Ermənistan prezidenti
yenə də Paşinyana qarşı
çıxdı
Ermənistanda hökumət başçısı ilə ordu arasında, eləcə də hakimiyyət daxilində yaranan ziddiyyətlər davam edir. Bu arada orduda da qəribə hadisələr baş verir. Belə ki, baş nazir Nikol Paşinyanın erməni generallarla görüşündən sonra keçmiş baş qərargah rəisi Onik Qasparyanın səlahiyyətlərini müvəqqəti icra etmək vəzifəsi general-leytenant Stepan Qalstyana həvalə edilib. Buna qədər Qalstyan Qasparyanın müavini olub. O da Paşinyanın istefasını tələb edənlərdən biridir.
Nikol Paşinyan silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsinə isə Artak Davtyanın təyin olunması barədə prezident Armen Sarkisyana vəsatət təqdim edib. Lakin prezident vəsatəti təmin etməyib və etiraz qeydləri ilə geri qaytarıb. Bundan dərhal sonra Paşinyan vəsatəti ikinci dəfə prezidentə göndərib. Bütün bunlar baş nazir və prezident arasında ciddi ziddiyyətlərin yaranmasından xəbər verir.
Bu cür proseslərin fonunda baş nazirin mövqeyinin gücləndiyi görünür. Müxalifət xalqın baş nazirdən üz döndərəcəyini gözləsə də, indi tamam əks vəziyyət müşahidə edilir. İnsanların müxalifətə və hərbi xuntaya dəstək verməməsi baş nazirin mövqelərini daha da möhkəmləndirib. Bunu Ermənistanda keçirilən sonuncu sorğu da təsdiqləyir. Belə ki, ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistanda keçirdiyi sorğuda iştirak edənlərdən “Bu bazar seçki olsa, kimə səs verərdiniz?” deyə soruşublar. Respondentlərin 42 faizi “heç kimə səs vermərəm” cavabını verib, 33 faizi Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini deyib. Rəyi soruşulanlardan 3 faizi Qaqik Çarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyasına, 2 faizi Robert Koçaryana, 1 faizi Serj Sarkisyanın rəhbərlik etdiyi “Respublikaçılar partiyası”na səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, müharibədən sonra Ermənistan iqtisadiyyatında daha da sürətlənən geriləmə, sosial-rifah halının gündən-günə pisləşməsi ölkədə pessimizmi daha da gücləndirmişdir.
Bütün bunların fonunda erməni iqtisadçılarını təşvişə salan daha bir məqam diqqət cəlb edib ki, bu da xaricdən pulköçürmələrin azalmasıdır. Rəsmi rəqəmlər son dövrlərədək pulköçürmələrin həcminin təxminən 2 milyard dollar təşkil etdiyini və tədiyyə balansında yaranan kəsirin 50 faizinin elə həmin vəsait hesabına maliyyələşdirildiyini göstərirdi. Ancaq indi təxmini hesablamalar göstərir ki, pulköçürmələri yarıya qədər azalıb və il ərzində bu göstəricinin daha da aşağı düşəcəyi gözlənilir.
Vəziyyətin kifayət qədər acınacaqlı olduğuna diqqət çəkən Ermənistan mediası yazır ki, ölkə uzun illərdir ki, yanlış siyasətin əsirinə çevrilmişdir. “4rd.am” saytı bildirir ki, bu siyasət bir çox sahələrdə olduğu kimi, iqtisadi müstəvidə ölkənin tənəzzülünü daha da sürətləndirmişdir: “Postmüharibə dövründə qiymətlər durmadan artır, əhalinin gəlirləri inflyasiyaya adekvat deyil. Mərkəzi Bank hər vəchlə çalışır ki, dövlət büdcəsi dolsun, inflyasiya sabit qalsın, amma mümkün olmur. Keçmiş hakimiyyət təmsilçilərinin yarıtmaz siyasəti nəticəsində nə büdcə dolur, nə də ki qiymət artımı dayanır. Əksinə, Ermənistan iqtisadiyyatı gündən-günə daha iflic vəziyyətə düşür”.
Büdcənin doldurulmasında hakimiyyət bütün əsas yükü kiçik və orta bizneslə məşğul olanların üzərinə qoymağa çalışır. Onlar isə öz bizneslərini dayandırır, başqa əlac olmadıqda isə xarici ölkələrə köçməyə üstünlük verirlər. Beləliklə də ölkə büdcəsinin doldurulmasında ciddi problem yaşanır. Digər tərəfdən də kiçik və orta biznesin sıradan çıxma prosesi daha geniş vüsət alır.
“İravnuk” qəzetinin verdiyi xəbərə görə, aprel ayından etibarən ölkədə ərzaqların qiymətində bahalaşma olacaq: “Müharibədən sonra ölkə iqtidarı bahalaşmanın qarşısını almaq üçün bütün imkanlardan istifadə etdi. Lakin aprel ayının ortalarından başlayaraq hökumətin “süni müdaxilələri” təsirsiz qalacaq. Tərəvəzdən başqa bütün qida növlərində bahalaşma olacaq”. Qəzet qeyd edir ki, kənd təsərrüfatı naziri paytaxt Yerevanda tərəvəzin qiymətinin bahalaşmasının qarşısını almaq üçün yeni bazar açmaq qərarına gəlib. Lakin bunlar əhalini aldatmaqdan başqa bir şey deyil.
Bütün
bunlar bir daha Ermənistanda siyasi və sosial-iqtisadi vəziyyətin
gərgin olaraq qaldığını göstərir.
Elçin CƏFƏROV
Azərbaycan.-2021.- 12 mart.- S.1;5.