaradıb.
Ölkəmiz postmünaqişə dövrünü yaşayır. Hazırda əsas
məsələ insanların öz
yurdlarına qayıtmaları və bərpa-quruculuq işlərinin
aparılmasıdır. Prezident İlham Əliyev dəfələrlə dost ölkələrin bərpa-quruculuq işlərində
iştirakını dəstəkləyib və onları bu prosesdə iştiraka
çağırıb. Dost ölkə olan Macarıstan da bu işlərdə iştirak
edəcək. Biz dost
ölkənin ərazilərin minalardan təmizlənməsi,
bərpa işlərində köməyini və dəstəyinin
yüksək dəyərləndirik”, - deyə C.Bayramov
vurğulayıb.
Azərbaycan.-2021.- 11 mart.- S.4.