Kəlbəcərdəki “Löh” qalası
Zamanın sərt dönəmlərindən keçib günümüzə qədər yol gələrək, sözün həqiqi mənasında, tariximizə iz salan maddi mədəniyyət nümunələri arasında qalaların öz yeri var. Onların folklor nümunələrində öz əksini tapması heç də təsadüfi deyil. Yadellilərin hücumlarının qarşısının alınmasında bu daş abidələrin əvəzsiz rolu barədə əfsanəyə bənzər kifayət qədər həqiqətləri bugünümüzə çatdıran hekayətlər və rəvayətlər çoxdur.
Qalalar
uzunmüddətli dairəvi müdafiə üçün
hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları
olan strateji əhəmiyyətli məntəqə (şəhər)
deməkdir.
İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində imiş. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və sairə divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında, adətən su ilə doldurulan, dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qülləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9-10 metrə, bəzi hallarda 30 metrə çatırdı.
Ərazisində qalaların çox və əksəriyyətinin də alban dövlətinin yadigarı olmasına görə Kəlbəcər və İsmayıllı rayonları daha çox diqqət çəkib.
Kəlbəcər qalalarını tədqiq edənlərin fikrincə, onlar əsasən karvan yollarının üstündə tikilirmiş. Səbəbi də məlumdur: yollara nəzarət olunsun.
Murovdağ aşırımından sonra Kəlbəcərin “Ayrım dərəsi” adlanan ərazisidir. Tarixin yadigarı olan qalalara burada da rast gəlinir. Qalaboynu kəndi yaxınlığında, meşə massivinin içərisində uzaqdan diqqəti çəkən “Löh” qalasının maraqlı tarixcəsi var. Qalaya giriş bir yerdəndir. Sərt qaya çapılaraq qalaya cığır açılıb. Bir nəfər qayadan tuta-tuta keçib qalaya qalxa bilərdi. Aşağı baxmaq mümkün deyildi: insanın gözü qaralıb yıxılma təhlükəsi çox idi. Buna görə də hər kəs qalaya qalxa bilməzdi.
Ən məşhur qalalardan
sayılan “Löh” qalasının
üstündə, qayadan yonulmuş,
dərinliyi 3-5 metrə çatan quyular var. Bu
quyularda ərzaq, ya da su
saxlanılırmış. Həmin quyuların içərisində
nəhəng palıd ağacları bitmişdir
ki, hər birinin diametri bir metrə
çatırdı. Qalanın Lev
çayı istiqamətində iki
mağarası aşkar olunub.
Bura ən qədim insan
məskənlərindən hesab olunur. Yayda olduqca
sərin, qışda isə isti olan bu mağarada
istənilən ərzaq məhsulunu bir ay saxlamaq mümkündür.
Azərbaycan.-2021.- 12 mart.- S.10.