İslahatların siyasi istinadgahı

 

YAP hakim siyasi partiya kimi bundan sonra da respublikamızın yüksəlişinə layiqli töhfələr verəcək, fəallığı ilə cəmiyyətə nümunə olacaqdır

 

 

Cəmi bir neçə aydan sonra Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30-cu ili tamam olacaq. Hər birimiz üçün olduqca qürurvericidir ki, xalqımız üçün əlamətdar olan bu yubileyi dövlətçilik və müstəqillik tariximizi rövnəqləndirən möhtəşəm hadisələr fonunda qarşılayırıq. Azərbaycan əhalisinə və ərazisinə görə kiçik olsa da, beynəlxalq münasibətlərdə rolu, qlobal problemlərin həllində iştirakı olduqca böyükdür. İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm Qələbə isə vətənimizi daha da yüksəltdi.

Lakin unutmamalıyıq ki, 30-cu ilinə qədəm qoyan müasir müstəqil dövlətçiliyimiz olduqca mürəkkəb, çətin mərhələ və proseslərdən keçmişdir. Müstəqilliyimizin ilk illərində baş verən proseslərin acı nəticələri o dövrü yaşayan bütün vətəndaşlarımızın xatirində dərin iz buraxmışdır. Bu gün arxaya boylanıb baxarkən bir daha görürük ki, məmləkətimizin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkəmizin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması xilasımız yolunda ən doğru addım və böyük siyasi hadisə olmuşdu.

 Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında dərin məzmunlu nitqində Prezident İlham Əliyev Azərbaycanın müstəqillik dövründə keçdiyi tarixi yola nəzər saldı, YAP-ın yaranma zərurətinin geniş təhlilini verdi. Tariximizin acı reallıqlarından biri odur ki, müstəqilliyimizin ilk illərində Azərbaycanın üzləşdiyi böhran və fəlakət xalqımızn sabaha olan ümidlərini demək olar ki, qırmışdı. Naşı rəhbərlik və onların yarıtmaz idarəçiliyi nəticəsində yaranan xaos, parçalanma, dövlətin məhvi kimi problemlər AXC-Müsavat iqtidarının ilk günlərindən etibarən Azərbaycanda yeni siyasi gücə böyük ehtiyac yaratmışdı. Prezident İlham Əliyevin qurultayda dediyi kimi: “Yeni Azərbaycan Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli, qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz xarakter almışdır. Hərbi məğlubiyyət eyni zamanda daxili böhranla tamamlanır. Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına qoymuşdur”.

Bəli, dövlət müstəqilliyi qazanıldıqdan sonra hakimiyyətdə olanların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik xalqı, o cümlədən ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir şəraitdə onlar, eləcə də vətəndaşların mütləq əksəriyyəti çıxış yolunu Ulu Öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında, onun rəhbərliyi altında hakimiyyət uğrunda sivil mübarizə aparacaq siyasi təşkilatın yaradılmasında görürdülər.

1992-ci ilin noyabrında Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranması respubilikanın siyasi-ictimai həyatında böyük hadisəyə çevrilmişdi. Ulu Öndərə olan böyük inamın nəticəsi idi ki, qısa müddətdə partiyanın sıralarında on minlərlə insan birləşmişdi. Ozamankı hakimiyyət dairələrini bu, ciddi narahat etsə də və onlar tərəfindən yaradılan əngəllər, təzyiqlər olsa da, YAP-ın ölkənin ən aparıcı siyasi partiyasına çevrilməsinin qarşısını ala bilmədilər. Onu da qeyd edim ki, YAP müxalifət partiyası kimi təsis olunmuşdu. Lakin bəzi indiki dağıdıcı müxalifət partiyalarından fərqli olaraq, YAP Azərbaycanın milli maraqlarına qarşı müxalifətdə deyildi. YAP ölkəni anarxiyaxaosa sürükləyən, yeni qazanılmış dövlət müstəqilliyini itirmək təhlükəsi qarşısında qoyan hakimiyyətə, Azərbaycanı parçalamaq istəyən dairələrə qarşı müxalifətdə idi.

1992-1993-cü illlərin hadisələri, ölkəni bürüyən siyasi böhran xalqı Heydər Əliyevi Bakıya - ölkənin taleyini həll etmək üçün çağırmağa vadar etdi. Beləliklə də, tarixi proseslər Heydər Əliyevə ölkə rəhbəri, YAP-a isə hakim partiya statusu həvalə etdi. Heydər Əliyevin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqil dövlətçiliyin əsaslarının formalaşması prosesi başlandı. Qurultaydakı nitqində bu məsələyə toxunan Prezident, YAP-ın sədri İlham Əliyev çox doğru olaraq dedi ki, müstəqillik tariximiz məhz ondan başladı:Ona görə bizim əsl müstəqillik tariximiz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki ona qədər müstəqillik sözdə var idi, amma faktiki olaraq yox idi”.

YAP hakim partiya statusu qazandığı ilk gündən proqramında qarşıya qoyduğu vəzifələrin icrasına, ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirməyə, Azərbaycanı düçar olduğu təhlükə və böhranlardan qurtarmaq üçün özünün məqsədyönlü fəaliyyətinə başladı. Güclü lideri, mükəmməl proqramı, təkmil siyasi platforması, xalqın marağı naminə qətiyyət və prinsipiallığı sayəsində, digər tərəfdən azərbaycançılıq və dövlətçilik mövqeyində durduğu üçün qısa müddətdə öz sıralarında yüz minlərlə insanı birləşdirdi. Partiyanın öz məramında və praktik fəaliyyətində demokratik prinsiplərə, ümumbəşəri dəyərlərlə milli xüsusiyyətlərin vəhdətinə, hüquqi dövlətçiliyə, azad vətəndaş cəmiyyətinə, sərbəst iqtisadiyyatın yaradılmasına üstünlük verməsi, güclü sosial müdafiə proqramı ilə çıxış etməsi onu xalqın əsas siyasi istinadgahına çevirdi.

Heydər Əliyevin 1993-cü ildə xalqın istək və tələbi ilə hakimiyyətə qayıdışından sonra YAP sadəcə hakim siyasi partiyaya çevrilmədi. YAP həm də Ümummilli Liderin siyasiideoloji irsinin, dövlətçilik təcrübəsinin və quruculuq fəaliyyətinin harmoniyasını özündə əks etdirməklə, ölkənin siyasi səhnəsinin ön cərgəsində özünə layiqli yer tutdu.

2003-cü ilin oktyabrında prezident seçkilərindən öncə xalqımıza müraciət edən Ulu Öndər Heydər Əliyev deyirdi: Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”.

2003-cü ildə keçirilən prezident seçkilərində cənab İlham Əliyevin seçilməsi xalqımızın Heydər Əliyev ideyalarına inamının və YAP-a olan etimadının növbəti təcəssümü idi. Bu seçki Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha nümayiş etdirdi. İlk gündən həyata keçirdiyi uğurlu siyasətlə Prezident İlham Əliyev xalqın Heydər Əliyev ideyalarına olan inamını daha da gücləndirdi. Dövlət başçısının uğurlu siyasi kursu YAP-ın nüfuzunu artırdı, dayaqlarını daha da möhkəmləndirdi. Respublikamızda YAP-ın güclü siyasi partiya kimi özünü göstərməsi, o cümlədən geniş beynəlxalq əlaqələr qurması İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.

YAP-ın tarixində əlamətdar hadisələr çoxdur. 1993-cü ildən bəri keçirilən seçkilərdə qazanılan qələbələr tək YAP-ın deyil, bütün xalqımızın uğuru olmuşdur. Azərbaycanda 50-dən çox siyasi partiya mövcud olsa da, onların heç biri sosial bazasına, siyasi-ictimai nüfuzuna və gücünə görə YAP-la müqayisə oluna bilməz. YAP-dan başqa Azərbaycanın tarixində indiyə qədər üzvlərinin sayı yüz minlərlə ölçülən siyasi təşkilat olmayıb. Bu gün YAP-ın sıralarında 760 min nəfərin birləşməsi həmin insanların YAP-a, partiyanın yaradıcısı Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətin, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin göstəricisidir.

Seçkilərdə qazandığı qələbələr YAP-ın cəmiyyətdə yerinin möhkəm olduğunu təsdiqləyir. Dövlətçiliyimizin gücləndirilməsi, ölkəmizin inkişafı istiqamətində həyata keçirilən proqramların nəticəsi olaraq xalq bu təşkilata böyük etimad göstərir. Malik olduğu potensial, xalqın inamı, ideyalarının mükəmməlliyi YAP-ın hər zaman hakim partiya statusunu qoruyacağına güclü təminatdır.

YAP-ın tarixindəki əlamətdar hadisələrdən biri isə partiyanın 2005-ci ilin mart ayında keçirilən III qurultayında baş verdi. Həmin vaxt qurultay nümayəndələri çox şərəfli və tarixi bir qərar verərək cənab İlham Əliyevi partiyanın sədri seçdilər. Heydər Əliyevin siyasi əmanəti olan partiyaya sədr seçkisinə Ulu Öndərin ən layiqli davamçısı, şərəfli irsin daşıyıcısı olan İlham Əliyev alternativsiz getdi. Bu da onu deməyə tam əsas verirdi ki, YAP-ın yüz minlərlə üzvü yeni sədrini yekdilliklə dəstəkləyir və onun ətrafında sıx birləşiblər. Ötən müddət ərzində özünü tam doğruldan bu inam həm də YAP-ın daha böyük nailiyyətlər əldə etməsinə əsas zəmin oldu.

Ümumiyyətlə, YAP-ın qurultaylarının əhəmiyyətlərini xüsusi qeyd etmək istərdim. Ölkəmizin siyasi həyatında maraqla qarşılanan qurultaylarda YAP-ın qarşıya qoyduğu vəzifələrin icrası müzakirə olunmuş, ötən dövrün hesabatı dinlənilmiş, yeni qərarlar qəbul edilmişdir. Hər bir qurultay partiyanın və bütövlükdə cəmiyyətin həyatında böyük siyasi hadisəyə çevrilmişdir.  YAP-ın VII qurultayı da partiya fəaliyyətinin və idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm qərarların qəbulu, yeni hədəflərin müəyyən edilməsi ilə yadda qaldı.

Öncə onu qeyd edim ki, YAP-ın VII qurultayının keçirilməsinin kifayət qədər güclü əsasları vardı. Təsadüfi deyil ki, cənab Prezident də nitqinə məhz bununla başladı. Dövlət başçısının qeyd etdiyi kimi, altıncı qurultaydan ötən üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir. Bu dövrdə Prezident İlham Əliyevin hələ 2018-ci ilin aprel seçkisindən sonra elan etdiyi yeni islahatlar uğurla həyata keçirilmiş, cəmiyyət həyatında olduqca mühüm keyfiyyət dəyişiklikləri baş vermişdir. Bu dövrdə Azərbaycanın daha da qüdrətli ölkəyə çevrilməsi istiqamətində atılan addımların uğurlu nəticələri isə göz önündədir. İdarəetmədə, məhkəmə-hüquq sistemində, sosial sferada həyata keçirilən islahatlar cəmiyyətimizə yeni əhvali-ruhiyyə bəxş etdi.

Ötən dövrün ən böyük hadisəsi isə, əlbəttə ki, əvvəldə qeyd etdiyim kimi, İkinci Qarabağ müharibəsində qazanılan möhtəşəm və tarixi Qələbədir. Bu qələbəni Prezident, Ali Baş Komandan İlham Əliyev sərkərdə qətiyyəti ilə təmin etdi. Öz haqqını qorumaq, pozulmuş hüquqlarını təmin etmək bugünkü ziddiyyətli və dəyişkən beynəlxalq münasibətlər sistemində hər dövlətə nəsib olan imkan deyil. Yaxın və uzaq coğrafiyamızda kifayət qədər ölkə göstərmək olar ki, haqsız şəkildə təzyiq və təsirlərə məruz qalıb, ərazi bütövlüyü pozulub. Ələlxüsus güc amilinin beynəlxalq hüquqdan önə keçdiyi indiki şəraitdə bir çox dövlət beynəlxalq ictimaiyyətin laqeyd münasibətinin formalaşdırdığı vəziyyətlə sadəcə barışmalı olur. Lakin 44 günlük müharibənin nəticəsində İlham Əliyev respublikamızın və xalqımızın pozulmuş hüquqlarını bərpa etdi. Azərbaycan Prezidenti sübut etdi ki, güc yolu ilə bu hüququ bərpa etmək mümkündür. Bununla da Dağlıq Qarabağ məsələsi ətrafında yeni tarixi şərait yaratdı. Bu şərait ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və “Dağlıq Qarabağ problemi” ifadəsi aradan qalxıb. İndi Ermənistan tarixinin ən ağır və utanc dövrünü yaşayır, erməni təəssübünü çəkən dairələr isə Azərbaycanın yaratdığı yeni reallıqla barışmağa məcburdurlar.

Bütün bu möhtəşəm hadisələr - həm Vətən müharibəsindəki Qələbə, həm də mütərəqqi islahatlar aparıcı və hakim siyasi partiyaya xalq etimadının alternativsiz ünvanı olan YAP-ın uğurlarıdır. Bu uğurların hər biri həm də  YAP-ın prinsiplərində, məram və nizamnaməsində yer alan məsələlərin, məqsəd və vəzifələrin həyata vəsiqə alması deməkdir.

YAP-ın VII qurultayında qəbul edilən qərarlar da cəmiyyətimizdə son illərdə baş verən pozitiv yeniliklərə, xüsusən idarəçilikdə həyata keçirilən islahatlara adekvat idi. Bu qərarlar onu göstərdi ki, YAP köklü, sarsılmaz təməllərə malik təşkilat olmaqla yanaşı, müasir çağırışları da diqqətdən kənarda qoymayan, zamanın nəbzini tutmağı bacaran alternativsiz siyasi qüvvədir. Bu baxımdan yeni idarə heyətinin formalaşdırılması, idarəçilikdə baş verən dəyişikliklər, YAP fəallarının irəli çəkilməsi partiya fəaliyyətində keyfiyyətcə yeni mərhələnin əsasını qoyur.

Qurultayda YAP-ın yeni nizamnaməsinin qəbulu da mühüm əhəmiyyət kəsb edir. YAP-ın nizamnaməsi onun fəaliyyətini tənzimləyən hüquqi sənəddir. Partiyanın ilk nizamnaməsi 1992-ci ildə qəbul edilmiş və əvvəlki qurultaylarda əlavə və düzəlişlər olunmuşdur. Lakin zaman sürətlə dəyişir, yeni çağırışlar meydana çıxır, partiya fəaliyyətinin təkmilləşdirilməsi, çevik mexanizmlərinin formalaşdırılması təşkilatın nizamnaməsinin də yenilənməsini zəruri edirdi. Ona görə yeni nizamnamənin qəbulu partiyanın idarə olunmasının və fəaliyyətinin tənzimlənməsinin yeni mexanizminin yaradılması baxımından aktuallıq kəsb edir.

Veteranlar Şurasının yaradılması isə mənəvi məsələdir. YAP gənc təşkilat olsa da, sıralarında partiya fəaliyyətinə böyük töhfələr verən və bu gün də respublikanın siyasi-ictimai həyatında fəal iştirak edən ağsaqqallar var. Prezident İlham Əliyev çıxışında  Veteranlar Şurasının yaradılmasını çox önəmli addım kimi dəyərləndirdi və qeyd etdiyi kimi, veteranlar partiyanın bugünkü və gələcək fəaliyyətində öz səmərəli işlərini davam etdirəcəklər.

Yekun nitqində “Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın” deyən Prezident, YAP sədri İlham Əliyev yeni reallıqlardan irəli gələn vəzifələr də müəyyən etdi. YAP üzvləri öz fəaliyyətlərində bu vəzifələri şərəflə və keyfiyyətlə yerinə yetirəcək, həm partiya işinə, həm də ölkədə həyata keçirilən siyasi kursun daha böyük uğur qazanmasına layiqli töhfə verəcəklər.

Azərbaycan xalqı tarixinin şərəfli dövrünü yaşayır. Qarşıdan gələn müstəqilliyimizin 30 illiyini də Qələbə qazanmış xalq kimi qeyd edəcəyik. Tariximizi şərəfləndirən bu Zəfər, cəmiyyətimizin pozitiv dəyişiklikləri, dövlətimizin yüksəlişinin hər bir nümunəsi İlham Əliyevin həyata keçirdiyi möhtəşəm siyasi kursun təcəssümüdür. Azərbaycan öz yüksəlişinin yeni mərhələsinə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası, Azərbaycanın regiondadünyada nüfuzunun daha da artması respublikamızın bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradır.

Dövlət başçısının elan etdiyi milli prioritetlərdə artıq inkişafın yeni mərhələsinin hədəfləri də müəyyən olunub. Dövlətimiz və xalqımız bu hədəflərə də inamla çatacaq. İndi İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünün yeni inkişaf nümünələrini yaradır və dünyaya təqdim edir.

YAP da Ulu Öndər Heydər Əliyevin ideyalarını, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq hakim siyasi partiya kimi bu prosesə töhfə verəcək, bundan sonra da öz fəallığı ilə nümunə göstərəcək.

 

 

 

Zahid CƏFƏROV,

Bakı Dövlət Universitetinin Əmək və ekologiya hüququ

kafedrasının professoru, hüquq üzrə elmlər doktoru

Azərbaycan.-2021.- 12 mart.- S.4.