118 mindən 118 milyona...
Son 1
ildə koronavirusa yoluxanların sayı min dəfə artıb
Ümumdünya Səhiyyə Təşkilatı
(ÜST) koronavirusun yayılmasını
bir il
əvvəl pandemiya elan edib. Həmin
vaxt 114 ölkədə
ümumilikdə 118 min yoluxma
halı qeydə alınmışdı, gündə
isə təxminən
5 min yeni hal aşkar edilirdi.
Düz bir ildir bütün dünyanın nizamını
alt-üst edən, insanların həyat tərzini dəyişən
COVID-19 pandemiyası hələ
də yayılmaqda davam edir. Hazırda Antarktida
da daxil olmaqla, demək olar ki, bütün
ölkələr və
qitələr infeksiya
ilə əhatə olunub. Pandemiya ili ərzində
yoluxanların ümumi
sayı min dəfə
artaraq təxminən
118 milyon təşkil
edib, 21 ölkədə
isə yoluxanların sayı artıq 1 milyonu ötüb. Koronavirus səbəbi ilə il ərzində
2,6 milyondan çox xəstə həyatını itirib.
Digər tərəfdən, koronavirusun
mutasiyaya uğramış
yeni ştammları da müxtəlif ölkələrdə yayılmaqdadır. İlkin
olaraq ötən ilin sentyabrında Böyük Britaniyada aşkar edilən və daha yüksək
yoluxdurma imkanına malik koronavirusun VOC 202012/01
ştammı, bir həftə ərzində
daha beş
ölkədə aşkar
edilib.
Belə ölkələrin ümumi
sayı 111-ə çatıb. Cənubi Afrika
Respublikasında aşkar
edilmiş 501y.V2 ştammının
yayılma coğrafiyası
58 dövlətə qədər
genişlənib. İlk olaraq
Braziliya və Yaponiyada aşkarlanmış
P.1 ştammı isə
hazırda 32 ölkədə
dövr edir. Bu barədə ÜST-nin həftəlik epidemioloji bülletenində
yazılır.
Qeyd edilir ki, VOC 202012/01 ştammının
insanları yoluxdura bilməsi əvvəllər
məlum olan SARS-CoV-2 koronavirus ştammından
36-75 faiz daha yüksəkdir. Mütəxəssislər xəstəliyin və
ölüm nəticəsinin
daha ağır gedişinin mümkün yüksək riskinə işarə edirlər.
Koronavirusun 501Y.V2 növünə gəldikdə,
o, martın 2-dən bəri
üç ölkədə
əlavə olaraq aşkar edilib, onların ümumi sayı 58-ə çatıb. ÜST-də
olan məlumata görə, bu ştamm, ilkin SARS-CoV-2 ştammından 1,5 dəfə daha yoluxucudur. P.1 ştammı
32 ölkədə dövr
edir və bir həftə ərzində belə ölkələrin sayı
35-ə çatıb.
Bu bir il ərzində alimlər koronavirus genomunu tez bir zamanda
deşifrə etməyə
və infeksiya ilə mübarizə aparmaq üçün vaksinlər hazırlamağa
nail olublar. Lakin onlar hələ də pandemiyanın yaranma mənbəyini müəyyən edə, iqlim və sosial-iqtisadi
şəraiti oxşar
olan ölkələrdə
infeksiyanın tamamilə
müxtəlif yollarla
yayılmasının səbəblərini
izah etməyə nail ola bilməyiblər.
Bir neçə
aydır ki, ölkələr təhlükəli
virusla mübarizədə
ən effektli üsul olan vaksinasiyaya start veriblər. Azərbaycan da
daxil olmaqla bir çox dövlətdə əhali
koronavirusa qarşı
peyvənd olunur.
Ölkəmizdə koronavirus
əleyhinə vaksinasiya
prosesi yanvarın 18-də
“Azərbaycan Respublikasında
COVID-19 xəstəliyi əleyhinə
2021-2022-ci illər üçün
Vaksinasiya Strategiyası”na uyğun olaraq başlayıb. Ölkəmiz Çində istehsal
edilmiş “CoronaVac” peyvəndi ilə vaksinasiya aparır. Bu vaksinin 4 milyon
dozasının alınması
barədə müqavilə
bağlanıb. Müqavilənin dəyəri 85158. 5 min manat təşkil edir. Hazırkı dövrədək ölkəmizdə koronavirus
infeksiyasına qarşı
436 849 nəfər peyvəndlənmə
prosesində iştirak
edib. Vaksinasiya respublikamızın bütün rayonlarında
uğurla davam etdirilir.
Koronavirus infeksiyasına qarşı
aparılan vaksinasiya ilə bağlı Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov də əhaliyə müraciət edib. O deyib ki, artıq bir ildən çox müddətdir
COVID-19 pandemiyası dünyanın
hər yerində, o cümlədən ölkəmizdə
də tüğyan edərək həyatımızı
çətinləşdirib, xeyli sayda insanın
xəstələnməsinə və itkilərə səbəb olub. Pandemiyanın ilk günündən dövlətimiz bu infeksiyaya qarşı bütün resurslarını
səfərbər edərək
mübarizə aparır.
Təəssüf ki, virusa qarşı hələlik
effektiv dərman vasitəsi tapılmayıb.
Belə bir durumda pandemiya
ilə mübarizənin
ən önəmli yolu onun profilaktikasıdır.
İlk aylarda bunlar yalnız müxtəlif gigiyenik qaydalara və karantin tədbirlərinə əməl
olunması ilə məhdudlaşırdısa da,
artıq insanların xilası üçün
daha effektiv və etibarlı vasitə olan vaksinlər də tətbiq olunur. Vaxtilə insanların kütləvi
ölümünə səbəb
olmuş təbii çiçək xəstəliyinə
də məhz vaksinasiya yolu ilə qalib gəlinib. Vaksinasiya nəticəsində qızılca,
difteriya, göy öskürək və s.
kimi bir sıra infeksiyalarla xəstələnmə halları
xeyli azalıb, yüz minlərlə insanın həyatı xilas edilib.
Baş infeksionistin sözlərinə görə, indiyədək yeni koronavirus infeksiyasına qarşı müxtəlif vaksinlər hazırlanıb. Bəzilərinin hazırlanma metodları elmi tərəqqinin ən son nailiyyətlərinə əsaslanır. Artıq əminliklə demək olar ki, hazırlanmış və tətbiqinə icazə verilmiş bütün vaksinlərin yetərli effektivliyi və təhlükəsizliyi aparılmış çoxsaylı elmi araşdırmalarla sübut olunub. Ölkəmizdə istifadə olunan peyvənd də təhlükəsizliyi və effektivlik dərəcəsi illərlə sınanmış ənənəvi üsulla, inaktivləşdirilmiş, yəni ölü virusdan hazırlanıb: “Hər bir vaksinin yan təsirləri mövcuddur. Bu, əsasən, az hallarda rast gəlinən, zəif ifadə olunmuş və qısa müddətli, inyeksiya yerində mülayim ağrı hissi, qızartı, yüngül ümumi zəiflik, baş ağrıları, subfebril hərarət və sairədir. Bu əlamətlər orqanizmin yeridilən yad maddələrə qarşı verdiyi təbii reaksiyasıdır və immun sistemin yetərli fəaliyyətini əks etdirir. Tətbiq olunan vaksinin qeyd olunan xüsusiyyətləri ölkə üçün vaksin seçimi zamanı bu sahənin əksər aparıcı alim və mütəxəssisləri tərəfindən nəzərə alınaraq dəstəklənib və müvafiq dövlət qurumlarına tövsiyə edilib. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş “Vaksinasiya Strategiyasına” əsasən artıq xeyli vətəndaşımız peyvənd olunub. Vaksinasiya prosesi davam edir”.
T.Eyvazov qeyd edib ki, vaksinasiyanın məqsədi yoluxma hallarının əhəmiyyətli azalmasına nail olmaqla infeksiyanı nəzarət olunan həddə saxlamaq, ölüm hallarını minimuma endirməkdir. Lakin bu məqsədə yalnız əhalinin əksəriyyəti peyvənd olunduqdan sonra çatmaq mümkündür: “Lazımi sayda preparatın ölkəyə birincilər sırasında gətirilməsini təmin etmək dövlətimizin nailiyyətidir. Təəssüf ki, dövlətimizin bu uğuruna kölgə salmaq istəyənlər də var. Son günlər sosial şəbəkələrdə peyvənd edilən vətəndaşların iflic olması, ağır xəstələnməsi, hətta ölməsi, vaksinasiyanın gələcəkdə sonsuzluğa səbəb olacağı barədə heç bir elmi əsası olmayan və həqiqəti əks etdirməyən məlumatlar yayılır. Bu cür yoxlanılmayan şayiələr tirajlanaraq insanlarda çaşqınlıq yaradır. Amma Səhiyyə Nazirliyinə indiyədək vaksin olunmuş insanlarda bu tip qeyri-adi ağırlaşmalar barədə heç bir məlumat daxil olmayıb. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, əgər peyvənddən sonra hər hansı bir güclü reaksiya baş verərsə, bu haqda mütləq qaydada müvafiq tibb qurumlarına müraciət etsinlər.
Artıq 400 mindən çox vətəndaşımız peyvənd olunub və hər gün vaksin olunmaq üçün minlərlə insan könüllü olaraq müvafiq tibb idarələrinə müraciət edir. Sevindirici haldır ki, peyvənd olunanların sayı bir il ərzində bu infeksiya ilə xəstələnənlərin rəsmi statistik göstəricilərini üstələyib. Bu o deməkdir ki, yaxın gələcəkdə bu qədər insan infeksiyaya yoluxmayacaq və hətta az sayda yoluxmalar olsa belə onlar arasında ölüm halları baş verməyəcək. Tezliklə peyvəndləmənin müsbət effektini hər birimiz öz həyatımızda hiss edəcəyik. Şayiələrə deyil, elmi faktlara əsaslanaraq peyvənd kampaniyasında könüllü iştirak edin ki, bu infeksiyaya qalib gələk və normal həyatımıza qayıdaq”.
Azərbaycanda iki aya yaxındır vaksinasiya prosesi aparılsa da, əhalinin əksər hissəsi peyvənd olunmadığı halda yoluxma riski qalacaq. Son günlər koronavirusa yoluxma sayı ilə bağlı vəziyyət ürəkaçan deyil. Karantin rejiminin yumşaldılmasından sonra yoluxma sayında artım müşahidə olunmaqdadır. Əslində, bu, gözlənilən idi. Çünki əvvəl də yumşaldılmalardan sonra insan təması daha da artdığı üçün yoluxma sayında artma müşahidə olunmuşdu. Digər tərəfdən, sosial məsafənin qorunmaması, tibbi maskadan düzgün istifadə edilməməsi, gigiyenik qaydalara əməl olunmaması da gündəlik statistikada artım yaradır. Etiraf edək ki, yoluxma sayı insanların bir-birinə qonaq getməsi, sıx təması nəticəsində də artır. Bu baxımdan Novruz bayramında insanların sıx gediş-gəlişinin olması yoluxma sayının artmasına, xəstəliyin sürətlə yayılmasına təsir göstərə bilər. Ona görə də mütəxəssislər hər kəsi bayramı evində qeyd etməyə, bir-biri ilə sıx təmasda olmamağa çağırır. Eyni zamanda peyvənd olunmayanlar varsa, qısa zamanda poliklinikalara müraciət edib, vaksin vurdursunlar. Unutmayaq ki, könüllü vaksinasiya olunmaqla, tibbi maskalardan düzgün istifadə etməklə, sosial məsafə qoruyub, gigiyena qaydalarına riayət etməklə pandemiyaya qalib gələ bilərik.
Xəyalə MURADLI
Azərbaycan.-2021.- 12 mart.- S.1;5.