Qarabağda bərpa-quruculuq
işlərində dost ölkələrin
şirkətləri də çalışacaq
Prezident İlham Əliyev Vətən müharibəsindən sonra müxtəlif tədbirlərdə dəfələrlə bəyan edib ki, işğaldan azad olunmuş ərazilərdə görüləcək bütün işlərdə dost ölkələrin şirkətləri də çalışacaq.
Dövlət başçısı müharibənin artıq başa çatdığına görə əcnəbi investorların Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlarına əmin olduğunu bildirib.
İlk müqavilələr qardaş Türkiyənin şirkətləri ilə imzalanıb. Onlardan bəziləri artıq müxtəlıf layihələrdə yer alıb. Məsələn, yeni Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşasının tərtib olunmuş qrafikə uyğun, qısa müddət ərzində yekunlaşdırılması üçün tikinti işlərinə yerli və xarici şirkətlərin cəlb edilməsi prosesi yekunlaşıb. Şuşa şəhərinə aparan bu avtomobil yolunun layihəsi şərti olaraq beş hissəyə bölünüb. Layihə boyu tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həyata keçirir. Bundan başqa, çətin relyefi olan ərazilərdə avtomobil yollarının inşasında zəngin təcrübəyə malik iki türk və bir yerli tikinti şirkəti də layihəyə cəlb edilib.
Qardaş ölkənin şirkətləri eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da işləyirlər. Ümumiyyətlə, Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdəki fəaliyyəti üçün yeni imkanlar yaranır. Çünki onların inşaatda, infrastruktur işlərində və digər sahələrdə böyük səriştəsi var.
Azərbaycanda fəaliyyət göstərən İtaliya şirkətlərinin də sayı getdikcə artır. İndi onlar ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, erməni vandallarının dağıtdığı şəhər və kəndlərimizin bərpasında da iştirak edəcəklər. Artıq “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında qarşılıqlı əməkdaşlıq sahəsində təchizat müqaviləsi imzalanıb. Videokonfrans formatında imzalanan müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110 kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını məhz İtaliya şirkəti həyata keçirəcək.
Azad olunmuş ərazilərin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin videoformatda görüşü keçirilib.
İtaliya təşkilatları Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində iştirak etməyə dəvət olunub. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Mədəniyyət Nazirliyinin nümayəndələri Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası sahəsində görülən işlər və əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış ediblər. Eləcə də İtaliyanın bir sıra dövlət təşkilatlarını və iş adamlarını təmsil edən assosiasiyaların nümayəndələri fəaliyyətləri və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı ilə bağlı göstərə biləcəkləri xidmətlər barədə ümumi məlumat veriblər. Görüşdə İtaliya Ticarət Agentliyinin, Memarlıq, Mühəndislik və Texniki-İqtisadi Konsaltinq Şirkətləri Assosiasiyasının, Memarlıq, İncəsənət, Restavrasiya və Şəhər Bərpası üzrə Assosiasiyasının, Sənaye və Xidmət Şirkətləri Assosiasiyasının, İxrac-Kredit Agentliyinin, Milli İnşaatçılar Assosiasiyasının və Elektrik Enerjisi Şirkətləri Assosiasiyasının təqdimatları edilib. Bu da əməkdaşlıq istiqamətlərinin geniş olacağı deməkdir.
Qarabağın “yaşıl enerji” zonasına çevrilməsində də xarici şirkətlərin yaxından iştirakı gözlənilir. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında bu barədə demişdir: “Kəlbəcər-Laçın zonasında külək stansiyaları, çünki orada çox güclü küləklər olur, Zəngilan-Cəbrayıl zonasında isə günəş stansiyaları, çünki orada günəş şüalarının il ərzində miqdarı da çox böyükdür və əgər belə demək olarsa, günəş şüalarının keyfiyyəti də buna imkan verir. Beləliklə, bu gün Azərbaycanın müvafiq strukturlarına əcnəbi tərəfdaşlarla bu məsələlər üzərində işləmək tapşırığı verilib. Yəni, bu, çox böyük perspektivə malikdir. Üstəlik, dediyim kimi, biz artıq Qarabağı “yaşıl enerji” zonası elan etmişik və bunun üçün, ilk növbədə, investorları gözləyirik”.
Hazırda “yaşıl enerji” zonasının yaradılması məqsədilə bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı özəl sərmayələrin cəlb edilməsi üçün investorlarla müzakirələr aparılır. Eyni zamanda ənənəvi enerji resurslarından elektrik enerjisi istehsalı sahəsinə də özəl investisiyaların cəlb olunması istiqamətində işlər davam etdirilir. Bu barədə İqtisadiyyat və Energetika nazirlikləri birgə məlumat veriblər.
Mənfur düşmənin dağıtdığı ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə İran şirkətləri də maraqlıdırlar. Belə ki, Xudafərin Su Anbarının birgə istifadəsi müzakirə edilib. Elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılıq əldə olunub. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Onların ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək.
Eləcə də Rusiya və Azərbaycan dost ölkələr olduğuna görə, təbii ki, işlərə Rusiya şirkətləri də cəlb ediləcək.
Prezident İlham Əliyev bu il martın 10-da Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyartonu videoformatda qəbul edərkən bir daha diqqətə çatdırıb ki, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra orada yenidənqurma sahəsində çoxlu imkanlar mövcuddur: “Həmin ərazilər tamamilə viran qoyulub və yəqin ki, siz də həmin videomateriallarla tanışsınız. Oralar darmadağın edilib və biz həmin əraziləri sıfırdan yenidən qurmalıyıq. Söhbət Azərbaycanın böyük bir hissəsi - 10 min kvadratkilometrdən artıq ərazidən gedir və biz bu işi tərəfdaşlarımızla əməkdaşlıq şəraitində icra etmək istəyirik. Mən artıq bir neçə dəfə bunu ictimai şəkildə bəyan etmişəm ki, biz dost ölkələrdən olan şirkətləri əməkdaşlığa dəvət edəcəyik. Macarıstan Azərbaycanın ən yaxın dostlarındandır. Əminəm ki, Macarıstan şirkətlərinin də azad edilmiş ərazilərdə bizimlə birlikdə çalışmaqla bağlı çoxlu imkanları olacaq”.
Nazir Peter Siyarto Macarıstanın Azərbaycanla bağlı mövqeyinin həmişə müsbət olduğunu və bunu gizlətmədiyini bildirmiş, hər zaman həqiqəti söyləyəcəyini, münasibətini açıq ifadə edəcəyini çatdırmışdır.
Beləliklə, dostluq davam edirsə, əməkdaşlıq və tərəfdaşlıq da inkişaf edəcək. İşğaldan azad etdiyi böyük ərazini yenidən qurarkən etibarlı, sınanmış dostları Azərbaycanın yanında olacaq.
Flora SADIQLI
Azərbaycan.-2021.- 13 mart.- S.1;5.