Həyatda və ədəbi tənqiddə
sözünü deyən alim
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, dövlət mükafatı laureatı, Əməkdar elm xadimi Yaşar Qarayev ədəbiyyatşünaslıq elmimizin tarixində öz fərqli imzası ilə tanınan görkəmli alimdir. Onun şəxsiyyəti, xidmətləri ədəbi-ictimai mühitə yaxşı məlumdur.
Alim “Faciə və qəhrəman”, “Tənqid: problemlər, portretlər”, “Realizm: sənət və həqiqət”, “Səhnəmiz və müasirlərimiz”, “Ədəbi üfüqlər”, “Poeziya və nəsr”, “Meyar şəxsiyyətdir”, “Tarix yaxından və uzaqdan”, “Min ilin sonu”, “Azərbaycan ədəbiyyatı. XIX və XX yüzillər” kimi dəyərli əsərlərində müxtəlif metodlar, üslublar və janrlar, ədəbi məktəblər və hadisələrlə yanaşı, ədəbiyyat tarixçiliyinin qarşısında duran vəzifələri də tədqiqat obyektinə çevirmiş, hər zaman üçün aktual olan konseptual fikir və mühakimələrini irəli sürmüşdür. Görkəmli alimin rəhbərliyi ilə elmi işlər müdafiə edən yetirmələri, əsərlərindən, konsepsiyalarından faydalanan ədəbiyyatşünaslar və hazırda onun elmi-nəzəri irsindən faydalanan nəsil Yaşar Qarayev məktəbinin layiqli davamçılarıdırlar. Çox sevindiricidir ki, bugünkü və sabahkı gənclik, ümumilikdə öyrənmək istəyən hər kəc üçün indi Yaşar Qarayev məktəbi var.
Axtarışları, tədqiqatları, intellekti, işgüzarlığı, hər yerdə və həmişə yeni tipli müasir ədəbi fikir və tənqid uğrunda prinsipiallığı və mübarizliyi, ən nəhayət, uğurları ilə seçilən alim bütün müsbət keyfiyyətləri özündə cəmləşdirmişdi. Onu tanıyanlar, yaradıcılığına, elmi yeniliklərinə və nailiyyətlərinə bələd olanlar deyirlər: “Nə yaxşı ki, düşüncə tərzimizin, estetik fikrimizin Yaşar Qarayev zirvəsi var”.
“Mənəvi-əxlaqi
mizan və tərəzidə çəki, sınaq,
seçim missiyası ilə həmişə sənət,
elm, ədəbiyyat məşğul olur: dünyanı mənəviyyat
və vicdan hesabatlarına hazırlayır. Ziyalının vətəndaşlıq rolu, cavabdehlik statusu da həmişə
və hər yerdə onun məhz bu missiyanı hansı uğur
və kamilliklə yerinə yetirməsi ilə şərtlənir:
hətta zamanın da, ali
mütləq qanunauyğunluğun da hakimlik və münsiflik missiyasını əslində
ziyalı gerçəkləşdirir”, - deyərək ziyalılığın düsturunu,
alimin missiyasını, cavabdeh
olduğu məsələlərin eskizini dəqiqliklə təqdim edən Yaşar Qarayev cəmiyyətlə
təbiətin ünsiyyətində harmoniyanı, mütənasibliyi,
qarşılıqlı anlaşmanı vacib
sayır, bu ahəngdarlığın
qorunmasında əxlaq anlayışını ən gərəkli
faktor hesab edirdi.
XXI əsrin 20-ci ilində bütün bəşəriyyətin qarşısında aciz qaldığı COVID-19 pandemiyası bir daha göstərdi ki, bugünkü planetar xaosu əslində insan tədricən, təbiətlə yanlış və bəzən də amansız münasibəti ilə özü yaratmışdır, daha dəqiq desək, qaçılmaz etmişdir. Deməli, Yaşar Qarayev “qlobal rifaha”, humanitar kamilliyə, ekologiyaya, kosmosla harmonik ünsiyyətə xidmət etməyən hər hansı ixtiranı, “texnogen atributları” renessansın, sivilizasiyanın əleyhinə hesab edəndə son dərəcə haqlı idi.
“Həqiqi böyük elm həmişə, bütün dövrlərdə və situasiyalarda zamandan və konyukturadan ucada dayana bilir, bir həqiqətə, bir də ilahidən, qüdrətdən hökm-fərman alın yazısına - etnik yaddaşa, genetik koda sədaqətdən yüksək heç nə tanımır. Əsilzadəlik, qədir-qiymət və həqiqət həmişə bir yerdə olur!” deyən Yaşar Qarayev bu söylədiklərini alim və vətəndaş kimi həyatında gercəkləşdirə bilən insanlardan idi.
Onu tanıyanların, haqqında eşidənlərin, maraqlı məruzə və çıxışlarını, mühakimələrini dinləyənlərin yaddaşında, xəyalında bir Yaşar Qarayev obrazı, portreti var. Bu obraza hansı rakursdan nəzər salsaq, işıqlı görünür. Bir məqam sual doğurur, Yaşar Qarayev şəxsiyyətinə, düşüncə və mühakiməsinə, onun məntiqinə, idrakına bu qədər işıq haradan süzülürdü? Bu işığın sirri nədədir? Sualın cavabını elə alimin çıxışlarında, yazılarında, müsahibələrində axtarmağa başladım. Və belə qənaətə gəldim ki, Yaşar Qarayevin idrakı işığı və ziyanı xaliqindən almaqla yanaşı, hər şeydə və hər yerdə, istər elmi düşüncədə, istər münasibətlərin tənzimlənməsində, istər cəmiyyət və həyat hadisələrinə baxışında onun üçün meyar olan əxlaq anlayışından alır və bir də mənəvi dəyərlərə ehtiramından qaynaqlanırdı. Ona görə Yaşar müəllimin göz önündə canlanan portreti bu qədər işıqlı və nurludur. Amma bu işıq zərrələrinin arxasında hələ nə qədər kəşf və fəth olunmamış zirvələr var...
Yaşar Qarayevin əsərlərini oxuyanda insan beyni, düşüncəsi bütünlüklə səfərbərliyə alınır. Çünki alimin çoxqatlı, çoxlaylı fikirlərini, demək istədiklərini bütün tamlığı ilə mənimsəmək istəyən kəs mütləq əqlini var qüvvəsiylə mütaliəyə cəlb etməlidir. Alimin mühakiməsi oxucusunun da düşüncələrini cilalayaraq ona parlaqlıq gətirir. Əslində, Yaşar müəllim çoxumuzun bildiyi faktları deyir. Amma fərqli biçimdə və əsrarəngiz tərzdə. Məsələn, hamımızın Nəsiminin “ənəlhəq”- mən allahdanam, ilahidən təcəllə tapmışam fəlsəfəsindən də, Çarlz Darvinin “insan meymundan yaranıb”- mən meymundanam nəzəriyyəsindən də xəbərimiz var. Amma bu iki nəzəriyyəni Qərbin və Şərqin insana, onun mənşəyinə baxışı müstəvisinə gətirmək, paralellər aparmaq, iki əks qütbün zidd mövqeyi kimi təqdim etmək ancaq Yaşar Qarayevin ağlına gəlirdi: insanın meymun mənşəyini Batıda, insanın Tanrı mənşəyini Doğuda kəşf ediblər. “Mənəm meymun!” - yox, “Mənəm Allah!” imperativini ilk dəfə dünyaya irfan Nəsimi elan edib.
Başqa bir nümunə: Alim Qərbin səmaya, qalaktikaya texniki nəqliyyatla, kosmik gəmi ilə baş tutan səyahətini zəkanın gücü, Şərqin səmayla ünsiyyətini, mənəvi meracını, ilahi vəhdətə qovuşmasını ruhi-mənəvi kamilliyin nəticəsi hesab edir və Qərb zəkası ilə Şərq mənəviyyatı və əxlaqını vəhdətə çağırırdı. İnsanın göylərlə ünsiyyətinin hər iki yolunun birləşməsini, ideal harmoniyanın məhz bununla gerçəkləşə biləcəyini irəli sürürdü. Kökü “ruh”a, “mənəviyyat”a, “əxlaq”a dayanmayan heç bir elmi ixtiranın və kəşfin bəşəriyyəti irəli aparmayacağını düşünən alim həm əxlaqda, həm də zəkada kamilliyə çatmaqla qlobal tamlığın bərpasını mümkün sayırdı.
Hər şeydə, hər bir problemin həllində əxlaq meyarına əsaslanan alim iqtisadi məsələlərin həllinə də əxlaq prizmasından yanaşırdı. İqtisadi strukturda intellektin xüsusi çəkisini artırmağın vacibliyini vurğulayan Yaşar müəllim iqtisadiyyatda əxlaq deyəndə təkcə haram və halallıq anlayışını nəzərdə tutmurdu. Onun üçün bu məfhum daha geniş anlam daşıyırdı. İnsan və təbiət arasındakı halallığı isə bəşəri əxlaqın mayası hesab edirdi.
Zənnimcə, Yaşar Qarayevin əxlaq haqqında konsepsiya xarakterli bu mülahizələri ixtisasından asılı olmayaraq ali təhsil ocaqlarında təhsil almağa başlayan gənclərin elə ilk dərsində tədris olunmalıdır. İqtisadiyyatda əxlaq və halallıq, təbiətə və cəmiyyətə münasibətdə əxlaq və halallıq, tarixi keçmişə münasibətdə əxlaq və halallıq, nəhayət, müasir elmi, texnogen kəşflər və sənaye ixtiralarında əxlaq və halallıq konsepsiyasının öyrənilməsi və tətbiqi sabahın xilası, gələcəyin zəmanəti deməkdir.
Alimin ən ali niyyəti millətin alın kitabını, onun ruhunun, mənəvi yaddaşının tarixini yazmaq idi. Bunun üçün o, düşünürdü ki, torpağın bağrındakı hər hansı bir saxsı parçası da, gil əşya da alimi genetik koda, axtarılan möhürə aparıb çıxara bilər. Amma Yaşar Qarayevin şərti var: “Mənşə ilə vüsala yetmək, əslə, kökə qovuşaraq əcdada ibadət etmək üçün öncədən dəstəmaz alıb “bismillah” edən kəs əvvəl gil, sonra dəri, lap axırda isə daş səhifələri vərəqləməlidir. Yalnız bundan sonra nüfuzlu qalın qamışların leksik və semantik qapılarını açmağa başlamaq olar”. Yəqin razılaşarsınız ki, Yaşar müəllim dəstəmaz almaq deyəndə burada fiziki təmizlikdən çox, mənəvi təmizlənməni, əcdadının bu günə ötürdüyü mesajların axtarışına çıxarkən ibadətə gedirmiş kimi imanla, paklıqla, bir də məhəbbətlə çıxmağı vacib şərt hesab edirdi. Məhz bu zaman, bəlkə də hansısa kurqandan, daşdan başlamış bugünkü ağ kağızlara qədər bütün kitabələrin sirrini, mənəvi yaddaşdakı imzaları açmaq olar.
Qeyd etdik ki, Yaşar müəllim hamıya məlum olan faktları öz düşüncəsinin rəngli və çoxçalarlı, çoxelementli ornamentləriylə nəqşləyib təqdim edirdi və bunu bütün ədəbiyyat və mədəniyyət tarixini, keçmişin dərin qatlarını qələmə alan hər kəsdən tələb edirdi: Elmdə düşüncənin ən azı (!) fakt qədər əhəmiyyəti var. Düşüncəsiz fakt da binasız özül, imarətsiz təməl kimi bir şeydir. Sözdən, informasiyadan tikilən piramidada bünövrə, təməl (daş, kərpic!) işini fakt-sənəd, imarət və saray (memarlıq!) işini isə düşüncə görür. Olsa-olsa təkcə təməl (çılpaq fakt - sənəd, kərpic-daş) işini “yad ələ” etibar etmək olar, memarlıq (konsepsiya!) işini “doğma düşüncə” görməlidir... Zənnimcə, Azərbaycanın düşüncə, estetik fikir tarixini dünyaya təqdim etmək üçün Yaşar Qarayevin əsərlərini, təkcə “Tarix: yaxından və uzaqdan” kitabını müxtəlif dillərə tərcümə edib yaymaq kifayət edərdi.
Dünyada əbədi var olmağın yolunu ilkin bütövlüyün - həm mənəvi, həm coğrafi tamlığın şüurda, düşüncədə və yaddaşda sabit və sağlam qalmasında görən alim fikirləşirdi ki, hətta torpaq və sərhəddəki itkilərdən də qorxulu və ən ağırı yaddaşda baş verən itkilərdir. Ümumiyyətlə, yaddaş məsələsi Yaşar müəllimin elmi nəzəri irsindən ana xətt kimi keçir: tarixin yaddaşı, ədəbiyyatın yaddaşı, dilin, intellektin yaddaşı. Hətta ayrı-ayrı müəlliflərdən bəhs edəndə də onlara yaddaş prizmasından nəzər salırdı. Onun üçün Əli bəy Hüseynzadə kökünə və bütövlüyünə boylanan yaddaş idisə, Mirzə Cəlil ağrının, Cavid Əfəndi romantizmin, Şəhriyar Araz ağrısının, Nəcəf bəy Vəzirov kədərin, Üzeyr bəy gülüşün, Əhməd Cavad poeziyası cümhuriyyət dönəminin qorunduğu yaddaş idi. O, yaxın və uzaq tarixə yaddaşdan, onun ibrət və əxlaq dərslərinə idrakdan boylanırdı. Zaman-zaman ərazi itkilərimizin də səbəbini məhz tarixi yaddaşsızlıqda, milli unutqanlıqda görən alim ürək ağrısı ilə yazırdı: “Daşlar ovula-ovula ölür, qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya, millət isə unuda-unuda!” Məhz yaddaş özülü ilə - tarixlə və keçmişlə birlikdə, hətta ən amansız eksponizmin - çağdaş erməni irqçilyinin də hücumuna duruş gətirmək olardı. Amma mürgü vuran genetik yaddaşın diriliyinə əmin olan Yaşar müəllim alim fəhmilə yazırdı: “Gürcüstanda ana dilinə abidə var. Dinə, peyğəmbərə, İsaya ən böyük heykəli Lissabonda qoyublar. Mədəniyyətə - poeziyaya, musiqiyə, muğama heykəli isə biz qoymalıyıq. Özü də Şuşada! Çünki “külli-Qarabağın abi həyatı” ən çox məhz Şuşada həmişə bayatıdan, həmişə musiqidən və poeziyadan ibarət olub. Əsatir, folklor, dil, etnos, adət-ənənə, bədii təfəkkür və milli özəlliklə məkan, ərazi, torpaq və təbiət arasında qaynaq və qovşaq çox az bölgələrdə burada olduğu qədərdir”. Yaşar müəllim bu fikirləri 1993-cü ildə - Şuşanın işğalından cəmi bir il sonra yazmışdı. Böyük alimin inam və qətiyyətlə söylədiyi bu arzusu 27 il sonra gerçək oldu. Ali Baş Komandan ordusunun yad nəfəsdən azad etdiyi Şuşanı çox keçmədi ki, mədəniyyət paytaxtı elan etdi. Bu coğrafi sərhədlərin bütövlüyünün bərpası ilə yanaşı, həm də ədəbi-mədəni xəritəmizin bərpasının, milli konsepsiyanın qələbəsinin bəyan edilməsi deməkdir.
Nə
yaxşı ki düşüncə tərzimizin, estetik
fikrimizin zirvələrindən olan Yaşar Qarayevin 85 illiyinə
bu qələbənin yaşatdığı qürurla gəldik.
Aygün BAĞIRLI,
AMEA N.Gəncəvi
adına Ədəbiyyat İnstitutunun elmi işlər
üzrə direktor müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Azərbaycan.-2021.- 12 mart.- S.9.