Böyük Zəfər
böyük uğurlara
zəmin yaradır
Yeni Azərbaycan Partiyasının VII qurultayında partiya sədri, Prezident İlham Əliyevin proqram xarakterli nitqində həm postmüharibə dövrü üçün Azərbaycanın gələcək inkişafını şərtləndirəcək hədəflər göstərildi, həm də partiya üzvlərinin qarşısında yeni vəzifələr qoyuldu.
Öncə vurğulamalıyıq ki, partiyanın budəfəki qurultayı demokratik ənənələrin inkişafına ciddi töhfə verəcək vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Yeni Nizamnamə qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi. Nizamnamədəki dəyişikliyə əsasən isə partiyanın Qadınlar Şurası ləğv edildi. Bir daha bəlli oldu ki, tamamilə yeni strategiyanın əsasını qoyan Cənubi Qafqazın ən böyük siyasi təşkilatında mühüm dəyişikliklər olacaq. Bu isə partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəliliyi daha da artıracaq.
Kompleks tədbirlər, dərinləşəcək islahatlar
Qurultayın keçirilməsi 44 günlük Vətən müharibəsində tarixi Zəfərin yaratdığı yeni reallıqlar dövrünə təsadüf etdi və İlham Əliyev bir daha aparılan mütərəqqi islahatların real nəticələrini dəyərləndirərərk qarşıdakı dövrdə həyata keçiriləcək sosial-iqtisadi layihələrin, aparılacaq islahatların konturlarını müəyyənləşdirdi. Əlbəttə ki, qalib ölkə üçün postmüharibə dövrü, yəni yeni reallıqlar yeni hədəfləri diktə edir ki, bu da kompleks tədbirlərin həyata keçirilməsi, islahatların dərinləşdirilməsi zərurətini yaradır.
Son 17 illik tarixə nəzər yetirsək aydın şəkildə Azərbaycanın genişmiqyaslı islahatlar aparan ölkə olduğunu görə bilərik. Ötən illər ərzində İlham Əliyev tərəfindən qarşıya qoyulan konkret hədəflərin düzgün müəyyən edilməsi, onların icrası ölkədə həm siyasi, həm də iqtisadi sahədə dayanıqlı inkişafı təmin edib. Eyni zamanda Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da yüksəlib.
Bu müddət ərzində Azərbaycanın həyatında baş verən hadisələr arasında ən önəmlisi isə ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin əldə olunmasıdır. 44 günlük Vətən müharibəsinin Zəfər marafonundan bizə həm sonsuz sevinc və qürur, həm də böyük məsuliyyət qaldı. İşğaldan azad olunan doğma yurdlarımızın bərpası və Böyük qayıdışın ən effektiv şəkildə təşkil olunması qarşıdakı bir neçə ilin ən vacib çağırışıdır desək, yanılmarıq.
Prezidentin söylədiyi kimi, İkinci Qarabağ müharibəsinin nəticələri həm də bölgə üçün yeni reallıqlar, yeni əməkdaşlıq imkanları yaratdı. Uzunmüddətli sülhün təmin edilməsi üçün çox önəmli şərtlər və eyni zamanda yeni dövrə qədəm qoymaq üçün yeni imkanlar formalaşdı.
Heç kimə hesabat verməyən ölkə, ən islahatçı Lider
Əminliklə deyə bilərik ki, İlham Əliyev tərəfindən müəyyən edilən əsas konsepsiyalar ölkənin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. Elə hakim partiyanın da fəaliyyətinin prioritet istiqamətləri məhz bu məqsədlərə çatmağa yönəldilib.
Bu gün İlham Əliyev tərəfindən həyata keçirilən həm daxili, həm də xarici siyasət kursu yeganə düzgün kursdur. Məhz bu kursa dəstək olmaq üçün İlham Əliyev qurultaydakı yekun nitqində öz siyasi həmfikirlərini dövlət səviyyəsində müəyyənləşdirilmiş siyasət çərçivəsində ölkədə gedən bütün proseslərə, islahatlara və quruculuq işlərinə dəstək verməyə, partiya üzvlərini bu məqsədlər ətrafında səfərbər olmağa dəvət etdi.
Azərbaycanın dünyada tam müstəqil siyasət yürüdən ölkə olduğunu deyən Prezident bir daha bəyan etdi ki, heç kim bizimlə diktə dili ilə danışa bilməz. Bu il müstəqilliyinin 30 illiyini qeyd edəcək Azərbaycan indiyədək heç kimə hesabat verməyib, bundan sonra da bu siyasət davam etdiriləcək. Müstəqilliyimizin 30 illiyi Qələbə qazanmış, Zəfər çalmış xalq kimi qeyd ediləcək.
Göründüyü kimi, ən islahatçı Prezident bu gün həm də yeni reallıqlar yaradır. Məhz bundan əvvəlki dövrlərdə İlham Əliyevin təşəbbüsləri ilə reallaşan bir çox layihələr bölgəyə yenilik gətirmiş, əməkdaşlığın yeni formatlarını şərtləndirmişdi. Azərbaycan Prezidentinin uğurlu enerji siyasəti, nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin yaranmasına gətirib çıxarmış, eyni zamanda bölgədə və geniş mənada Avrasiya məkanında yeni əməkdaşlıq formatlarını formalaşdırmışdır.
Prezidentin söylədiyi kimi, bu gün həmin layihələr ətrafında birləşən və bu layihələri Azərbaycanla bərabər icra edən ölkələrin sayı artmaqdadır. Bu, istər-istəməz həmin ölkələr arasında, hətta əvvəlki dövrlərdə bir-biri ilə o qədər isti münasibətləri olmayan ölkələr arasında da əməkdaşlığı labüd edir.
Postmüharibə dövrü əməkdaşlıq üçün yeni imkanlar açır
Vətən
müharibəsindən sonrakı durum isə bu əlaqələrin
daha da şaxələnməsini, reallaşacaq layihələrdə
tərəfdaş olmaq istəyən ölkələrin
sayının artacağını şərtləndirir. Axı
bölgədə tam başqa
vəziyyət yaranıb. Prezident də bunu dəyərləndirərkən
vurğulamışdır ki, İkinci Qarabağ
müharibəsinin nəticələri bölgə üçün yeni
reallıqlar, yeni əməkdaşlıq
imkanları yaradıb. Uzunmüddətli sülhün
təmin edilməsi üçün çox önəmli şərtlər
yaradılıb və eyni zamanda
ölkəmizdə də yeni dövrə
qədəm qoymaq üçün
yeni imkanlar
formalaşıb. Nikbinliyə səbəb olan
digər amil odur ki, qonşu dövlətlər
də Azərbaycanla eyni mövqeni
bölüşürlər. Regionun gələcək
inkişafı, inteqrasiya layihələrinin
icrası ilə bağlı fikir
ayrılığı yoxdur. Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq,
qarşılıqlı ticarət, kommunikasiyaların
açılması, yeni nəqliyyat dəhlizlərinin
yaradılması üçün çox nadir imkanlar yaradır. Əgər təkcə Zəngəzur
dəhlizinə fikir versək görərik
ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistanın maraqlarına cavab vermir, bu,
qonşu ölkələrin maraqlarına da uyğundur. Yəni İlham Əliyevin dediyi kimi, Avrasiyanın yeni nəqliyyat
damarının açılması da mümkündür. Bu da, əlbəttə
ki, bölgədə, uzunmüddətli
sülhün əsas təminatçısı
ola bilər.
Bütün bunlar bir daha təsdiqləyir ki, regionun tərkib hissəsi olan Azərbaycan hər zaman uğurlu əməkdaşlığın nümunəsi, məsuliyyətli ölkə kimi qiymətləndirilib. Yeni reallıqlar da göstərir ki, İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan doğru yolda inamla addımlayır.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-2021.- 12 mart.- S.1;4.