Qara Qaya dəyanətli...
İki
bacının iki şəhid oğlu və Vətənə əmanət dörd körpənin hekayəti
Bu kənd “kürəyini söykədiyi” Genqüzey, Dolmatlı, Keçəməl dağlarından bolluca dəyanət payı alıb. Odur ki, övladları ta qədimdən bütün dövrlərdə qeyrətləri və igidlikləri ilə fərqləniblər. Burada hər körpənin ayağı yer tutanda, ağlı kəsməyə başlayanda ona kəndə doğru “qanad açan” əzəmətli Qara Qayanı göstərərlər: “Bax, gör necə böyükdür!” Dili təzə açılan uşaq da sözləri bölə-bölə təkrarlayar: “Bö-yük-dür...”
Beləcə, bu kəndin balaca sakinləri vüqarlı dağların ətəklərində, qayalardan süzülüb gələn dumduru Axınca çayının qırağında, nərgizli-laləli Əyri Dərədə müdrik ağsaqqallardan həyat dərsi ala-ala saflıq, vətənsevərlik, mənəvi böyüklük əxz edərlər. Elburusla Elşad kimi...
Söhbətimiz Tovuzun Ağdam kəndi, bu kənddə yaşayan iki bacının iki mərd oğlu və şəhidlik zirvəsində dayanan o igidlərin hərəsinin Vətənə əmanət etdiyi iki ciyərparasından gedir.
Ağdam Tovuz rayonunun sərhəd kəndlərindəndir. Kənd 30 il mənfur qonşularımızın hücumlarına, aramsız atəşlərinə məruz qalıb. Ancaq camaat dözüb-dayanıb, başıpapaqlılar isə münaqişənin lap əvvəlindən çöllərə-düzlərə, dağların döşünə səpələnərək sinələrini yurda sipər edıblər.
Bu kəndin Məmmədalı Tağıyev, Mirəziz Əzizov, Sahib Hüseynov, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov kimi torpaq və qeyrət naminə həyatından keçən oğulları olub. Erməni vandalları uşaq qatili olduqlarını burada da göstəriblər. Məktəb yaşlı Şahvələdi öz həyətində ot biçərkən qətlə yetiriblər. İsa Əliyev, Namiq Yusifov, Cümşüd Məmmədalı oğlu, Mətləb Bağırov, Çervon kişinin iki övladı - Rəhman və Rafiq, digər kənd sakinləri 1990-cı illərdə yağıya aman vermədiklərini qürurla xatırlayırlar.
Sonralar artıq ordumuz formalaşdı, təkmilləşdi, gücləndi və Ağdam kəndinin müdafiəsi də möhkəmləndi. Lakin erməni faşistləri öz mənfur niyyətlərindən əl çəkmirdilər. Nəhayət, 2020-ci ilin qanlı iyul hadisələrini törətdilər. Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribata əl ataraq iyulun 12-də günorta saatlarından Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozdular, artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutdular, hücuma keçməyə cəhd göstərdilər.
Düşmənə adekvat tədbirlər nəticəsində lazımi cavab verildi. Lakin namərd qonşunun könlünə yeni ərazilər işğal etmək düşmüşdü. Odur ki, dayanmaq bilmirdi. Aramsız atəşlər nəticəsində kəndə böyük maddi ziyan dəydi. 77 yaşlı ağsaqqal Əziz kişinin günahsız qanı axıdıldı.
Ağır döyüşlər getdi. Bu, həmin döyüşlər idi ki, orada general Polad Həşimov öz igid əsgərləri, silahdaşları ilə birlikdə şəhid oldu. Onların arasında Ağdam kəndinin sakini, çavuş Elşad Dönməz oğlu Məmmədov da var idi.
Deyirlər, Elşad generalın bel bağladığı, xətrini çox istədiyi döyüşçülərdən imiş. “Mənim bu Qara Qaya səddimi keçməyə heç bir erməninin hünəri çatmaz” deyirmiş torpaq təəssübkeşi olan Vətən sevdalı bu gənc. Elə ətəyində boy atdığı Qara Qayada da şəhidlik zirvəsinə yüksəldi.
Atası Dönməz Məmmədov deyir ki, Elşad balacalığından qoçaq uşaq idi:
- Orta məktəbi bitirəndən sonra hərbi xidmətə getdi. Tərtər tərəfdə xidmət edirdi. Gözləmədiyimiz halda evə on günlük məzuniyyətə gəldi. Sonradan bildim ki, ona istirahət verilməsi səbəbsiz deyilmiş. 2016-cı ildə xidmətini sona çatdırıb evə dönəndə sənədləri arasında general Hikmət Həsənovun imzaladığı fəxri fərmanı gördüm. Orada yazılmışdı ki, Elşad bu fəxri fərmanla düşmənin kəşfiyyat qrupunun təxribatının qarşısının alınmasında göstərdiyi cəsurluğa və igidliyə görə təltif olunur.
Hərbi xidmətini başa vurandan sonra da Elşad bu sahədən ayrılmaq istəməmişdi. Kiçik komandirlər məktəbini bitirib çavuş rütbəsi ilə taleyini həmişəlik hərbi ilə bağlamağı qərara almışdı. Artıq üç ildir doğma yerlərdə xidmət edirdi.
25 yaşı vardı Elşadın. Anası Nuriyyə xanım deyir ki, toyunun “Vağzalı” sədaları qulaqlardan hələ heç getməmişdi. Altı aylıq oğlu Məhəmməd qundaqda qaldı. İkinci övladının isə heç üzünü də görmədi... Şəhidliyindən yeddi ay sonra onun daha bir oğul balasının dünyaya gəlişini qarşıladıq. Atasının adını verdik ona ...
Ölümündən sonra Elşad Məmmədov “Vətən naminə” medalı ilə təltif edilir, adına fəxri fərmanlar yazılır, daha bir övlad sahibi olur... Bu da bir tale yazısıdır yəqin...
Tovuz hadisələrində Elşadın xalası oğlu Elburus Yusifov da iğidliyi ilə fərqlənmişdi. Təcrübəli döyüşçü idi. 2003-cü ildə 18 yaşı tamam olandan sonra hərbi xidmətə çağırılmış və əsgəri borcunu Abşeron rayonunun Müşfiq qəsəbəsində yerinə yetirəndən sonra çavuş rütbəsində doğma kəndə dönmüşdü. Bir neçə il sonra isə Bakıya kiçik komandirlər məktəbinə oxumağa göndərilmişdi. Təhsilini başa çatdırıb yenə də doğma yerlərə qayıtmış, hərbi hissənin kəşfiyyat taqımında xidmətə başlamışdı. Artıq 12 ildən çox idi ki, burada vicdanla, Vətənə övlad sədaqəti ilə xidmət edirdi. “Qüsursuz xidmətə görə” medalına, digər medal və fəxri fərmanlara layiq görülmüşdü.
Bu 12 illik xidmət yolu onu sanki Qarabağa aparırdı, mənfur düşmənin ayaqları altında inləyən torpaqlarımızın imdadına yetməyə çağırırdı. Atası, 42 il kənd orta məktəbinin fizika müəllimi olmuş Şəmsi Yusifov deyir:
- Elburus Tovuzdakı iyul hadisələri zamanı da şəhidliyin bir addımlığında dayanmışdı. Amma şəhadətə bir neçə ay bundan sonra Murovdağ zirvəsində qovuşdu. Qarabağa Vətən müharibəsi başlanan kimi yollandı. “Mən bu müharibədə vuruşmalıydım. Ona görə iyulda şəhid olmadım” dedi. Nədənsə bu sözlər mənim qulağımda başqa cür səsləndi: “Onda şəhid olmadım ki, indi olum...”
Elburusun anası Kifayət xanım isə oğlu haqqında heç nə danışmır. Söz düşəndə isə səmimi, sadə, lakin böyük ürəkli Azərbaycan analarına məxsus bir tərzdə ikicə cümlə deyir:
- Bütün şəhidlər mənim balalarımdır. Hamısının qeyrətinə ürəyim qurban.
Elburus oktyabrın 1-də Kəlbəcər-Murov istiqamətində döyüşə silah yoldaşları ilə birlikdə anasının dediyi həmin o qeyrətlə atılmışdı. Ayın 4-də “Canavar Dişi” adlanan post uğrunda gedən döyüşlərdə başda batalyon komandiri, qərargah rəisi və bölük komandiri olmaqla ermənilərin əks-hücumuna qarşı son nəfəslərinədək vuruşdular. Sıralarında Elbrusun da olduğu 32 nəfərlik hərbçilər dəstəsi qəhrəmancasına həlak oldu...
Şəhidimizin üçrəngli Azərbaycan bayrağına bükülmüş tabutu kəndə xeyli sonra - dekabrın 21-də gətirildi. Vidaya el axışdı. Yaxından-uzaqdan, hətta Bakıdan gələnlər vardı. Və o gün kənd sakini, keçmiş döyüşçü Rasim Hüseynov onların yanında bir həqiqəti dilinə gətirdi, çoxlarının bəlkə də dərinliyinə varmadığı bir məqama toxundu:
- Doğrudan da ot kökü üstündə bitər, - dedi. - Bir neçə əsr bundan əvvəl kəndimizin Yusif ağa adında yetirməsi taleyin gərdişi ilə çar Rusiyasının ordusunda xidmət etməli olmuş və iğidliyi ilə fərqlənmişdir. Deyilənlərə görə, çar tərəfindən yüksək çinə (keçmişdə Rusiya hərbçilərinin xidmət dərəcəsi), beş ordenə və maddi mükafatlara layiq görülübmüş. Çox illər sonra o kişinin adını daşıyan nəticəsi Yusif Sadıqov İkinci Dünya savaşında Hitler faşizmi ilə döyüşlərdə göstərdiyi hünərlərə görə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ad almışdır. Şəhidimiz Elburus Yusifov Yusif Sadıqovun dayısı Əli müəllimin nəvəsidir. Digər dayısı Yunis kişinin nəvəsi Naiq Yusifov isə Birinci Qarabağ müharibəsində şəhadətə çatmış, ölümündən sonra ona Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir. Şəhidimiz Elşad Məmmədov isə Yusif Sadıqovun əmisi qızı Məhbub xanımın nəvəsidir. Elşadın ata tərəf şəcərəsi - Məmmədovlar da mərd və qoçaq kişilər olublar...
Beləcə, nəsillər dəyişir, qəhrəman xalqımızın qanında-canında, genində olan torpaq sevgisi, Vətən təəssübkeşliyi, qeyrət və mərdlik dəyişmir. İndi bu xalqın İlham Əliyev kimi müdrik lideri və yenilməz sərkərdəsi olduğu kimi, Elşad və Elburus kimi torpaq uğrunda canından kəçən və hər an bütün varlığı ilə buna hazır olan minlərlə gənci var. Bu iki xalaoğlunun uyuduğu Ağdam kəndinin Şəhidlər xiyabanını ziyarət etdikcə bir daha düşünürsən: belə igidləri olan xalqın torpağı heç vaxt yağının ola bilməzdi və olmayacaq! Günay və Qönçə də belə düşünürlər. Bunlar iki şəhidimizin dörd oğul əmanət etdyi ömür-gün yoldaşlarıdır. Onlar Elmdar, Şəmsi, Məhəmməd və balaca Elşadı da götürüb buraya tez-tez gəlirlər. Gəlirlər ki, övladları ataları ilə qürur duysun, ürəkli-böyrəkli böyüsünlər. Cəmi şəhidlərimizin yadigarlarını böyüdən gəlinlərimizin amalı belədir. Onlar isə bu qeyrət və sədaqəti ulu nənələrimizdən ərməğan alıblar...
Flora SADIQLI
Azərbaycan.-2021.- 12 mart.- S.6.